Ukraynanın separatçıların nəzarətində olan Donbass bölgəsində gərginlik sürətlə artır. Rusiyanın separatçıları müdafiə etməsi və Ukraynaya xəbərdarlıqlar göndərməsi bir tərəfdən, ABŞ başda olmaqla Qərbin isə Kiyevi müdafiə eləməsi bir tərəfdən hər an böyük müharibənin alovlanması riksini yaradır.
Bəs Ukraynada savaş başlasa, bu, o deməkdirmi ki, Rusiya ABŞ-la MDB bölgəsində müharibəni təzələdi? 2014-cü ildə başlamış müharibə yenidən alovlanırsa bu, Ukraynaya, yoxsa Rusiya-Putinə baha başa gələ bilər?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, hər an Ukrayna ilə Rusiyanın müharibəyə başlaması ehtimalı böyükdür. Çünki atəşkəs intensiv şəkildə pozulur. Separatçılar təxribatlarla məşğuldurlar. Bunu da yəqin ki, Rusiyadakı mərkəzlərlə əlaqəli edirlər və Rusiyadan artıq sərt açıqlamalar səslənib ki, müharibə başlasa, Donbası Rusiyaya birləşdirəcəklər. Bununla Rusiya Kiyevi qorxutmağa çalışır. Amma Ukrayna da öz gücünə bələddir. Son beş ildə ordu gücləndirilib, modern texnika alınıb: “Ona görə də Ukrayna da müharibədən çəkinmir və problemin həllinə çalışır. Məsələ ondadır ki, qarşılarında Rusiya var. Azərbaycanla Ermənistan arasında gedən müharibədə Azərbaycanın qələbəsi Ukraynanı da həvəsləndirib, ancaq məsələ burasındadır ki, Azərbaycanın qarşısında Ermənistan idi və biz Ermənistanı darmadağın etdik, Ukraynanın qarşısında isə Rusiyadır. Qərbə gəldikdə isə bəli, Amerika, əlbəttə, Ukraynanı dəstəkləyib və dəstəkləyəcək. Co Baydenin özü Barak Obamanın dövründə vitse-prezident olanda Ukrayna məsələsi onun səlahiyyətinə aid idi və tez-tez Kiyevə gedirdi. Bu mövzu indi də gündəmdədir, müharibə başlasa, Amerika Ukraynaya dəstək verəcək. Lakin məsələ burasındadır ki, ABŞ Ukraynanın əvəzinə gəlib Rusiya ilə savaşan deyil. 2014-2015-ci illərdə də biz bunu gördük. Qərb Ukraynaya dəstək verdi, amma bu dəstək Ukraynanı Krımın ilhaqından və Donbassda separatçıların bəzi əraziləri nəzarətə götürməsindən xilas etmədi”.
Elxan Şahinoğlu
Politoloq buna görə hesab edir ki, Ukraynaya real dəstək lazımdır. Real dəstək isə olmayacaq: “Belə ki, Ukraynanı aldatdılar-bu günə qədər Ukraynanı NATO-ya qəbul etmədilər, Avropa Birliyinə daxil eləmədilər. Amma Ukraynaya silah verəcəklər, siyasi dəstək verəcəklər, Rusiyaya sanksiyalar tətbiq edəcəklər. Bu isə yetərli deyil. Çünki biz görürük ki, sanksiyalar Rusiyanı, Vladimir Putini öz siyasətindən çəkindirmir. Rusiyanın imkanı olsa, Ukraynanın daha çox ərazilərini işğal edər. Rusiyanın əsas məqsədlərindən biri Ukraynanı yarıya bölmək idi və bu gün də belə düşünür. Bunu Rusiya prezidenti heç gizlətmirdi, hətta Novorossiya adını da fikirləşmişdilər. Əgər müharibə başlasa, Rusiya bu planı da həyata keçirməyə çalışacaq. Əlbəttə, Urkayna ordusu beş il qabakı ordu deyil, güclənib. Amma yenə də qarşılarında Rusiyadır. Sanksiyalar Rusiyanı qorxutsaydı, Putinə təsir etsəydi, Krımı ilhaq etməzdi. Ona görə də müharibə başlasa, Kreml Ukraynanı parçalamağa, Donbası Rusiyaya birləşdirməyə çalışacaq”.
© 2020 - Created by İLK XEBER.