Dünyada elə bir insan tapılmaz ki, onun dostu, rəfiqi olmasın. Sıravi insanlar kimi dövlət başçıları, siyasi liderlər də dostluq münasibətlərindən məhrum deyillər. Siyasi birincilər xüsusilə uşaqlıq dostlarına daha həssaslıqla yanaşıblar. Çörçill hakimiyyətdə olanda suvaqçı işləyən uşaqlıq dostu ilə viski içməkdən, Ruzvelt sıravi kitabxanaçı işləyən uşaqlıq dostu ilə birlikdə teatr tamaşasına baxmaqdan heç vaxt yayınmayıb, imtina etməyib. Belə misalları çox çəkmək olar. Elə Stalin də uşaqlıqda həyətdə oynadığı sadə gürcü kəndlisinə Kremldə şərab süzüb.
Faşist xislətli olmasına baxmayaraq, Adolf Hitler dostluğa böyük dəyər verib. Onun yeganə uşaqlıq dostu isə Avqust Kubiçek olub.
Hitler 13 yaşında olanda Lints şəhərində məktəbdə təhsil aldığı vaxtlarda Kubiçeklə dostluq edib. Yeniyetmələr sonra təhsillərini davam etdirmək üçün Vyanaya gediblər. Vyanada olduqları müddətdə onlar birotqalı mənzil kirayə edərək bir yerdə yaşayıblar.
Avqust Kubıçek 1888-ci ildə Lints şəhərində anadan olub. Uşaqlıqdan valideynləri onu biznes fəaliyyətinə cəlb etmək istəsələr də, Kubıçek musiqiçi olacağına qərar verib və valideynlərinin istəyini həyata keçirməyib. Elə Hitlerlə aralarında yaranan münasibət də incəsənətə olan böyük maraqlarından irəli gəlib. Hitler rəssam, Kubıçek bəstəkar olmaq arzusu ilə Vyanaya yollanıblar.
Avqust Kubıçek qəbul müsabiqəsindən uğurla çıxaraq konservatoriyaya qəbul olunub. Hitlerin isə bəxti gətirməyib. Rəssamlıq akademiyası onu geri qaytarıb. Sonralar həmin ərəfəni Kubıçek belə xatırlayıb:
“Hitlerin akademiyaya qəbul olunmaması ona hədsiz dərəcədə pis təsir etmişdi. Əslində mən də bunu ədalətsiz qərar sayırdım. Çünki Hitler rəssamlıq sahəsində kifayət qədər istedadlı idi. Bu hadisə Hitlerə nə qədər pis təsir etsə də, o ruhdan düşməmişdi, növbəti il akademiyaya qəbul olunacağına tam əmin idi. Amma növbəti ildə də Hitler akademiyaya qəbul oluna bilmədi. Hansı səbəbdən, mən dəqiq deyə bilmərəm. Yəqin ki, bu hadisənin özündə tanrının əli var idi. Bəlkə də Hitler akademiyaya daxil olsaydı, o, heç vaxt nəhəng siyasətçi olmayacaqdı. Beləliklə, akademiya uğursuzluğu onu uğurlu bir siyasətə aparırdı...”
I dünya müharibəsinin başlanması Avqust Kubıçekin konservatoriya təhsilini və musiqi sahəsindəki karyerasını yarımçıq qoyub. Müharibədən qayıtdıqdan sonra Kubıçek təhsilini davam etdirməyib və yerli bələdiyyədə işləməyə başlayıb.
Dostlar bir-birindən ayrı düşsə də, Kubıçek mətbuat vasitəsi ilə Hitlerin siyasi fəaliyyətini izləyib. 1933-cü ildə Hitler hakimiyyətə gələndə Kubıçek ona təbrik məktubu göndərib. Hitler dostunun tədrik məktubunu yüksək qiymətləndirib və onu yanına dəvət edib.
Avqust Kubıçek öz yazdığına görə, bu təklifi səmimi qəbul etməyib. Düşünüb ki, təklif etika xatirinə olunub. Buna görə də o, fürerlə görüşmək haqqında düşünməyib.
Yalnız beş ildən sonra dostlar Hitlerin Lintsə səfəri zamanı görüşüblər. Rəsmi səfər zamanı Hitler protokol qaydalarını pozaraq iki saata yaxın Kubıçeklə təkbətək qalıb. Onlar gənclik illərini xatırlayıblar. Hitler rəsmi ziyafətdən imtina edərək Kubıçeklə nahar edib.
Görüşlərinin sonunda Hitler Kubıçekə yenidən dirijor çubuqlarını əlinə götürməyi məsləhət görüb və ona Almaniya ordusunun baş dirijoru vəzifəsini təklif edib. Kubıçek bu təklifdən imtina edib. Amma dost kimi fürerə bir xahişini bildirib. O, Hitlerdən ali təhsil alan üç oğlunun təhsil haqqınının ödənilməsi xahiş edib. Hitler dostunun xahişini məmnuniyyətlə yerinə yetirib.
Sonralar dostlar bir neçə dəfə də görüşüblər. Hitler dostunu unutmayıb. Ona hədiyyələr göndərib, hətta anasının yubileyində üzərində şəxsi imzası olan vizit kartı ilə gül buketi yollayıb.
1940-cı ildən sonra onların əlaqələri kəsilib. 1942-ci ildə Hitlerin siyasi fəaliyyəti tənqid olunanda Kubıçek Lintsdə könüllü olaraq fürerin təbliğatını aparıb, ona qarşı çaxanlarla mübarizəyə qalxıb.
Zaman isə Kubıçekin dostunun xeyrinə işləməyib. 1942-1943-cü illərdə, xüsusilə Stalinqrad döyüşlərində Vermaxt qoşunlarının məğlubiyyəti Hitlerin gələcək aqibətini saatbasaat müəyyənləşdirib. Kubıçek də müharibənin son nəticəsini əvvəlcədən anlayıb.
Almaniyanın məğlubiyyətindən sonra Avqust Kubıçek Hitlerin dostu kimi ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Amma həbsə qədər Kubıçek vəziyyəti tam dərk edərək mənzilindəki Hitlerlə bağlı olan bütün əşyaları, hədiyyələri, məktubları çıxarmağa imkan tapıb.
Kubıçek 16 ay həbsdə qalıb. Siyasi fəaliyyəti ilə bağlı heç bir dəlil tapılmadığından onu 1947-ci ildə azadlığa buraxıblar.
1951-ci ildə Avqust Kubıçekin “Adolf Hitler – mənim uşaqlıq dostum” adlı kitabı çıxıb. Almaniyada və digər xarici ölkələrdə kitaba qarşı münasibət birmənalı olmayıb. Bir çoxları isə onu kitabda Hitlerin fəaliyyətinin şişirdilməsində ittiham edib. Amma əsas məsələ odur ki, əvvəlcədən gözlənilən tənqid və ittihamlara baxmayaraq, Avqust Kubıçek milyonlarla insanın həyatına son qoyan dostu haqqında kitab yazmağa özündə cürət tapıb.
Qeyd edək ki, Avqust Kubıçek 1956-cı ildə, 68 yaşında Lints şəhərində vəfat edib.
© 2020 - Created by İLK XEBER.