Qüdrət Həsənquliyev: “Ordu ciddi mülki nəzarət altında olmalıdır. Azərbaycanın müdafiə naziri mütləq mülki şəxs olmalıdır” - Müsahibə

"Silahlı Qüvvələrə nəzarəti yalnız prezident həyata keçirə bilməz"

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirib. Bu günlərdə hətta Ermənistan ordusunun yenidən qurulub 44 günlük müharibədəki məğlubiyyətin əvəzini çıxmaq istəyi ilə bağlı çağırışlar da səsləndirilir. Ümumiyyətlə, Ermənistandakı proseslərin sonu necə görünür, orada baş verə biləcək hakimiyyət dəyişikliyinin Azərbaycana xeyri və zərəri nə ola bilər?

Reyting.az-ın bununla bağlı suallarını Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev cavablandırır:


- Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra Ermənistanda siyasi böhran baş verdi. Ermənilər uzun illərdir özlərini inandırmışdılar ki, onların məğlubedilməz ordusu var. Yeri gəlmişkən, bizim gözəl bir el məsəli var: “İt yatır qaya kölgəsində, elə bilir öz kölgəsidir”. Ermənilər də kənar güclərin dəstəyi, hətta birbaşa iştirakı ilə bizim torpaqları işğal etmişdilər, elə bilirdilər ki, doğrudan da çox cəsur, döyüşkən, hazırlıqlı ordu qurublar və əbədi olaraq bizim torpaqları işğalda saxlayacaqlar.

Amma bizim ordunun uğurlarından sonra Ermənistanda ciddi siyasi böhran başladı. Orada faktiki olaraq Paşinyan “Məxməri inqilab” yolu ilə hakimiyyətə gəlsə də, korrupsiyalaşmış Qarabağ klanının axırına çıxa bilmədi. Baş nazir onları ölkənin siyasi həyatından tamamilə sıxışdırmağı bacarmadı. Onların bir qismi sussa da, revanş üçün əlverişli məqam gözləyirdilər. Bu məğlubiyyətdən sonra isə hesab etdilər ki, revanş vaxtı çatıb və fəaliyyətə başlayıblar.

Mən çox istərdim ki, məğlub Ermənistan noyabrın 10-da imzalanan atəşkəs haqqında birgə sazişdən sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyaydı. İstəyirəm ki, onlar keçmiş siyasətin Ermənistana heç nə vermədiyini başa düşüb, bölgədə baş verənləri ciddi təhlil edib, necə qalib və məğlub olmalarından düzgün nəticə çıxararaq həm Türkiyə, həm də Azərbaycanla normal münasibətlər qursunlar. Amma bunu müşahidə etmirik. Nə Paşinyan öz siyasətində dəyişiklik etmir, nə də Ermənistanda hakimiyyətdən qovulmuş keçmiş dəstə. Bunlar revanş haqqında, ordularını modernləşdirib bizim işğaldan azad etdiyimiz torpaqları yenidən işğal etmək barədə danışırlar. Belə bir şəraitdə, sözün doğrusu, mənim istədiklərim o ola bilər ki, Ermənistanda vətəndaş müharibəsi başlasın. Artıq bu ölkədə hərbi çevrilişin də əlamətləri var. Ordunun bütün korpus komandirləri, Baş Qərargah rəisi, onun müavinləri, idarə rəisləri Paşinyanın istefa verməsi haqqında birgə bəyanatla çıxış ediblər. Əslində Paşinyan doğru söyləyir ki, bu bəyanatlar dövlət çevrilişinə bir cəhddir. Paşinyanın da o gücü yoxdur ki, cinayət işi qaldırıb həmin şəxsləri dərhal məsuliyyətə cəlb etsin. Hətta onun Baş Qəragah rəisini vəzifəsindən kənarlaşdırmaq haqqında qərarını prezident təsdiqləmir.

Dünən (fevralın 25-də - red.) hər iki tərəf – həm müxalifət, həm də Paşinyan və tərəfdarları Yerevanda etiraz aksiya keçirirdi. Əgər Ermənistanda vətəndaş müharibəsi nəticəsində hərbi xunta qalib gələrsə, bu, Azərbaycan üçün çox sərfəlidir. Düzdür, Azərbaycanda bəzi siyasi ekspertlər, partiyalar və digərləri bunun əksini düşünür. Amma bizim yanaşmamıza görə, bu, Azərbaycanın xeyrinə olardı.

- Niyə?

- Ona görə ki, hərbi xunta hakimiyyətdə olacağı dövrdə Ermənistan ciddi beynəlxalq dəstəkdən məhrum olacaq, Paşinyandan fərqli olaraq beynəlxalq birlikdən heç bir diplomatik-siyasi dəstək almayacaq. Hazırda isə bunun əksini görürük, bunlara güclü dəstək var, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən.

Hərbi xuntanın qalib gəlməsi həm də Ermənistanın inkişafı qarşısında böyük bir maneəyə çevrilə bilər. Bizə də lazımdır ki, Ermənistan inkişaf etməsin, güclənməsin və ordularını dedikləri kimi modernləşdirib, yenidən revanş istiqamətində hansısa addımlar ata bilməsinlər. Müharibənin yenidən başlaması həm də bizim əsgərlərimizin ölməsi deməkdir. Düzdür, ermənilər yenə məğlub olacaqlar, amma müharibə bizim üçün də itki deməkdir.

Qeyd etdiyim kimi, hərbi xuntanın qalib gəlməsi ölkəni inkişafdan saxlayacaq. Bizə də sərf edir ki, orada - birincisi, vətəndaş müharibəsi olsun, ikincisi, hərbi xunta vətəndaş müharibəsi nəticəsində hakimiyyətə gəlsin.

Amma hər şey asılı olacaq böyük dövlətlərin – ABŞ və Rusiyanın məsələyə yanaşmasından, anlaşmasından. Əgər onlar anlaşa bilsələr, ölkəni vətəndaş müharibəsindən hansısa formada yayındıra bilərlər. Amma orada cəmiyyət də parçalanıb, bu da önəmlidir. Paşinyan da heç bir halda hakimiyyətdən getmək haqda düşünmür, qarşı tərəf isə nəyin bahasına olur-olsun hakimiyyətə gəlmək istəyir. Ona görə də, əgər kənar müdaxilə olmasa, vətəndaş müharibəsi qaçılmazdır.

- Hərbçilərin bəyanat verməsinə Rusiya faktorunun təsiri ola bilərmi? Qeyd etdiniz ki, Qarabağ klanının hakimiyyətə qayıtma ehtimalı da realdır…

- Mən dedim ki, onların hakimiyyətə qayıtması mümkündür, bu, Köçəryan və Sarkisyanın timsalında həmin klanın başqa bir təmsilçisi də ola bilər. Amma Sarkisyanın yox, Köçəryanın qayıtması da mümkündür. Əgər hakimiyyət məsələsini xalq yox, silah həll edəcəksə, bu halda Köçəryanın hakimiyyətə qayıtması mümkün ola bilər.

Xarici təsirə gəldikdə, Paşinyan hakimiyyətə gələndə tam çılpaqlığı ilə Ermənistanda nə baş verəcəyini söyləmişdim. Düzdür, o zaman deyirdim ki, bu proses bir, maksimum iki il çəkə bilər, amma bir az uzandı. Bu, ciddi yanılma deyil.

O zaman söyləmişdim ki, Paşinyanın hakimiyyətə gəlməsinə Rusiya imkan yaradıb. Rusiya Serj Sarkisyanın devrilməsində maraqlı idi. Ona görə ki, Sarkisyanın prezidentliyi dövründə qərbyönümlü qüvvələr Ermənistanda geniş əl-qol açmışdılar. Sarkisyan Avropa İttifaqı ilə assosiativ saziş də imzalamaq istəyirdi. O zaman onu Moskvaya çağırıb danladılar və Sarkisyan geri çəkildi. Bundan sonra aprel savaşı baş verdi. Bu savaşda Sarkisyanın hərbi-səhra komandiri kimi, qalib ordunun başında durmuş, Müdafiə naziri olmuş şəxs kimi imici darmadağın oldu. 2018-ci ildə isə hakimiyyətdən getdi. Yəni onun hakimiyyətdən gedişini şərtləndirən 2016-cı ilin aprel savaşı oldu.

O zaman Ermənistanda baş verən prosesləri diqqətlə izləyirdim, Sarkisyan Baş nazir seçiləndən sonra Konstitusiyanı dəyişib parlamentli respublika modelinə keçdilər, Rusiya faktiki surətdə Sarkisyana ciddi təzyiq etdi ki, dinc nümayişçilərə hansısa formada təzyiq etməsin. Nümayişçilər də bundan ruhlandılar, hiss etdilər ki, Rusiya Sarkisyanı müdafiə etmir və Paşinyanın hakimiyyətə gəlməsinə yol açıldı.

Amma nə Paşinyan, nə də onun komandası hakimiyyətə gəlməyə hazır deyildi. Bu, təqribən 1992-93-cü illərdə Azərbaycanda baş verən proseslərin analoji təkrarı idi, təzahür baxımından ola bilsin ki, kiçik detallarda fərqlilik var idi, amma mahiyyət baxımından eynidir. O vaxt Ayaz Mütəllibovu təyyarə ilə Moskvaya apardılar və yol açdılar ki, hakimiyyətə tam hazır olmayan AXC dövlətin başına gəlsin. Beləliklə, bütün demokratik qüvvələrin qısa müddətdə iflasa uğrayıb hakimiyyətdən getməsinə və sonra da 30 il Azərbaycanda heç kimin qərbyönümlü siyasət və demokratiya haqqında düşünməməsinə əlverişli şərait yarandı. Ermənistanda da təxminən oxşar proseslər baş verir.

O zaman mən söylədim ki, Rusiya Paşinyanı qovacaq, Azərbaycan yaranmış bu tarixi vəziyyətdən istifadə etməli, çalışıb bu prosesdə rol almalı və qarşılığında torpaqlarımızı işğaldan azad etməliyik.

Xatırlayırsınızsa, mən zaman-zaman söyləyirdim ki, torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycanda Rusiyanın bir hərbi bazasının yaradılmasına da razılaşa bilərik. Niyə? Çünki Rusiya hesab edir ki, onun bölgədə hər hansı rolu hərbi iştirakına bağlıdır. Əgər Rusiya belə düşünürsə, deməli, onun bölgədə mövcudluğunu təmin etməliyik ki, ərazi bütövlüyümüzün bərpasına imkan versin. Məsələn, indi də fikirləşirəm ki, o variant Azərbaycan üçün Rusiyanın sülhməramlı qüvvələr qismində hərbi iştirakından daha məqbul sayılardı. Sülhməramlı kimi burada hərbi iştirak təmin olunanda, Rusiya da burada hərbi iştirakının davamlılığını istəyəndə, deməli, münaqişə də davamlı olaraq qalacaq. Bu da bizə sərf etmir. Bizə Rusiyanın həmin sülhməramlılarının, məsələn, Qəbələdə hərbi baza statusu ilə yerləşdirilməsi sərf edərdi. Belə olduqda, Qarabağ üzərində tam suveren hüquqlarımızı bərpa edərdik.

O ki qaldı Paşinyana hakimiyyət yolunun açılmasına, hazırlıqsız bir şəxsin hakimiyyətə gəlişi qərbyönümlü siyasəti də iflasa uğradacaqdı. Söhbət təkcə Paşinyanın özündən getsəydi, onu da Sarkisyanın komandası parlamentdə 1999-cu il oktyabrın 27-də Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçiyan kimi güllələyərdilər və bununla da məsələ bitərdi. Amma belə olduqda hakimiyyətə başqa bir qərbyönümlü gələcəkdi. Yəni xalqın böyük bir hissəsi qərbyönümlü siyasəti dəstəkləyirdi. Buna görə də həmin siyasəti iflasa uğratmaq lazım idi. İndi isə Paşinyanla birlikdə digər qərbyönümlülər də getməlidir. Ermənistanda elə bir vəziyyət yaranmalıdır ki, erməni cəmiyyəti qərbyönümlü siyasət haqda ən azı 30 il düşünməsin.

Bizdə o vaxt Kəlbəcərin işğalı ilə proseslər başladı, ciddi siyasi böhran yarandı. Yadınızdadırsa, o vaxt Surət Hüseynov qiyam qaldıranda Müdafiə Nazirliyi bəyanat verdi ki, heç nəyə qarışmırıq. Onların Surət Hüseynovu çatışmır ki, ordu ilə gəlib Paşinyanı ya parlamentin binasında öldürsün, ya da Paşinyan təyyarəyə minib harasa getsin.

Amma o vaxt bizdə hakimiyyətin dəyişilməsində Qərb də, Türkiyə də maraqlı idi. Ermənistanda isə bir az fərqli situasiyadır. Bu səbəbdən Ermənistanda proseslərin bizdəki kimi inkişaf etməməsi mümkündür. Çünki ABŞ, Qərb, hətta qardaş Türkiyə də Paşinyanın qalmasında maraqlıdır. Əlbəttə, istənilən hərbi qiyamla, antikonstitusion yolla hakimiyyətin dəyişməsi pis nümunədir. Amma yenə deyirəm, bu, Ermənistanda olarsa, Azərbaycan dövlətinin maraqlarına cavab verər.

Düşünürəm ki, Paşinyan hər bir halda hakimiyyətdən gedəcək. Paşinyandan sonra hakimiyyətə gələn qüvvələrin isə birmənalı Rusiyaya meylli olması ABŞ-ın və Qərbin nə dərəcədə prinsipial dirəniş göstərməsindən asılıdır. Bizdə o zaman dirəniş göstərmədilər. O vaxt Elçibəyin devrilməsində regionun bütün dövlətləri, hətta qardaş Türkiyə də maraqlı idi. Ermənistandakı durum isə bir az fərqlidir.

- Hərbi qiyamla paralel olaraq, Rusiyanın hərbi rəhbərliyindən deyirlər ki, Ermənistan ordusunda islahatlar aparıb, ordunu yenidən formalaşdırmalıyıq. Eyni zamanda Azərbaycanın dövlət başçısı dedi ki, müttəfiqləri Ermənistanda yeni ordu qurmaq istəyir. Azərbaycan bunun qarşılığında nə etməlidir? Bizim ordumuzda hansı dəyişikliklər olmalıdır?

- Mən zaman-zaman söyləyirəm ki, bu sahədə yubanırıq. Qonşuluğumuzda nəyin baş verdiyini görürük.

Birincisi, ordu ciddi mülki nəzarət altında olmalıdır. Vaxtilə “Silahlı qüvvələr haqqında” qanun müzakirə olunanda parlamentdə Müdafiə nazirinin müavini ilə də ciddi fikir ayrılığımız oldu. O zaman deyirdim ki, Silahlı Qüvvələrə nəzarəti yalnız prezident həyata keçirə bilməz, bizim qanunda isə belədir. Silahlı Qüvvələr ciddi mülki nəzarət altında olmalıdır. Müdafiə naziri mütləq mülki şəxs olmalıdır.

İkincisi, ordu peşəkar olmalıdır. Biz 44 günlük savaşda da gördük ki, müqavilə əsasında xidmət edən xüsusi təyinatlılarımızın biri 10, bəlkə də 18-20 yaşlı əsgərdən daha artıq iş görür. Çünki onlar peşəkardırlar, bütün həyatlarını hərbi işə həsr edirlər. Onun üçün də, məsələn, ümumi çağırış əsasında 120 minlik ordu əvəzinə, 50-60 min nəfərlik peşəkar ordu formalaşdırmaq daha effektlidir. Azərbaycanda tezliklə peşəkar ordu formalaşdırılmalı və üzərində ciddi mülki nəzarət təmin olunmalıdır. Ən başlıcası, orduya parlament nəzarəti təmin edilməlidir. ABŞ-da, digər demokratik dövlətlərdə orduya nəzarətin necə həyata keçirildiyini görürük. Bizdə bu yoxdur. Hətta parlamentdə də məsələ qaldırdım ki, hər il Hesablama Palatası başqa qurumlarla bağlı məlumat verir, amma deputat olduğum müddətdə bir dəfə də olsun orduda yoxlama aparılması ilə bağlı bir faktın şahidi olmamışam. Bu səbəbdən hesab edirəm ki, orduya ictimai nəzarət olmalı, mülki nəzarət gücləndirilməlidir.

Ordunu ən müasir silahlarla da təmin etmək lazımdır. Prezident dünən (fevralın 25-də-red.) söylədi ki, Azərbaycan dünyadakı ən müasir silahları almaqda davam edəcək. Düzdür, o silahların çoxunu bizə satmırlar, amma mümkün olanları almalıyıq. Açıq söyləyirəm, silah alverçiləri vasitəsilə ofşor hesablardan, üçüncü şəxslərin əli ilə silah almaq mümkündürsə, bunu da etmək lazımdır. Vaxtilə bunu etmişik. Çexiyadan özüyeriyən artilleriya qurğularını almışdıq. Bizim hərbi paradda o silahları görəndən sonra Çexiyada böyük qalmaqal yaranmışdı ki, satışına icazə vermədiyimiz halda Azərbaycan bu silahları necə əldə edib?

Qələbə çalmağımız üçün bütün variantlar keçərlidir. İşğala məruz qaldığım halda silahı mənə satmırsansa, deməli, bunu başqa yollarlarla almalıyam. Avropada da bu cür alver etmək istəyənlər həddindən artıq çoxdur.

Ordunu müasir silahlarla təchiz etmək üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlıq ən yüksək səviyyəyə qaldırılmalıdır. İmkan verməliyik ki, Türkiyə hərbçiləri bizim əsgər və zabitlərin təlimində yaxından iştirak etsinlər.

Türkiyənin hərbi sənaye kompleksi son 5 ildə çox böyük uğurlara imza atıb və ümid edirəm ki, bu ölkəni hər hansı münaqişəyə cəlb edib zəiflətməsələr, 5 ildən sonra indikindən də fərqli bir Türkiyə görəcəyik. Türkiyə artıq ən müasir silahlar istehsal etməyə başlayıb, ballistik raketlər də istehsal edir. Yəqin ki, bir-iki ilə müasir tanklar, qırıcı təyyarələr istehsalı da baş tutacaq.

Ukrayna ilə Türkiyə hərbi-sənaye sahəsində əməkdaşlıq edirlər. Ukrayna da bundan ciddi şəkildə faydalanır. Ukrayna da həm raket, həm də aviasiya mühərrikləri ilə Türkiyəni təmin edir. Yəqin ki, bir müddətdən sonra Türkiyədə də bunların istehsalı başlayacaq.

Türkiyə Pakistanla hərbi sahədə ciddi əməkdaşlıq edir. Azərbaycan həm özünün müttəfiqləri - Türkiyə və Pakistanla əlaqələrini inkişaf etdirməli, həm də Rusiya ilə münasibətlərimizin yüksək səviyyədə qalmasına çalışmalıdır. İmkan verməməliyik ki, fikir ayrılıqları Rusiya ilə münasibətlərin korlanmasına gətirib çıxarsın.

Biz Rusiya ilə strateji tərəfdaşıq, böyük qonşumuzdur və 44 günlük savaşda qalib gəlməyimizin şərtlərindən biri əgər Rusiyanın Ermənistana olan mənfi münasibəti idisə, ikincisi Azərbaycana olan yaxşı münasibət idi. Bu da ciddi və önəmli məsələdir.

Mən bilirəm ki, xristian faktoru var və Rusiyadakı müəyyən şəxslər xristian həmrəyliyindən çıxış edirlər. Bundan əlavə, hərbi-sənaye kompleksi təmsilçilərinin də müharibə dövründə Putinə ciddi təzyiq etdiklərinin şahidiyik.

Rusiya mediası və ictimai-siyasi xadimləri də 44 günlük savaş zamanı Putinə ciddi təzyiqlər edirdi, Ermənistana kömək göstərilməsini istəyirdilər. Əslində köməklik edirdilər. Bu, əsgəri yardım olmasa da, silah-sursatla edilirdi. Elə gün olub ki, Moskvadan Ermənistana 20-dən artıq təyyarə ilə yük daşınıb. Bunu humanitar yardım adı ilə də edirdilər. Sərnişin təyyarələri ilə də daşınırdı. Hətta bizim xüsusi xidmət orqanları o təyyarələrin reysinə, içərisindəki yükün nə olmasına dair məlumatlara malik idi. Buna baxmayaraq, hesab edirəm ki, hər halda, Rusiya müharibənin getdiyi 44 gün ərzində münaqişəyə açıq müdaxilə etmədi. Çalışmalıyıq ki, Rusiyanı inandırmaqla münaqişənin həllinə tam nail olaq. Rusiyanı inandırmalıyıq ki, bunların Cənubi Qafqazdakı mövcudluğu yalnız hərbi iştiraka bağlı olmamalıdlır. Azərbaycanın Rusiya ilə hər zaman dost olmaq istəyini öz səmimiyyətimizlə onlara inandırmalıyıq. Niyə?

Birincisi, Rusiya bizim böyük qonşumuzdur.

İkincisi, Rusiya Azərbaycan üçün böyük bazardır. Bizdə yetişdirilən kənd təsərrüfatı məhsulları üçün yeganə bazar oradır. Biz İrana, Türkiyəyə pomidor, xiyar satmayacağıq. Onlar özləri məhsullarını Rusiyaya satırlar.

Bundan başqa, orada 2 milyona yaxın azərbaycanlı məskunlaşıb, işləyirlər və Azərbaycandakı ailələrinə pul göndərirlər, çoxları orada vətəndaşlıq alıb.

Üçüncüsü, biz Rusiyaya həm də o baxımdan sıcaq yanaşmalıyıq ki, orada 16 milyona yaxın türk, ümumiyyətlə, 32 milyona yaxın müsəlman yaşayır. Bu, təxminən əhalinin beşdə biri qədərdir. Orada türk respublikaları var.

Dördüncüsü, Türkiyənin Rusiya ilə yaxşı münasibətləri həm də imkan verir ki, Orta Asiya, Rusiyanın tərkibindəki türk və müsəlman respublikaları ilə normal mədəni-iqtisadi əlaqələr quraq. Bütün bunları nəzərə alaraq böyük qonşumuz olan Rusiya ilə münasibətlərimizin niyə pis olmasını istəməliyik?

Biz daim öz siyasətimizdə böyük dövlət kimi Rusiyanın maraqlarını nəzərə almalıyıq. Bizi 200 illik bir tarix birləşdirir, mədəni əlaqələrimiz var. Eyni zamanda, etiraf edək ki, bu gün rus dili bölgədə ünsiyyət dilidir. Bizim türkmənlə, özbəklə, qazaxla təmaslarımız bu dil vasitəsilədir. Bu dil vasitəsilə sərbəst anlaşa bilirik. Ruslarla, Şimali Qafqazdakı digər xalqlarla da ünsiyyət üçün rus dili ortaq bir dildir. Rus dili Şərqi Avropada geniş yayılıb, Baltikyanı respublikalarda geniş istifadə olunur.

Vaxtilə Britaniyanın əsarətində olan xalqlar var, onlar müstəqillik qazanandan sonra britaniyalılarla hansısa səviyyədə münasibətlər qurublar. İndi Britaniya hamısı ilə dostdur, hamısına dəstək olur, əslində o ölkələr beynəlxalq münasibətlərdə həmişə Britaniyanı özlərinin təminatçısı kimi görürlər, ondan kömək umurlar, problemləri yarananda Britaniyanın üstünə qaçırlar. Əslində Rusiya da bu siyasəti yürütməlidir. Amma Rusiya daha çox gücdən istifadə edir. Bütün bunlara baxmayaraq, Rusiyanın bizə hansısa mərhələdə ədalətli davranıb-davranmamasından asılı olmayaraq, biz çalışmalıyıq ki, münasibətlərimiz yaxşı olsun. Bəziləri elə hesab edir ki, bizim münasibətlərimizin yaxşı olması üçün Rusiyanın bütün haqsızlıqlarına göz yummalıyıq. Yox, biz yeri gələndə etiraz etməliyik. Elə məsələlər var ki, prezident səviyyəsində etiraz edilir. Bəzi məsələlərə deputatlar səviyyəsində etiraz olunur. Jurnalistlər səviyyəsində etiraz olunmalı məsələlər də var. Amma elə məsələlər də var ki, ümumiyyətlə, ictimai müzakirə mövzusu olmamalı, yalnız bağlı qapılar arxasında müzakirəyə çıxarılmalıdır. Çünki xalq qarşısında müzakirə olunanda tərəflər həm geri addım ata bilmirlər, həm də münasibətlərə mənfi təsir göstərə bilir. Onun üçün Rusiya ilə davamlı olaraq işləməliyik. Rusiyanı Cənubi Qafqaz siyasətini dəyişdirməyə inandırmalıyıq. Bununla Rusiyanın bölgədə ədalətli mövqe tutmasına nail ola bilərik.

- Azərbaycanın 44 günlük müharibədəki böyük qələbəsinə bəzi qüvvələr kölgə salmaq istəyir, ordumuzun Xankəndi şəhərinə girməməsi ilə bağlı xoşagəlməz iddialar irəli sürülür. Hətta bununla böyük qələbəyə nail olmadımığımızı söyləyənlər də var. Sizcə, bu kampaniyada məqsəd nə ola bilər?

Digər tərəfdən, indi üç Qafqaz respublikası arasında ən stabil ölkə Azərbaycandır. Gürcüstanda da müxalifətlə hakimiyyət arasında ciddi problemlər, qarşıdurma var. Ermənistandakı vəziyyət də gündən-günə gərginləşir. İndiki halda Azərbaycandakı vəziyyəti də gərginləşdirməyə maraqlı qüvvələr varmı?


- Sözsüz ki var. Azərbaycanın özündə artıq tamamilə tükənmiş, nə öz komandasına, nə də ölkəmizə yeni heç nə verə bilməyən həm vəzifədə olan, həm də vəzifədən kənarlaşdırılan şəxslər var. Bunlar bütün gücləri ilə çalışırlar ki, prezidentin həm beynəlxalq aləmdə, həm də ölkə daxilində nüfuzu çox da yüksək olmasın. Prezidentin sanki bunlardan müəyyən mənada asılı vəziyyətdə olmasını istəyirlər. Bəziləri, ümumiyyətlə, çox arzulayırlar ki, hətta imkanları olarsa, hakimiyyət dəyişikliyi baş versin. Türkiyəni çıxmaq şərtilə bu regionda marağı olan elə dövlətlər var ki, onlar da burada güclü hakimiyyətin, sabitliyin olmasında maraqlı deyillər. Məsələn, Ermənistanda ara qarışan kimi Paşinyan tez-tələsik Putinə zəng edir, imdad istəyir. Bu qüvvələr Azərbaycanın daim zəif olmasına maraqlıdırlar.

44 günlük savaşdan ABŞ, Qərbdəki bəzi ölkələr, xüsusilə Fransa narazı qalıb. ABŞ-da, Fransada oturan bloggerlərə pul, ev, sığınacaq verilib, hər ay onlara vəsait ayrılır. Bu insanlar, əlbəttə, o dövlətlərin marağından çıxış edəcəklər, o dövlətlərin tapşırıqlarını yerinə yetirəcəklər. Həmin dövlətlərin müvafiq orqanlarının şəxsləri bu insanlarla təmasdadırlar. Bu insanların qulağına nə pıçıldayacaqlarsa, onlar da internet televiziyalarından bunu xalqımıza püskürəcəklər.

Biz çox möhtəşəm bir qələbə qazanmışıq. Bu qələbənin qazanılmasında - çox səmimi şəkildə deyirəm, İlham Əliyevin Ali Baş Komandan kimi çox böyük rolu olub. Məhz regionda marağı olan böyük dövlətlərlə apardığı diplomatik-siyasi işin nəticəsi bizim ordumuza imkan yaratdı ki, Ermənistanla təkbə-tək qalsın və onların “dərsini” versin. Bu diplomatiya olmasaydı, böyük dövlətlər münaqişəyə müdaxilə etsəydilər bizim üçün çox çətin olardı.

Mən hərdən deyirəm ki, bizim xüsusi təyinatlıların Şuşada etdiklərini İlham Əliyev diplomatik müstəvidə edib. Yəni həm əlverişli beynəlxalq vəziyyət, həm də çox əlverişli zaman seçildi. Məsələn, ABŞ-da prezident seçkiləri idi, Fransada “sarı jiletlilər” aləmi bir-birinə qatmışdılar, Makronun başı daxili problemlərə qarışmışdı.

İkincisi, koronavirus səbəbindən əlaqələr kəsilmişdi. Bəlkə də başqa vaxt olsaydı, Rusiyadan, eləcə də başqa ölkələrdən ermənilər, terrorçu qruplar və digərləri təyyarələrlə axışıb gələcəkdilər Ermənistana. Yenə gələnlər oldu, amma bu, çox asanlıqla, kütləvi şəkildə baş vermirdi. Deməli, koronavirus da öz müsbət rolunu oynadı. Bu baxımdan çox əlverişli zaman seçilmişdi.

Qardaş Türkiyənin bizə açıq formada siyasi və mənəvi dəstək verməsi, müasir silahlarla təmin etməsi də çox önəmli idi.

Pakistan da Azərbaycanı açıq şəkildə dəstəklədi. Belə bir vaxtda bu qələbənin üzərinə kölgə salmaq və bu qələbəni az qala məğlubiyyət kimi təqdim etmək doğru deyil.

Rus sülhməramlılarının gəlişi ilə Qarabağı itirdiyimizi iddia edirlər. Əvvəla, biz torpaqlarımızın 20 faizini itirmişdik və təxminən 30 il idi işğaldaydı. Biz o torpaqlara ayağımızı basa bilmirdik. Həmin ərazilərin təxminən 16,5 faizini azad etmişik. Ermənistanın nəzarətindən çıxan 3,5 faiz torpağımız isə Rusiyanın nəzarətində qalıb. Əgər biz o torpaqlara nəzarət edə bilmirdiksə, rusun, yoxsa erməninin nəzarətində olması bizim üçün az əhəmiyyətli idi. Bunun geniş anlamda bizim üçün fərqi yoxdur.

Müharibə nəticəsində biz torpaqlarımızın böyük hissəsində suverenliyimizi bərpa etmişik.

İkincisi, Rusiya ora 5 il müddətinə gəlib. Sülhməramlıların müddətinin gələcəkdə artırılıb-artırılmaması, Rusiya ilə münasibətlərin necə olacağı bizdən asılıdır. Əgər bu beş il ərzində Rusiya orada Azərbaycanın dövlət maraqlarına zidd siyasət yürüdəcəksə, o zaman sözsüz ki, Azərbaycan sülhməramlıların müddətini artırmayacaq. Bundan sonra Azərbaycanda real vəziyyət belə olacaq: Rusiya Moldovada, Gürcüstanda, Ukraynada olduğu kimi Azərbaycanda da eyni statusla qalacaq. Deməli, Azərbaycan da Rusiyaya həmin düşmən dövlətlərin sırasına qoşulacaq. Kiçik bir torpağa görə Rusiyanın bunu edəcəyini, kiçik bir əraziyə görə Azərbaycanı bütünlüklə itirəcəyini düşünmürəm.

Əslində 44 günlük müharibə vaxtı Rusiyanın bu münaqişəyə qatılmamasının səbəblərindən biri də Şimal-Cənub dəmiryolu xəttinin açılmasında çox maraqlı olmasıdır. Artıq Şimal-Cənub dəhlizinə qoşulmağa dair müqaviləni yanılmıramsa, 13 dövlət imzalayıb. Rusiya bu dəhlizin açılmasında son dərəcə maraqlıdır.

İkincisi, Ermənistanla dəmiryolu xətti bərpa olunacaq, yükləri daha asan daşıyacaq, əlaqələrini daha da genişləndirəcək. Ona görə ki, Ermənistanın bütün istehsal və emal müəssisələri dəmiryolu xətti də daxil olmaqla artıq Rusiyanındır, onları alıb. Rusiyanın burada iqtisadi maraqları var. Rusiyaya Ermənistandakı strateji obyektlərini işlətmək üçün dəmiryolu xətti lazımdır.

Bu dəmiryolu xəttinin açılması İrana da lazımdır. Ona görə də hesab etmirəm ki, Rusiya vəziyyəti o həddə gətirib çıxartsın. Sadəcə, biz təkcə Putinlə yox, həm də Rusiyanın siyasi partiyaları, ictimai-siyasi xadimləri, bu ölkənin ictimaiyyəti ilə işləməliyik, kütləvi informasiya vasitələrində özümüzə dostlar tapmalıyıq, güclü lobbi fəaliyyəti həyata keçirməliyik.

Bu yaxınlarda Azərbaycanda Putinin dostu kimi tanınan İlham Rəhimovun “Yeni Müsavat”a açıqlamasını oxudum. Maraqlı bir məsələyə toxunmuşdu. Rəhimovun Putinlə yanaşı onun yaxın ətrafı ilə də münasibətləri var. O, Rusiyanın siyasi isteblşmentində baş verənlər haqqında da müəyyən qədər məlumatlıdır. İlham Rəhimov deyirdi ki, nə qədər Putin hakimiyyətdədir, biz Dağlıq Qarabağ problemini həll etməliyik.

Putinin yaxın dostlarından biri azərbaycanlıdır. Onun İlham Əliyevlə də şəxsi münasibətləri yaxşıdır. Vaxtilə İlham Əliyev də demişdi ki, mən Rusiya dövlətindən daha çox Putinə güvənirəm. Ona görə insani münasibətlər də son dərəcə önəmlidir.

Mən Putinin Azərbaycanı özünə düşmən edəcəyini düşünmürəm. Münasibətlərin daha yaxşı olması üçün işləmək lazımdır. Ən başlıcası, Rusiyanı inandırmalıyıq ki, Azərbaycan sizinlə dost olmaq istəyir, Azərbaycanı dost dövlət kimi görün. Deməliyik ki, bizim Türkiyə ilə yaxınlığımız təbiidir, biz eyni millətik, bu sizdə narahatlıq doğurmamalıdır. Yəni bu yaxınlıq Rusiyaya qarşı deyil. Rusiyanı buna inandıra bilsək, Rusiya-Türkiyə münasibətlərinin daim yüksək səviyyədə olmasına, inkişaf etməsinə də tövsiyəmizi versək, fikrimcə, bundan həm Türkiyə, həm region dövlətləri, həm də Azərbaycan faydalanar.

- Sizcə, Azərbaycan hakimiyyəti daxildə hansı addımları atmalıdır? Məsələn, islahatlar prosesi başlayıb. Daha hansı addımların atılmasına ehtiyac var?

- Ordu ilə bağlı nə etmək lazım olduğunu dedim. İqtisadi islahatlar istiqamətində ilk növbədə özəlləşdirmə həyata keçirilməlidir. İnhisarçılığa son qoyulmalıdır. Bizim Konstitusiyada yazılıb ki, Azərbaycan dövləti inhisarçılığın qarşısını alır. “Antiinhisar haqqında” qanuna görə də heç bir şirkət eyni sahəyə 30 faizdən artıq nəzarət etməməlidir.

Bu günlərdə mətbuatda oxudum ki, Gürcüstandan İstanbula uçuş 110 manatdır, Azərbaycandan 800 manat. Fərqə baxın…

Bizdə niyə hava şirkəti tək AZAL olmalıdır? Gəncədə də, Bakıda da iki-üç hava şirkəti olsun. Ermənistan kimi kiçik ölkədə 6-7 hava şirkəti fəaliyyət göstərir. Azərbaycanda niyə bir dənə olmalıdır? Dövlət, ümumiyyətlə, biznesdən kənarda durmalıdır, tənzimləyici funksiyanı yerinə yetirməlidir. Düşünürəm ki, AZAL, yaxud digər xidmət sahələrinin hamısı ya özəlləşdirilməlidir, ya da uzun müddətə bu sahədə təcrübəsi olan xarici şirkətlərin idarəetməsinə verilməlidir. Dövlət bunlara pul ayırmamalıdır. Parlamentdəki çıxışlarımda dəfələrlə demişəm ki, bunlara bəzən bu və ya digər layihələrin həyata keçirilməsi üçün büdcədən pul ayrılır, sonra bunlar xaricdən kredit götürürlər. Krediti qaytara bilməyəndə, yenə büdcənin hesabından ödəyirik. Yaxud, məsələn, büdcədən pul ayırmasaq da bunların bu və ya digər layihələrinin həyata keçirilməsi üçün vergi güzəştləri nəzərdə tuturuq. Məsələn, Azərbaycan Dövlət Neft Şirkətini neftayırma zavodunun təkmilləşdirilməsi üçün avadanlıqların gətirilməsi ilə bağlı əlavə dəyər vergisindən azad etdik. Bu yaxınlarda “Azərqızıl” da ölkəyə avadanlıqlar gətirməsi üçün əlavə dəyər vergisindən azad olundu. Kifayət qədər gəlirlə işləyən şirkətdir. Mən çıxışımda dedim ki, niyə azad etməliyik? Əgər pulu çatmırsa, dünyanın hər yerində olduğu kimi, kredit götürsün. Dünyanın hər yerində heç bir şirkət öz pulu ilə işləmir. Yaxud, büdcədən pul verməyəndə də Tarif Şurasına müraciət edib qiymətləri qaldırırlar. Məsələn, pensiya 20 manat artırsa, onun 10 manatı enerji, su, yaxud benzinpulu kimi həmin inhisarçı şirkətlərə ödənir. Deməli, təzədən həmin pulu o formada vətəndaşlardan alırlar. Yəni dövlət vətəndaşa pul verir, sonra da həmin vəsait vətəndaşın əli ilə yenə qiyməti qaldıran şirkətə gedir. Bunu birbaşa verib qiyməti qaldırmamaq da olardı. Amma guya ki, indi büdcədən vermirik, əvəzində veririk vətəndaşa, onun əli ilə yenə həmin şirkətə ötürürük.

Özəlləşdirmə aparılmayana, dövlət biznesdən imtina etməyənə qədər iqtisadi sahədə böyük uğurlara imza atmağımız mümkünsüzdür.

Bəziləri inkişaf etmiş Qərb, Skandinaviya ölkələrini misal gətirir, bildirirlər ki, onların bəzilərində dövlət mülkiyyəti var. Marks böyük mütəfəkkir olub. Deyirdi ki, sosializm inkişaf etmiş kapitalizm cəmiyyətində qurulmalıdır. Həmin Skandinaviya ölkələrində faktiki sosializm kimi bir quruluşdur. Orada cəmiyyət çox inkişaf edib. Bizim kimi ölkələr isə hələ bazar iqtisadiyyatına keçməlidir. Bu yolu uzun illər getməliyik ki, istədiyimizə çata bilək.

- Sizcə, bu keçidə mane olan əsas səbəb nədir?

- Dövlət hər şeyi nəzarətdə saxlamaq istəyir - qısa və konkret! Mən həmişə söyləmişəm ki, dəyişiklik istəyiriksə, mütləq imtiyazlardan imtina etməliyik. İmtiyazlarımızı saxlamaqla, cəmiyyətdə dəyişiklik baş verməsini gözləmək - bunlar bir-biri ilə antoqonist xarakter daşıyan məsələlərdir! Bu, qətiyyən mümkün deyil. Məsələn, universitetlərdə təhsil pulludursa, dövlət bu ali məktəbə niyə vəsait ayırmalıdır? Niyə özəlləşdirilmir?

Kimsə pulsuz təhsil alanların olduğunu deyəcək. Onlara faizsiz, eyni zamanda uzun müddətə təhsil kreditləri vermək lazımdır. Tələbə kredit götürəndə məsuliyyətini bir az da artıracaq, biləcək ki, əgər valideyni təhsil haqqını ödəyə bilmirsə, gələcəkdə götürdüyü krediti qaytarmalıdır. Buna görə də yaxşı mütəxəssis olmaq üçün daha yaxşı oxumalıdır.

Müəyyən kateqoriyadan olanların pulunu dövlət ödəyə bilər. Məsələn, şəhid ailələri, müharibədə əlil olmuş şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyər. Amma dövlət niyə hər şeyə nəzarət etməlidir? Məsələn, səhiyyə obyektləri niyə özəlləşdirilməyə çıxarılmır? Vaxtilə tikilən səhiyyə obyektlərinin xərcləri ödənilmədiyi üçün çoxu problemlə üzləşib. Birincisi, səhiyyə obyektini dövlət tikməməlidir, bunun üçün sahibkara kredit verilməlidir. Həmin sahibkar krediti qaytarandan sonra başqa birisi başqa bir obyekt tikə bilər.

Xatırlayırsınızsa, Qubada bir məktəbi ABŞ səfirliyi, digərini də Təhsil Nazirliyi tikmişdi. Nazirliyin tikdiyi məktəb binası 2 milyon manata yaxın məbləğə başa gəlmişdi, səfirlik isə təxminən 400 min manat xərcləmişdi. Qiymət arasında hardasa 4 dəfəyə yaxın fərq var idi. Digər tərəfdən, ABŞ səfirliyinin tikdiyi məktəb binası daha müasir və daha yaraşıqlı idi, hər şeylə təchiz olunmuşdu. Bunu ona görə misal çəkirəm ki, özəlləşdirmə aparılacağı təqdirdə büdcə vəsaitlərindən də səmərəli istifadə olunacaq. Bizim orduya, təhsilə, elmə daha çox pul ayırmaq imkanımız yaranacaq.

Vaxtilə “Yol xəritəsi” hazırlanmışdı, amma icra olunmadı. Niyə? Prezident yeni layihənin hazırlanması üçün göstəriş verib. Struktur, institusional islahatlar aparılmalıdır. Dövlət məmurlarının sayı kəskin surətdə azaldılmalıdır, nəticədə az insanlara çox maaş verilməlidir ki, korrupsiyaya qarşı effektli mübarizə aparmaq mümkün olsun.

Bizim dövlət aparatı həddindən artıq şişirdilib, dövlət orqanları çoxdur. Bu problemin həlli üçün dayanmadan və sürətlə islahatlar aparmaq lazımdır. Prosesin uzadılması indiki vəziyyətin davam etməsi demək olacaq. İndiki vəziyyət isə enerji daşıyıcılarını satıb onun hesabına ölkəni saxlamaqdır. Vəziyyəti dəyişdirmək istəyiriksə, söylədiyim islahatlar təcili həyata keçirilməlidir.


Reyting.az