Siyasət başqa, ticarət başqa – Kosıgin “Pepsi” şirkətinin prezidenti ilə anlaşıb, dövlətə milyonlar qazandırıb

Diplomatik əlaqələrlə yanaşı, dövlətlər arasında ən vacib məsələlərdən biri də ticarət münasibətləridir. İstehsal etdiyi məhsulu dünya bazarına çıxarmaq, xarici ölkələrə ixrac etmək hər bir dövlətin marağındadır. Hətta bəzən əks qütblərdə olan, diplomatik münasibətləri heç də ürəkaçan olmayan ölkələr də ticarət əlaqələrinin qurulması üçün ortaq məxrəcə gəlməyə cəhd edirlər. 1950-ci illərdə ABŞ-la SSRİ arasında olduğu kimi.

Xüsusilə II dünya müharibəsindən sonrakı dövrdə ABŞ şirkətləri öz məhsullarının SSRİ-də satışını təşkil etmək üçün bütün mümkün variantlara əl atıblar. Həmin şirkətlərdən biri də “The Pepsi Cola Company” şirkəti olub. Şirkətin prezidenti Donald Kendal SSRİ-də əhalinin sayını, alıcılıq qabiliyyətini təhlil edərək qənaətə gəlib ki, Moskvadan satış lisenziyasını ala bilsə, biznesində böyük uğur əldə edəcək.

Planlarını həyata keçirmək üçün Kendal fərqli bir üsul seçib. Belə ki, 1959-cu ildə Riçard Niksonun SSRİ-yə səfəri zamanı Sokolnikidə sərgidə iştirakı da nəzərdə tutulub. Kendal Niksondan xahiş edib ki, o, sərgi zamanı Xruşova pepsi-kola içməyi təklif etsin. Nikson Kendalın təşəbbüsünü bəyənib, hətta bu təklifə görə onu alqışlayıb.

загружено.jpg (72 KB)

Beləliklə, rəsmilər sərgidəki ABŞ pavilyonunda olanda Nikson Xruşova pepsi-kola içkisi haqqında məlumat verib. Onu da vurğulayıb ki, masanın üstündə həm Amerikadan gətirilmiş pepsi, həm də içkinin Amerikadan gətirilmiş konsentratları ilə Moskvada hazırlanmış variantı var. Kendal prezidentlərin söhbətinə müdaxilə edərək bildirib ki, konsentratları Moskvaya gətirməklə içkini SSRİ-də də hazırlamaq mümkündür.

Xruşov amerikalıların təklifini yerə salmayıb. Həm Amerikadan gətirilmiş, həm də Moskvada hazırlanmış pepsinin dadına baxıb. Sovet lideri pepsiyə olan “münasibətinə” bir az da siyasət qatıb:

- Moskvada hazırlanmış pepsi-kola Nyu-Yorkda hazırlanmış pepsi-koladan daha yaxşıdır. Bizim hazırladığımız “Buratino” limonadları bu qara içkidən daha yaxşıdır.
Bu cavabdan sonra Kendal anlayıb ki, SSRİ-nin qapıları onun şirkətinin məhsullarına bağlı olacaq. Amma buna baxmayaraq, Kendal ruhdan düşməyib, variantlar axtarıb.

20121116-114556-790.jpg (103 KB)

Bir məqamı da xatırladaq ki, Xruşovun pepsi içdiyi zaman çəkilən fotosu dünya ictimaiyyətində böyük maraqla qarşılanıb. Aparıcı kütləvi informasiya vasitələrində bu foto kütləvi çəkildə tirajlanıb. Sovet liderinin Amerika içkisini həvəslə içməsinə siyasi don geyindirənlər də az olmayıb. Digər tərəfdən, bu foro pepsi şirkətinin ən uğurlu reklamlarından birinə çevrilib.

Kendal növbəti dəfə Moskvaya gələndə ABŞ-ın SSRİ-dəki səfiri Tommi Tompsonla görüşüb. Görüşdə pepsi-kola məsələsi müzakirə olunub. Səfir şirkət prezidentinə bildirib ki, Kreml nağd vəsaitlə ticarətə getməyəcək, yalnız barter haqqında düşünmək lazımdır. Onu da qeyd edib ki, pepsi-kola ilə rus arağını barter etmək ən yaxşı variantlardan biri olar.

1e0aa0510e35c7bfc1379f49e597dca3.jpg (64 KB)

1970-ci ildə ABŞ səfirliyi Kendalla SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin görüşünü təşkil edib. Kendal Kosıginə barter təklifi verib. Kosıgin təklifi maraqla qarşılayıb, amma düşünmək üçün Kendaldan bir neçə gün zaman istəyib.

screenshot_5.png (335 KB)

Zaman yetişib, Kosıgin Kendalı şam yeməyinə dəvət edib, masa arxasına keçməzdən əvvəl o, şirkət prezidentinin əlini sıxaraq barter təklifinə razılığını bildirib:

- Biz sizinlə ticarət əlaqələri qurmağa razıyıq. Sizin pepsi-kola, bizim “Stoliçnaya” arağı. 1 litr arağa 1 litr pepsi-kola.
Təbii ki, Kosıgin bu razılıqdan əvvəl dəfələrlə hesablamalar aparıb, barterin hansı nisbətlərdə aparılmasını götür-qoy edib, ən sərfəli variantı düşünüb.

Screenshot_11-1.jpg (129 KB)

 Aleksey Kosıgin öz hesablamalarında yanılmayıb. Belə ki, 1972-1981-ci illərdə Amerikaya 1.9 milyon dekalitr “Stoliçnaya” arağı göndərilib, əvəzində pepsi alınıb. Pepsi-kolanın satışından SSRİ 303 milyon rubl əldə edib. Əgər həmin dövr ərzində Amerikaya göndərilən araqlar SSRİ-də satılsaydı, 164 milyon rubl qazanc olacaqdı. Məhz Kosıginin ağlı sayəsində bu barter SSRİ-yə 139 milyon rubl (303-164=139) gəlir gətirib.

Qeyd edək ki, 1974-cü ilə qədər SSRİ-də satılan pepsi-kola Amerikadan gətirilib. Həmin il Novorossiysk şəhərində pepsi-kolanın ilk zavodu açılıb. Daha sonra Moskvada, Leninqradda, Kiyevdə, Daşkənddə də pepsi zavodları açılıb. Amma içkinin reserti sovet texnoloqlarına verilməyib. Zavodlara konsentratlar hazır şəkildə ABŞ-dan gətirilib.

screenshot_3.png (381 KB)


Zavodların bir neçəsinin açılışında Leonid İliç Brejnev də iştirak edib. Onun Kosıginə qarşı münasibəti soyuq olsa da, baş katib baş nazirin populyarlığına qısqanclıqla yanaşsa da bu məsələdə Brejnev Kosıginin fəaliyyətini yüksək qiymətləndirib.

Mövcud dövrdə bu gündən fərqli olaraq pepsi-kolanın ərzaq mağazalarında, xüsusi köşklərdə peyda olması sovet vətəndaşları üçün az qala möcüzəyə çevrilib. Dövrün statistik göstəricilərinə görə pepsi qazlı və sərinləşdirici içkilər arasında satışına görə liderlik edib.