Tarixçi alim Dilavər Əzimli bir müddət əvvəl koronavirusa yoluxub. O, dekabr ayının 30-da Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilib və hazırda müalicəsi davam edir.
Dilavər Əzimlinin həyat yoldaşı, jurnalist Arzu Qazıyeva Modern.az-a onun son durumu haqqında danışıb.
Xanımı bildirib ki, Dilavər Əzimli 20 gündür ecmo aparatına qoşulub, vəziyyəti stabil-ağır olaraq qalır, müalicəsi davam etdirilir:
“Dilavər müəllim artıq 29 gündür ki, viral pnevmoniya diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasındadır. Ölkə ictimaiyyətinin aparıcı kəsiminin prezidentə müraciəti, Heydər Əliyev Fondunun, millət vəkili Qənirə xanımın Paşayevanın Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqə yaratması nəticəsində vəziyyəti ciddi nəzarətə götürüldü və görülən tədbirlər nəticəsində ecmo aparatına qoşuldu, bu gün Dilavər müəllimin aparatda olmasının 20-ci günüdür. Aldığı müalicə nəticəsində kiçik bir irəliləyiş əldə edib, hələlik həmin mərhələdədir, vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi davam edir. Xəstəxana ziyarətə bağlı olduğuna görə mən ora gedib-gələ bilmirəm. Lakin həkimilə hər gün əlaqə saxlayıram və gündəlik məlumatları alıram. Bilirəm ki, həkimləri məndən daha çox peşə borclarına və ölkə rəhbərliyinin qarşısında hesabatlıdırlar və müalicənin uğurlu gedişinə səy göstərirlər. Bilirsiz ki, ecmo aparatı tibb elminin ən zirvə texnologiyasıdır və xəstənin ən ağır halında həyata qayıtmasına şans verir. Mənim də istəklərim budur ki, onlar bu şansdan tam istifadə edərək Dilavər müəllimi yalnız sağalmağa doğru aparacaqlar”.
Mehri QURBAN
© 2020 - Created by İLK XEBER.