İnstitut rəhbəri: “Ukraynadakı hadisələrin səbəbkarı ABŞ-dır”


“Bir dövlətin başqa bir dövləti öz nəzarətinə keçirməsinin müxtəlif yolları var. Bunlardan biri hərb yoludur ki, buna işğalçılıq deyirlər. Digəri rəngli inqilablar edərək özlərinə münasib siyasi qüvvəni hakimiyyətə gətirib həmin dövləti “klonlaşdırmaqdır”. Fərq etməz, istər hərbi yolu ilə, istərsə də, inqilab yolu ilə olsun, nəticə eynidir - dövləti öz maraqlarına uyğun istismar etmək!

ABŞ Ukraynanı “klonlaşdırıb” Rusiya əleyhinə istifadə etməkdədir. Rusiya da bunu qəbul etmir, ABŞ-ın əməllərinə adekvat olaraq əks tədbirlər görür və milli təhlükəsizliyini qorumaq üçün bütün vasitələri məqbul sayır. Yəni Ukraynada baş verən xoşagəlməz hadisələrin, ərazi itkilərinin, vətəndaş müharibəsinin səbəbkarı ABŞ-dır”.


Bu sözləri İlkxeber.org-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev hər ötən gün daha da gərginləşən Ukrayna-Rusiya münasibətlərindən danışarkən deyib.

Siyasi şərhçinin iddiasına görə, ABŞ vaxtilə Ukraynada dövlət çevrilişi edərək xalqın iradəsini zorlayıb, Yanukoviçi hakimiyyətdən uzaqlaşdırıb və öz maraqlarına münasib qüvvəni hakimiyyətə gətirməklə dövlətin bütün strukturlarını “klonlaşdırıb”.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynanı NATO-ya inteqrasiya siyasəti Rusiya üçün qəbuledilməzdir:

“Tarixi bir faktı yada salmaq yerinə düşərdi. 3 Dekabr 1989-cu ildə Maltada Buş və Qorbaçovun görüşü ilə “Soyuq müharibə”nin sona çatdığı bildirildi. 1990-cı ildə SSRİ, AFR və ABŞ arasında aparılan danışıqlar zamanı Almaniyanın birləşdirilməsi ilə bağlı razılıq əldə olundu. SSRİ bunun əvəzində NATO-nun Şərqi Avropaya doğru genişlənməməsi ilə bağlı öhdəlik istədi. 1990-cı ilin yanvar ayında AFR-in Xarici işlər naziri Hans Ditrix Genşer belə bir açıqlama verdi: “Varşava Birliyi ölkələrində necə olmasına baxmayaraq NATO Şərqə doğru - Sovet İttifaqının sərhədlərinə yaxın genişləndirilməyəcək. Amma 9 il keçməmiş - 1999-cu ildə Polşa, Çexiya və Macarıstanın NATO-ya daxil olması ilə Şərqə doğru genişlənmə başladı. Bu, 1990-cı ildə verilən vədin pozulması idi. Rusiya da SSRİ-nin varisi kimi məlum razılaşmaya əməl olunmasını tələb edir. ABŞ isə öz hökmranlığını diktə etməkdədir. Rusiya da NATO-nun Şərqə doğru genişlənməsini qəbul etmək istəmir.

2004-cü ildə NATO-nun Şərqə doğru genişlənməsi başladı. Litva, Latviya, Estoniya, Rumıniya, Bolqarıstan, Slovakiya və Sloveniyanın NATO-ya daxil olması ilə ABŞ-la Rusiya arasında münasibətlər daha da gərginləşdi. 2008-ci ildə Buxarestdə keçiriləcək NATO toplantısından təxminən iki ay əvvəl Rusiya Xarici işlər naziri Lavrov ABŞ səfiri Bernsə genişlənmə kursunun davam edəcəyi təqdirdə Ukraynanın bölünməsinə, zorakılığa və bəlkə də vətəndaş müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq etdi. Rusiyanın xəbərdarlığına baxmayaraq ABŞ bu istiqamətdə öz siyasətini davam etdirdi və nəticə göz qabağındadır”.

Ağ evin mətbuat katibi Cen Psaki bildirib ki, Ukraynanın NATO üzvlüyünə qəbulu ilə bağlı qərarı alyans verməlidir. Alyansın toplantısı isə bu ilin yay aylarında olacaq. İnstitut rəhbəri bildirir ki, bununla Ukraynanın başı üzərini yenidən qara buludlar almaqdadır: “ABŞ NATO-nun Şərqə doğru üçüncü dalğasında Ukrayna, Gürcüstan və Ermənistanın alyansa daxil olmasına çalışır. Rusiya bu genişlənməni özünün milli təhlükəsizliyinə təhdid saydığı üçün adekvat tədbirlər görməyə çalışır”.