“Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu bölgə xalqları yüksək qiymətləndirir”

“Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu bölgə xalqları yüksək qiymətləndirir”


ABŞ Senatının üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktubda qardaş Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana verdiyi dəstəyə görə kəskin şəkildə tənqid edilib.

Senat üzvlərini narahat edən nədir?

lkxeber.org-a bu barədə danışan Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin sözlərinə görə, bu məktub Senat üzvlərinin ABŞ prezidentinə qarşı təzyiqini göstərir:

“2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvlərinin Prezident Cozef Baydenə ünvanlanmış məktubunda NATO üzvü olan qardaş Türkiyə dövlətini hədəfə alıblar. Bu məktub Senat üzvlərinin ABŞ prezidentinə təzyiq etmək anlamını yaradır.

Türkiyə bir dövlət olaraq xarici və daxili siyasətində ciddi manevr edərək, tam müstəqil siyasət yürütməkdədir. İstər Yaxın Şərq, istərsə də Cənubi Qafqaz bölgəsində tutduğu prinsipial mövqeyi, Rusiya ilə ortaq əməkdaşlığı bir çox dövlətləri, o cümlədən də ABŞ-ı çox narahat edir. Xatırlatmaq yerinə düşərdi ki, Türkiyə dövləti özünü müdafiə məqsədi ilə Rusiyadan “S-400” raket sistemlərini aldığına görə sanksiyalara məruz qalmışdı. Baxmayaraq ki, beynəlxalq hüquq baxımından ABŞ-ın buna heç bir haqqı yoxdur. ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo bunu belə əsaslandırmağa çalışmışdı ki, guya Rusiyadan alınan “S-400” ABŞ ordusuna təhlükədir”.

Azad Məsiyev bildirib ki, bu cür cəfəng, məntiqsiz fikirlər bəhanədən başqa bir şey deyil:

“Məqsədləri o idi ki, Türkiyə Rusiya ilə yaxınlıq eləməsin. İndi də ABŞ Senatının bəzi üzvləri tərəfindən prezident Cozef Baydenə ünvanlanmış məktubda Türkiyə dövlətinin hədəfə alınması qərəzdən başqa bir şey deyil.

Qeyd edim ki, ATƏT-in Minsk Qrupunun üzvlərindən biri də ABŞ-dır. Bu dövlət Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə siyasi mandata malik idi. Ancaq təxminən 30 ilə yaxın bir zamanda münaqişənin həlli istiqamətində prinsipial mövqe göstərməmiş, əksinə münaqişəni dondurmaqla uzanmasına nail olub. Hər vəchlə ermənilərin mənafeyinə uyğun mövqe nümayiş etdirib.
Azərbaycan beynəlxalq hüquq çərçivəsində davranaraq öz ərazisini işğaldan azad etdi və bölgəyə Rusiyanın və Türkiyənin silahlı qüvvələrindən ibarət sülhməramlı qüvvələrin gəlməsinə razılıq verdi.

İstər Suriyada, istərsə də Cənubi Qafqazda Türkiyə-Rusiya münasibətləri qarşılıqlı anlaşma ilə yekunlaşdı və bu proses davam etməkdədir. Beləliklə, 44 günlük müharibə ABŞ-ın Cənubi Qafqazda planlarını pozdu, bir sözlə ABŞ siyasəti bu bölgədə iflasa uğradı, indi buna səbəb kimi ABŞ Türkiyəni günahlandırmağa çalışır”.

Ekspert bildirib ki, Azərbaycanın öz ərazisini işğaldan azad etməsinin bir çox amilləri vardı:

“Bunlardan biri də Türkiyə dövlətinin bizə açıq siyasi dəstəyi, Rusiya dövlətinin isə bitərəf və ədalətli davranması idi. Bu iki dövlətin davranışı beynəlxalq hüquq baxımından tam uyğun idi. Rusiya prezidentinin,- “Qarabağ Azərbaycanın ərazisidir, müharibə Azərbaycanın ərazisində gedir”,- kimi fikirləri beynəlxalq hüquqa söykənən bir bəyanat idi. Türkiyə dövlətinin Ermənistanı işğalçı dövlət olaraq tanıması, bunun fonunda Azərbaycanın öz ərazisini işğalçılardan azad etməsini alqışlaması da tam beynəlxalq siyasi davranışlara uyğun addım idi.

ABŞ bir dövlət olaraq Rusiyanı özünə düşmən elan edib. Bu baxımdan NATO-nun üzvü olan Türkiyənin Rusiya ilə iqtisadi, siyasi və hərbi əməkdaşlığı bir çox hallarda ABŞ-ın maraqlarına uyğun gəlmir. ABŞ düşünür ki, NATO üzvləri ancaq onların maraqlarına uyğun davranmalıdırlar. Bir sözlə desək, onların çaldığı havaya uyğun oynamalıdırlar.

Keçən ilin dekabr ayında Bakıda qələbə paradına həsr olunmuş mətbuat konfransında Türkiyə prezidentinin bölgədə birgə əməkdaşlıq bəyanatı (Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan, Ermənistan), başda Amerika olmaqla Qərb dövlətlərini də narahat edib. Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu, bu regionda sülh və iqtisadi inkişafa yönəlmiş fəaliyyətini bölgə xalqları yüksək qiymətləndirir.

Xüsusilə də regionda Türkiyə-Rusiya birgə əməkdaşlığı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bölgədə birgə əməkdaşlıq bəyanatının həyata keçməsinə ümidi artırır. ABŞ Senatının Prezident Cozef Baydenə ünvanlanmış məktubu Türkiyənin dünyada və Cənubi Qafqaz regionunda artan nüfuzunun qarşısını almağa, eyni zamanda Rusiya ilə əməkdaşlıq etməsinin əleyhinə yönəlib”.