Düşmənin “Repellent” anti-dron sisteminin qalıqları - Video

 

Sosial şəbəkələrdə Azərbaycan ordusunun 44 günlük müharibə zamanı Qarabağda məhv etdiyi, Ermənistan ordusunun arsenalına o zamanlar yeni daxil edilmiş və dronlara qarşı nəzərdə tutulmuş “Repellent” radioelektron mübarizə qurğusunun videogörüntüləri yayılıb.

Vitualaz-a istinadən xəbər veririk ki, kadrlara əsasən texnikanın qalıqları hazırda Azərbaycan ordusunun nəzarətində olan ərazidədir. Əsgərlərimizdən biri texnikanın qalıqlarının görüntülərini çəkir. “Erməninin texnikası, gör necə vurub bizimkilər...” - əsgər deyir.

Xatırladaq ki, Azərbaycan ordusu döyüş əməliyyatları zamanı cəbhənin müxtəlif itiqamətlərində düşmənin 4 “Repellent” radioelektron mübarizə qurğusunu məhv edib. Bu qurğular Rusiya hərbi sənayesinin istehsalıdır və pilotsuz uçan aparatlara qarşı ən qabaqcıl vasitə kimi təqdim edilirdi. Taktiki-texniki göstəricilərinə əsasən bu qurğu 35 kilometr məsafədən müxtəlif tipli kiçik dronları aşkar edir və onların idarəetmə kanallarına nəzarəti ələ keçirərək onun idarəetməsini pozur. Ermənistan həmin kompleksləri 2016-cı ilin aprel müharibəsində Azərbaycan ordusunun dünyada ilk dəfə zərbə pilotsuz aparatlarını tətbiq etməsindən bir il sonra Rusiyadan sifariş vermişdi.

Lakin bu qurğular Azərbaycan ordusu qarşısında heç bir işə yaramadı və elə dron zərbələri ilə məhv edildi. O zaman Müdafiə Nazirliyinin yaydığı görüntülərdən birində “Harop” zərbə pilotsuz aparatının “Repellent”i necə məhv etdiyi əks olunmuşdu.