Azad Məsiyev: “Yeni Baş nazir Gürcüstanın ABŞ-ın əlində alət olmasına imkan verməyəcək”

Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyto və ABŞ-ın bu ölkədəki səfirliyi Gürcüstanda baş verənləri tənqid edərək bəyan ediblər ki, sözügedən ölkə Avropa standartlarından və demokratik dəyərlərdən uzaqlaşıb.

İndiki vaxt diplomatların bu cür bəyanatlarının arxasında nə dayanır? Gürcüstanla bağlı hansı siyasi qərarlar var?

Məsələ ilə bağlı İlkxeber.org-a danışan Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev bildirib ki, ABŞ olmaqla Qərb dövlətləri demokratiyanı məqsədlərinə çatmaq üçün vasitə ediblər:

“ABŞ 2003-cü ilin oktyabrında “Qızılgül inqilabı”nı başlatdı və nəticədə 15 yanvar 2004-cü ildə Mixail Saakaşvili hakimiyyətə gəldi. Onların məqsədi Gürcüstanı əldə alət edib Rusiyaya qarşı istifadə etmək idi, bunun da nəticəsini gürcü xalqı ağır ödədi və ərazisinin bir qismini itirməli oldu.

İndi hakimiyyətdə olan “Gürcü Arzusu” Partiyası xalqının maraqlarına uyğun olaraq siyasət yürütmək niyyətindədir. Bu məqsədlə Türkiyə prezidentinin bölgədə birgə əməkdaşlıq çağırışına müsbət yanaşıb və bu istiqamətdə danışıqlar aparmaq istəyində olublar”.

Ekspert bildirib ki, Gürcüstanın müstəqil siyasəti, qonşularla münasibətləri yaxşılaşdırması ABŞ-ın maraqlarına uyğun gəlmir:

“Bu baxımdan “Birləşmiş Millət Hərəkatı” Partiyasının sədri Nika Meliyanın həbsini bəhanə edərək, “Gürcüstan Avropa standartlarından və demokratik dəyərlərdən uzaqlaşıb” kimi bəyanatlar səsləndirirlər.

Nika Meliya kimdir? Nika Meliya İngiltərədəki ali məktəblərdən birindən məzun olub, Mixail Saakaşvilinin yaratdığı “Birləşmiş Millət Hərəkatı” Partiyasının sədridir. Soruşa bilərsiniz ki, Nika Meliya ABŞ üçün niyə bu qədər önəmlidir.

Bir məsələyə aydınlıq gətirmək yerinə düşərdi. Keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (DTK- KQB) SSRİ-yə xaricdən təhsil almağa gələn tələbələr arasında xüsusi işlər aparırdı. Belə ki, potensialı olan tələbələri məxfi əməkdaşlığa cəlb edir, onları yetişdirir, sonra kəşfiyyat idarəsinə təhvil verirdi.

Həmin tələbələr ölkələrinə qayıtdıqdan sonra SSRİ-nin maraqlarına uyğun olaraq istifadə edilirdi, hətta həmin şəxslərin hakimiyyətdə məsul vəzifə tutmasında maraqlı olurdular. Bu işdə həmin kadrlara hər cürə dəstək verilirdi. KQB-nin bu metod və üsullarından hər bir dövlətin xüsusi xidmət orqanları istifadə edir. Bu, klassik bir metoddur.

Bu gün Gürcüstanda ABŞ öz kadrlarını müdafiə etməklə hakimiyyətə təzyiq etməkdədir. Diplomatlarla yanaşı amerikalı konqresmen Adam Kinzinger Gürcüstan hökumətini dramatik hərəkətlərdən imtina etməyə çağırır. Avropada ABŞ-ın quru qoşunlarının keçmiş başçısı, General Ben Hoces bəyan edir ki, Nika Meliyanın yaxalanması Gürcüstan üçün geriyə atılmış addımdır”.

Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya olan “Gürcü Arzusu” Partiyasının qələbə qazanması, müxalifət partiyasının yeni parlamentin tərkibində yer almaması ABŞ-ın narahatlığına səbəb olub. “Birləşmiş Millət Hərəkatı” Partiyasının sədri Nika Meliya tərəfdarları və dövlət strukturlarında fəaliyyət göstərən ABŞ-a meylli kadrlar daxildə “siyasi qarşıdurmalar” yaratmaqla ölkəni xaosa sürükləyirdilər.

Bunun qarşısını almaq üçün Giorgi Qaxariya istefa verdi. Sabiq Baş nazir Giorgi Qaxariya istefasından sonra yeni Baş nazir İrakli Qaribaşvili seçildi.

Nika Meliyanın həbs olunmasını şərh edərkən hüquq mühafizə orqanlarının fəaliyyətini alqışlayıb: "Bu gün biz hamımız hüquqi, güclü dövlət olmağımızın şahidi olduq",- deyən Qaribaşvili DİN-ə dövlətin şərəfini, sabitliyini müdafiə etdiyinə görə təşəkkürünü bildirib”.

Azad Məsiyevin sözlərinə görə, “Gürcü Arzusu” Partiyası gürcü xalqının mənafeyinə uyğun olaraq regionun inkişafında, həm Türkiyə, həm də Rusiya ilə ikitərəfli, eyni zamanda çoxtərəfli əməkdaşlıq qurmaqda maraqlıdır:

“Bu məqsədlə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun, Gürcüstanın Baş nazirinin müavini-Xarici işlər naziri David Zalkalianinin 19 fevral 2021-ci ildə Bakıya səfəri nəzərdə tutulmuşdu. Bu səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə işgüzar görüş baş tutmalı idi. Gürcüstandakı məlum istefa görüşün təxirə salınmasına səbəb oldu. Hesab edirəm ki, yeni Baş nazir Gürcüstanı ABŞ-ın əlində alət olmağa imkan verməyəcək”.

Fikirlər yayılıb ki, “Gürcü Arzusu” Partiyası Rusiya ilə münasibətlərini yaxşılaşdırdıqdan sonra Rusiya Gürcüstan ərazisindən keçən enerji xətlərinin fəaliyyətinə mane olacaq. Bu barədə ekspert aşağıdakıları bildirib:

“Əvvəla onu qeyd edim ki, Gürcüstan ərazisindən keçən enerji boru xətləri Gürcüstana küllü miqdarda gəlir gətirir. Ona görə də deyilənlər Gürcüstanın həm iqtisadi, həm də siyasi maraqlarına uyğun deyil. Çünki həmin enerji xətləri beynəlxalq status almış bir kəmərlərdir və bu kəmərlər üzərindən Azərbaycanın, Türkiyənin, o cümlədən Avropa dövlətlərinin strateji maraqları uzlaşmaqdadır.

Guya “Gürcü Arzusu” Partiyasının hakimiyyətdə olması enerji xətlərinin fəaliyyətinə təhlükədir, Gürcüstanda hakimiyyətdə olanlara təzyiq etmək, onları hakimiyyətdən uzaqlaşdırmaq üçün ABŞ-ın Tbilisidəki fəaliyyətinə dəstək vermək anlamı yaratmaqdır. Belə fikirlər ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən dövriyyəyə buraxılan dezinformasiyadan başqa bir şey deyil”.