Azərbaycan və Türkiyənin müdafiə nazirləri - Zakir Həsənov və Hulusi Akar videoformatda görüş keçiriblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, türkiyəli nazir iki ölkənin tarixi və mədəni baxımından bir-birinə bağlı olduğunu, keçmişdə olduğu kimi bu gün də bir-birinin yanında olduğunu bildirib.
Azərbaycan Ordusunun 44 günlük Qarabağ zəfərinə toxunan H.Akar “Bir millət, iki dövlət” prinsipinə Qarabağın azad olunmasında da sadiq qalındığını, bunu bütün dünyanı gördüyünü vurğulayıb: “Türkün yumruğu erməninin başına endirildi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları, çox şükür ki, sona çatdı. Buradakı qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”.
O, qazanılmış qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edərək deyib ki, Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “Yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb.
Hulusi Akar bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyat ən qısa zamanda normallaşmalıdır. Bunun üçün bölgənin təhlükəsizliyi vacibdir.
“Qarabağın minalardan təmizlənməsi üçün əməkdaşlarımızı ora göndərdik, hazırda onlar işləyirlər. Azərbaycanlı qardaşlarımız da bu işi öyrəniblər və bizə dəstək verirlər. İnşallah ən qısa zamanda oralarda təmizləmə işlərini başa çatdırıb həyatın normallaşmasına töhvə verəcəyik. Ölkəmiz, xalqımız və torpağımızın xarici təhdidlərə və təhlükələrə qarşı qorunması bizim üçün çox önəmlidir. Bu mövzuda həmişə hazır olmalıyıq. Türkiyənin Azərbaycanın haqqını və mənafeyini qorumaqda qərarlı olduğunu hər kəsin bilməsi lazımdır”, - qardaş ölkənin müdafiə naziri deyib.