"Ermənilərin Şuşa şəhərinə dağıdıcı gücə malik “İsgəndər-M” raketi atmasının artıq bir fakt kimi təsbit olunması Ermənistanın insanlıq əleyhinə müharibə cinayətlərini törətməsini bir daha sübut edir. Atılan raketin Rusiya silahlı qüvvələrinin balansında olması Rusiyanı da bu cinayətə şərik edir". Bu fikirlər Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə məxsusdur.
Partiya sədrinin fikrincə, Rusiya Ermənistanla birlikdə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Federal Təhlukəsizlik Xidmətinin Rusiyaya məxsus raketin Ermənistanın əlinə necə düşməsi barədə istintaqa başlaması heç nəyi dəyişmir. Əvvəllər Rusiya tərəfindən Ermənistana silah-sursat verilməsi barədə bir neçə dəfə nəticəsiz belə araşdırmalar aparılıb. İndiki araşdırma da əvvəlkilər kimi heç nə ilə fərqlənməyəcək.
Q.Əlibəylinin fikrincə, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətlərin araşdırılması üçün beynəlxalq tribunalın yaradılması məsələsinin beynəlxalq təşkilatlar qarşısında rəsmən qaldırılması üçün hərəkətə keçmək lazımdır. Bunun üçün Azərbaycan bir dövlət kimi BMT TŞ-a rəsmən mürüciət etməlidir.
"Həmçinin, raket məsələsində Rusiyanın da məsuliyyətinin olduğunu nəzərə alaraq 10 noyabr Bəyanatınınn havada qalan bəndlərinin həyata keçirilməsinə nail olmaq istiqamətində Rusiya ilə razılaşmaya getmək mümkündür. Ermənistan silahlı qüvvələri, erməni silahlı birləşmələri son nəfərinədək Azərbaycan ərazisindən çıxarılması, Xankəndi və işğal altında qalan digər ərazilərimizdə Azərbaycanın suverenliyinin bərpası, Naxçıvan dəhlizinin açılması, minalanmış ərazilərimizin xəritələrinin Ermənistandan alınması və Bəyanatdan irəli gələn digər məsələlərin tezliklə həll olunması Rusiyadan rəsmən tələb edilməlidir"-deyə partiya sədri bildirib.