10 noyabrda imzalanan üçtərəfli sazişlə müharibə dayandırılsa da, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini hər gün nümayiş etdirir. Bura xüsusilə, Ermənistan ordusunun Qarabağdan çıxarılması, habelə Zəngəzur dəhlizinin açılması məsələsi daxildir.
Öz öhdəliklərini yerinə yetrirməyən Ermənistan əvəzində, müharibədən sonra Azərbaycan Ordusunun ələ keçirdiyi diversantların “hərbi əsir” kimi geri qaytarılmasını tələb edir. İş o həddə çatıb ki, artıq Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradov Ermənistan hökumətini yalan danışmaqda, təxribatda ittiham edib. “AzPolitika.info” bölgəmizdə və ümumilikdə MDB məkanında baş verən prosesləri politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib:
- Zərdüşt bəy, 10 noyabr razılaşmasından sonra Hadrut istiqamətində ələ keçirilən erməni diversiya qrupuyla bağlı gərginlik davam edir. Rusiyanın bu məsələdə vasitəçiliyi də heç bir nəticə vermir və görünən budur ki, Azərbaycan dövlətinin məsələyə dair mövqeyi qətidir. İş o həddə çatıb ki, sülhməramlıların komandanı Rüstəm Muradov da bu məsələylə bağlı davranışlarına görə erməni hökumətini ittiham edib. Bu baş verənləri necə xarakterizə edərdiniz və hansı həll variantlarını görürsünüz?
- Azərbaycan tərəfinin mövqeyi anlaşılandır. Bakı üçtərəfli bəyanat imzalananda ona nail olmuşdu ki, Ermənistan Qarabağdan ordusunu çıxarması öhdəliyini öz üzərinə götürsün. Lakin Ermənistan nəinki oradan ordusunu çıxarmadı, əksinə, yenidən Qarabağa silahlı dəstələr, çağırışçılar göndərdi. Bizimkilər də onları ələ keçirərək, tərkisilah etdilər. Bakı deyir ki, siz nə zaman gəlmisiniz? 10 noyabr sazişindən sonra. Ermənistana deyilir ki, öhdəlik götürdüyün halda niyə başqa dövlətin ərazisinə ordu göndərirsən? Əlavə edir ki, müharibə gedəndə biz hərbi əsir götürmüşdük və onları qaytardıq. Amma bu, artıq diversiya qrupudur, onlar Azərbaycan ərazisinə keçdikdən sonra adam öldürüblər. Odur ki, bunlar terrorçudurlar və bu şəkildə də mühakimə ediləcəklər.
Nikol Paşinyan erməni cəmiyyətinə deyə bilmir ki, mən səhv etmişəm. Həm də ona görə etmişəm ki, milli radikallardan çəkinirəm, ehtiyat edirəm. Əgər bunu etməsəydim, məni ittiham edəcəkdilər ki, sən “Artsax”dan əl çəkmisən. Bir sözlə, baş verənlər daxili siyasi mübarizə mövzusuna çevrilib. Ermənistanda bir qrup çalışır ki, hakimiyyətə qayıtsın və erməni xalqını yenə soysun. Köçəryan, Sarqsyan və digər əbləhlər bu haqda düşünür və diversantlar məsələsindən Paşinyana qarşı istifadə edirlər. Paşinyan isə istərdi ki, üçtərəfli sazişi yerinə yetirsin, heç Azərbaycan ərazilərinə də ordu göndərməsin.
Amma çəkinir. Ehtimal edirəm ki, Paşinyan seçkiləri uda bilsə, iyunun 20-dən sonra daha qətiyyətli olacaq. Deyəcək ki, xalq mənə etimad göstərdi, üçtərəfli sazişi yerinə yetirirəm. Bu zaman Qarabağdakı ordunu da çıxarmağa başlayacaq. Bizimkilər də bundan sonra həmin diversantları azad edəcək. Başqa sözlə, hər iki tərəfin mövqeyinin məntiqi var. Bizim məntiqimiz odur ki, erməni qoşunu bizim ərazilərimizdə olmasın.
- Sizcə, general Rüstəm Muradovun erməni hökumətini təxribatçı və yalançı adlandırması nədən xəbər verir?
- Görünən budur ki, ermənilər “əsirlər” mövzusunda Muradovu əsəbləşdiriblər. O da bu səbəbdən fikrini sərt şəkildə çatdırıb. Buna baxmayaraq, erməni hökumətinin heç cınqırı da çıxmayacaq. Muradova nə deyə bilərlər? Hazırda tam olaraq Rusiyanın əlinin altındadırlar, ondan asılıdırlar.
- Ötən həftə biz həm Robert Köçəryanın, həm də Nikol Paşinyanın Moskva səfərini izlədik. Vladimir Putin Köçəryanla 1 saat, Paşinyanla 3,5 saat müzakirələr aparıb. Sizcə, bu səfərlərin məqsədi nə idi və Moskvada kim nəyə nail ola bildi?
- Kimin nəyə nail olduğunu məncə, 20 iyun seçkiləri göstərəcək. Mən əminəm ki, Paşinyan hakimiyyətdə qalacaq. Köçəryan camaatı boğaza yığmış biridir, ona səs verən yoxdur. Düzdür, pulu, tərəfdarları və silahlı dəstəsi, əlaqələri var. Amma sadə xalq onu istəmir.
1996-cı ildə Boris Yeltsin 6 faiz reytinqlə gəlib prezident seçkilərini uddu. Köçəryan bu möcüzəni təkrar etmək istəyir, amma alınmayacaq. Vladimir Putinin Ermənistanda kimin hakimiyyətdə olması vecinə də deyil.
İstər Paşinyan, istərsə də digəri olsun, fərq etmir. Çünki Ermənistan boğazında kəndir və əlində qandal Rusiyanın qarşısında diz çöküb. Rusiya üçün Ermənistanda hakimiyyətdə kimin olmasının fərqi yoxdur. Çünki Ermənistanın Rusiyadan savayı seçim imkanı da yoxdur.
- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, deputat Tural Gəncəliyevin Xankəndində ofis açacağı haqda fikirləri ciddi müzakirələr yaratdı. İndiki şəraitdə bu nə dərəcədə mümkün görünür?
- Mən bunu zarafat kimi qiymətləndirirəm. Yox, nə vaxtsa bunlar olacaq. Buna şübhə yoxdur. Amma bu, sabah və ya bir aydan sonra olmayacaq. Mən əminəm ki, tədricən, şərait yetişəndən, bizim azərbaycanlı köçkünlər 7 rayona qayıdandan, həmin rayonları bərpa etdikdən, Qarabağ erməniləri ilə aramızda tədricən etimad yarandıqdan və əlaqələr başlayandan, bir sözlə, biz ayağımızı Qarabağ torpağına möhkəm qoyandan sonra deyəcəyik ki, Dağlıq Qarabağın şəhərlərindən, kəndlərindən, Xankəndindən çıxan azərbaycanlılar geri qayıtmalıdır. Onda deyəcəklər ki, olmaz? Yox! Ya normal vətəndaş kimi yaşayacaqlar, ya da çıxıb ərazilərimizdən getməli olacaqlar.
- Daha bir məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Bakı bir neçə dəfə bildirib ki, İrəvan bu dəhlizin açılmasında maraqlı görünmür, hətta buna maneə yaradır. Baxmayaraq ki, üçtərəfli sazişdə həmin dəhlizin açılması nəzərdə tutulub...
- Ona görə mane olmağa çalışırlar ki, qarşıdan parlament seçkiləri gəlir. Paşinyan indi açıq desə ki, Mehridən dəmiryolunun açılması üçün dəhliz verirəm, ona qarşı elə hücum başlayacaq ki, gəl, görəsən. Bu onun nəyinə lazımdır? Əgər Paşinyan seçkidən sonra hakimiyyətdə qalsa, bu layihə reallaşacaq.
Fərz edək ki, Paşinyan uduzdu və getdi. Yerinə Köçəryan gəldi. Bu halda da Rusiya ona deyəcək ki, zəhmət çək imza at. O da imzasını atacaq. Çünki belə bir dəhliz Rusiyaya da lazımdır. Çinə, Türkiyəyə, Yaxın Şərqə çıxmaq üçün. Hələlik məncə bu prosesdə tələsmək lazım deyil. Siyasi, iqtisadi məsələləri həll edəndə müzakirələr gedir, razılaşmalar olur və s. Əminəm ki, Zəngəzurda dəmir yolu çəkiləcək, dəhliz açılacaq. Yanında avtomobil yolu da olacaq. Türkiyə ilə Naxçıvan üzərindən də dəmiryolu açılacaq. İndi faktiki Qars-Tiflis-Bakı dəmiryolu var. Naxçıvan yolu da olacaq. Bu, Ermənistana da xeyirdir. Sadəcə olaraq, onların xəstə təfəkkürdən xilas olmaları üçün zamana ehtiyacları var.
- Ermənistan parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Andranik Köçəryan bəyan edib ki, Ermənistan Türkiyə ilə danışıqlara başlamalıdır, yoxsa bunu ermənilərin əvəzinə başqası edəcək. Komitə sədri “başqası” deyərkən kimi nəzərdə tutur və bunları söyləməkdə məqsədi nədir?
- O, erməni cəmiyyətinə anlatmaq istəyir ki, Türkiyə ilə özümüz danışmalıyıq. Yoxsa, Rusiya özü bizim yerimizə Türkiyə ilə danışıqlar aparacaq və şərtləri müəyyənləşdirib uşaq kimi qarşımıza qoyaraq deyəcək ki, riayət edin. Tamamilə doğru mövqedir. Ermənilər indiyə qədər xülyalarla yaşayırdı, ruslar da bundan istifadə edərək onlardan alət kimi yararlanırdı. 44 günlük müharibədən sonra Ermənistan məğlub oldu, onun ümidləri puça çıxdı. Bu nöqtədə onlar nəticə çıxarmalıdırlar ki, millət və dövlət kimi qalmaq istəyirlərsə, yaxın qonşuları ilə qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibət qursunlar. Başqa çıxış yolu yoxdur. Qonşuları arasında da ən güclüsü, nüfuzlusu və yaxını Türkiyədir.
Diqqət edin, Azərbaycan 200 ilə yaxın müddətdə Rusiyanın tərkibində olub. Ermənilər isə 500 il Osmanlı Xilafətinin tərkibində yaşayıblar. Özü də bəy balası kimi yaşayıblar. 500 ilin üstündən xətt çəkdilər və gedib ruslara satıldılar. Əvəzində də cəzalarını aldılar. İndi ağıllarını başlarını yığıb Türkiyəni tanısınlar, ortaya ədalətli mövqe qoysunlar, nifrət bəsləməsinlər. Belədə, onların özləri üçün də yaxşı olacaq. Baxsınlar görsünlər Türkiyədəki ermənilər necə yaşayırlar.
- Zərdüşt bəy, söhbət Rusiyadan düşmüşkən, indi Rusiya Ukrayna ilə müharibə vəziyyətindədir. Moldovada faktiki anti-Rusiya qüvvələri hakimiyyətə gəlib. Gürcüstanla münasibətlərin hansı vəziyyətdə olduğu məlumdur. Artıq Ermənistanda da anti-Rusiya ab-havası var. Sizcə, Rusiya ətrafında nə baş verir, bütün bunlar düşünülmüş planın təzahürüdür, yoxsa təsadüfən belə bir vəziyyət yaranıb?
- Bunun günahı Rusiyanın özündədir. Rusiya hakim zümrəsi anti-rus ünsürlərdən ibarətdir. Onlar Rusiyanı qarət edirlər və rus dövlətinin, xalqının inkişafı haqqında düşünmürlər. Bu işin başında da Putin durub. Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar, Rusiyanı xilas edəcəklərini deyirlər və s. Üstəlik, xalqdan və dövlətdən oğurladıqlarını da Qərbə göndərirlər, ailələri, yaxınları da oradadır. Belə bir dövlət qonşuları üçün nümunə ola bilməz. Nümunə olmadığı üçün də bu xalqlar Rusiyaya bənzəmək, onunla birlikdə olmaq istəmirlər. Əksinə, Rusiyadan uzaqlaşmağa çalışırlar. Rusiya da bunu qəbul etmək istəmir. Bu səbəbdən də ciddi ziddiyyətlər meydana gəlib. Amma Rusiyanın da köhnə imperiya üsulları ilə idarə etmək imkanları sonsuz deyil. Bu imkanlar tədricən tükənir. Odur ki, Rusiya qonşu ölkələrlə münasibətlərində qarşıdurmaya gedir. Ən parlaq misal da Rusiyanın Ukrayna ilə indiki münasibətləridir.
- Bəs, bu prosesdə Qərbin hansısa formada “barmağı” yoxdurmu?
- Əlbəttə ki, var. Siz düşməninizin büdrədiyini görsəniz onu itələməzsiniz? Qərb bu vəziyyətdən istifadə edir.
- Belə fikirlər səsləndirilir ki, Moskva Ukraynanı itirsə, bütövlükdə MDB-ni itirəcək...
- Müharibə olmayacaq. Rusiyaya müharibə lazım deyil, çünki Ukraynada müharibəyə girişsə daha ağır itkilərə məruz qalacaq. Rusiya sadəcə, gərginliyi artırır, qarşı tərəfi hədələyir. Orada Rusiyanın 30 minə qədər qoşunu var. Bir az da Cənub Hərbi Dairəsinin ordusu var. Bunlar hamısı təzyiq vasitəsidir, rusların müharibə aparmaq fikri yoxdur.
- Bəs, Moskva nə istəyir?
- Nə istədiyini açıq şəkildə deyib. Ukraynaya deyib ki, sən NATO-nun üzvü olmayacaqsan, əgər olsan, səni məhv edəcəyəm. NATO da Ukraynaya deyir ki, səni üzvlüyə qəbul etməyəcəyəm. Amma Kiyev NATO-ya deyir ki, “sən məni sevməsən də, mən səni sevəcəyəm”. Ukrayna NATO-ya daxil olsa, bu zaman gətirib oraya elə raketlər qoyacaqlar ki, onlarla 2-3 dəqiqəyə Moskvanı vurmaq olacaq. Bu halda Rusiyanın 100 milyardlarla rubl xərcləyib qurduğu anti-raket sistemlərinin dəyəri olacaq bir qəpik.
Ukrayna təhlükəsizliyini təmin etmək istəyirsə Rusiya ilə də normal əlaqə qurmalı, onun da maraqlarını nəzərə almalıdır. “NATO-ya gedirəm” deyən kimi Krımı itirdi, Donbasda münaqişə yarandı, düşmən doldu bu ərazilərinə, Rusiya bazarını itirdi, sənaysi, elmi dağıldı, xalqı zəif düşdü. Əgər istəyirsənsə, belə də davam et...
- Siz də sanki Rusiyanın mövqeyindən çıxış edirsiniz, Ukrayna müstəqil dövlətdirsə addımlarını niyə Rusiya ilə razılaşdırmalı, əlaqələndirməlidir?
- Yox, əvvəla müstəqillik mütləq məvhum deyil. Hətta ABŞ belə Çindən, Avropadan, müttəfiqlərindən asılıdır. Mütləq mənada müstəqillik yoxdur. Sən real siyasət həyata keçirirsənsə, bu, maraqların uzlaşması formasında baş verməlidir. Məsələn, Ukrayna - əgər sən istəyirsənsə ki, öz təhlükəsizliyini təmin edəsən, bu zaman Rusiyanın da təhlükəsizliyini nəzərə almalısan. Misal üçün Ermənistan bağırırdı ki, biz o əraziləri təhlükəsizliyimizi təmin etmək üçün tutmuşuq. Başlarına qapaz vurub həmin əraziləri geri aldıq. Çünki Ermənistanın mücərrəd təhlükəsizliyi yoxdur. Ermənistanın təhükəsizliyi dedikdə mütləq Azərbaycanın da təhlükəsizliyi nəzərə alınmalıdır. O cümlədən də Ukraynanın təhlükəsizliyi deyəndə Rusiyanın da təhlükəsizliyini nəzərə almalıdırlar. Bilirsinizmi, bunlar əslində siyasətin əlifbasıdır. Pisi odur ki, bundan başı çıxmayan adamlar siyasətlə məşğuldurlar.
Rasim Əliyev
“AzPolitika.info”
© 2020 - Created by İLK XEBER.