Gürcüstan Cənubi Qafqazda coğrafi baxımdan önəmli ərazidə yerləşir. Ona görə də ABŞ bu bölgədə 2003-cü ilin oktyabrında “Qızılgül inqlabı”nı başlatdı və 15 yanvar 2004-cü ildə Mixail Saakaşvili hakimiyyətə gəldi. Həmin vaxtdan başlayaraq, Gürcüstanda dövlətin idarə olunmasında Amerikaya münasib kadrlar yerləşdirildi və nəticədə Gürcüstan NATO-ya inteqrasiya etmək istiqamətində fəaliyyətə başladı. Mixail Saakaşvilinin fəaliyyəti nəticəsində Rusiya-Gürcüstan münasibətlərində soyuqluq bugünə kimi davam etməkdədir.
Hakim “Gürcü Arzusu” partiyası 19 aprel 2012-ci ildə biznesmen Bidzina İvanişvili tərəfindən yaradılıb. Gürcüstanda 2020-ci ilin oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Baş nazir vəzifəsinə Giorgi Qaxariyanın namizədliyini irəli sürdü və o, hakimiyyəti fomalaşdırdı.
Qarabağda ötən il sentyabrın 27-də başlayan 44 günlük müharibənin nəticəsi bölgədə geosiyasi vəziyəti dəyişdi. Keçən ilin dekabr ayında Bakıda qələbə paradına həsr olunmuş mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədə birgə əməkdaşlıq bəyanatı (3+3 formatında, Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan, Ermənistan) sülhə və bölgənin inkişafına hesablanmış bir ideya idi.
Bu ideyanı həyata keçirmək üçün Türkiyə-Azərbaycan-Gürcüstan, və Rusiya-İran-Ermənistan dövlətləri arasında dialoqun, məsləhətləşmələrin başlanması nəzərdə tutulmuşdu. Bölgənin bu formatda inkişafı, iqtisadi-siyasi cəhətdən birgə əməkdaşlığı ABŞ-ın bu bölgədə siyasi baxımdan tam iflası deməkdir.
Qeyd etdiyim kimi, üçtərəfli dialoqu inkişaf etdirmək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkalianinin 19 fevral 2021-ci il tarixində Bakıya səfəri nəzərdə tutulmuşdu. Bu səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə görüş baş tutmalı idi. Ehtimal edilirdi ki, bu toplantıda bölgənin gələcək inkişafı üçün ciddi müzakirələr aparılacaq.
Gürcüstanda da yaxşı anlayırlar ki, böyük imkanlara malik olan qonşu Rusiya ilə münasibətdə düşmənçilik siyasəti gürcü xalqının mənafeyinə uyğun deyil. ABŞ-ın əlində alətə çevrilmək gürcü xalqını uçuruma aparır. Necə ki, bugün onun ağrısını çəkməkdədirlər. Bu baxımdan Türkiyə Prezidentinin bölgədə birgə əməkdaşlıq bəyanatı gürcü xalqının da mənafeyinə uyğun olduğu üçün bəyanata çox müsbət yanaşılırdı. Ancaq Gürcüstanın Baş Nazir Giorgi Qaxariyanın qəfil istefası xarici işlər nazirlərinin Bakıda keçirilməsi nəzərdə tutulmuş görüşünün təxirə salınmasına səbəb oldu.
Giorgi Qaxariya
Baş Nazir Giorgi Qaxariyanın istefası təsadüfi deyil.
Gürcüstanda Mixail Saakaşvilinin yaratdığı Birləşmiş Millət Hərəkatı Partiyasının sədri Nika Meliyanın tərafdarlarının və dövlət sturukturlarında fəaliyyət göstərən ABŞ yönümlü kadrların ölkə daxilində “siyasi qarşıdurmalar” yaratması barədə xəbərlər yayılmaqdadır.
ABŞ Cənubi Qafqazda itirməkdə olan nüfuzunu bərpa etmək məqsədilə həm Gürcüstana, həm də Türkiyəyə təzyiq etməkdədir. İstər Gürcüstanda baş verən istefalar, istərsə də ABŞ Senatının üzvləri tərəfindən Cozef Baydenə ünvanlanmış məktubda qardaş Türkiyənin 44 günlük müharibədə Azərbaycana verdiyi dəstəyə görə kəskin tənqid edilməsi qardaş Türkiyə edilən təzyiq kimi başa düşülür. Bir sözlə, Gürcüstanda baş verən istefalar ABŞ-dan qaynaqlanır.
Azad Məsiyev,
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri
© 2020 - Created by İLK XEBER.