Suallarımızı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır:
-Azad müəllim, ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin qələbəsini necə qiymətləndirirsiniz?
-Açıq deyim, sonuncu prezident seçkiləri ABŞ dövətinin imicinə ağır zərbə vurdu. Yəni, sabiq prezident Tramp seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edirdi, bununla bağlı onun şikayəti də vardı. Trampın çoxsaylı tərəfdarlarının iddiasına görə, Co Bayden hakimiyyətə saxtakarlıq yolu ilə gəlib və hakimiyyəti qəsb edib. Kapitoli binasının qarşısında baş vermiş ixtişaşlar bunu bir daha təsdq etdi. Seçkinin nəticəsi barədə əgər şübhələlər vardısa, bu dəqiq araşdırılmalı, içtimayyətə və iddiaçı Trampa izahat verilməliydi. Amma biz bunun əksini gördük, özünü demokratiyanın beşiyi kimi təqdim edən ABŞ seçkinin nəticələrini şübhə altına qoydu. Bununla da ABŞ tarixində saxta yolla prezident seçilmiş Baydenin və bütövlükdə Amerkanın siyasi imicinə qara ləkə damğası vuruldu. Bu ləkəni ABŞ aradan qaldırmaq üçün dünya siyasətinə baxışını dəyişməli, sözün əsl mənasında ədalətli davranmalıdır. Beynəlxalq hüququn tələblərinə hörmət etməlidir. Halbuki ABŞ ötən illər ərzində demokratiyanı məqsədə çatmaq üçün vasitə kimi istifadə etmişdir. Yəni, özünü dünya demokratiyasının qarantı və beynalxalq hakimi rolunda görür, dünyanın hansısa dövlətində seçki demokratik və ya anti- demokratik keçməsini müəyyən edən qüvvə qismində aparırdı. Bir sözlə, dünyaya demokratiya ixrac edən dövlər obrazı yaratmışdı. Dünya dövlətlərində keçirilən seçkilər ABŞ standartlarına uyğun olmayanda isə həmin dövlətlərdə seçkinin nəticələrinin tanınmaması barədə rəy formalaşdırılıb, öz maraqlarına münasib seçki nəticələri görmək niyyətində olub.
-ABŞ prezidenti seçilmiş Cozef Baydenin yanvarın 20-də andiçmə mərasimi oldu. Baydenin hakimiyyətə gəlməsi ilə ABŞ-ın dünya siyasətinə baxışlarında, o cümlədən Cənubu Qafqazda nə kimi dəyişiklik baş verə bilər?
-Demokratlar partiyasından olan Co Bayden kifayət qədər nəzəri və praktiki siyasi təcrübəyə malik siyasətçidir. Bizim regionla bağlı ermənipərəst mövqeyini gizlətməyib. Bayden erməni lobbisi ilə sıx əlaqəsi olan, Ermənistana və Dağlıq Qarabağdakı erməni icmasına maddi dəstək verilməsinə, Azərbaycana qarşı məlum 907-ci maddəyə səs verən siyasətçi olub... ABŞ-da hakimiyyətdə istər demokratlar, istərsə də respubilikaçılar partiyasının namizədi olsun, fərqi yoxdur, kimin olmasından asılı olmayaraq dövlətin vahid strategiyası mövcuddur. Hakimiyyətə gələn siyasi partiya taktiki baxımdan dəyişikliklər etməklə dünya ictimaiyyətinə ABŞ-ın fəqli siyasət görüntüsü yaradır. ABŞ dövlətinin qəbul etdiyi strategiya ondan ibarətdir ki, dolları nəyin bahasına olursa-olsun vahid dünya valyutası kimi qoruyub saxlamaq və gücləndirməkdir. Bu strategiyanı qorumaq üçün ABŞ-da hakimiyyətə gələn partiya taktiki baxımdan daxili və xarici siyasətdə kosmetik dəyişikliklər edir, bu strategiyaya mane olan bütün qüvvələri dəf etməyi planlaşdırır.
Düşünürəm ki, Baydeni hakimiyyətə gətirən quvvələr dünya siyasətində yeni təlatümlər yaradacaqlar, dünyada nə qədər xaos yaranarsa, onsuz da ABŞ-ın maraqlarına uğun olacaq. Belə olan təqdirdə dünya valyutası olan dollara bir o qədər təlabat artır və nəticədə dolların məzənnəsi güclənir. Dünya valyutası kimi dolların güclənməsinə mane olan amillərdən biri də Avropa Birliyinin valyutası olan yevrodur. Bu baxımdan Bayden AB ilə Rusiya arasında qarşıdurmanı gücləndirəcək ki, Avropa iqtisadiyyatı, o cümlədən valyutası olan yevro dünya bazarında zəifləsin. Bununla da həm Rusiyanı, həm də AB-ni zəiflətmək istəyəcək, nəticədə dollara rəqib olan yevronun dünya valyutası kimi möhkəmlənməsinə mane olacaq. Ümumilikdə, ABŞ Rusiyanın və Çinin ətrafında gərginlik yaratmaqda davam edəcəkdir, o cümlədən də Cənubu Qafqazda. 44 günlük müharibənin nəticəsi ABŞ-ın bölgədə böyük planlarını pozdu. Ona görə də, Cənubu Qafqaz bölgəsində yeni planlar həyata keçirməyə cəhdlər olacaqdır. Belə ki, bu bölgədə Rusiyanın nüfuzunun güclənməsi, Türkiyə-Rusiya münasibətlərinin müsbət məcrada inkişafı siyasi baxımdan ABŞ-ın narahatçılığına səbəb olduğundan bu narahatçılığı aradan qaldırmaq üçün yeni planlarını inkişaf etdirəcəkdir.
-Qeyd edirsiniz ki, 44 günlük müharibənin nəticəsi ABŞ-ın bölgədə planlarını pozdu. Bu planlar nəylə bağlı idi?
-ABŞ siyasətçiləri, analitikləri və maliyyə oliqarxları Ermənistanda inqlab yolu ilə Paşinyanı hakimiyyətə gətirəndə məqsədləri Cənubu Qafqazda ABŞ-ın nüfüzünü gücləndirmək, regionda Rusiyanın siyasi maraqlarını aradan qaldırmaq, bu bölgəni tamamilə ABŞ-ın təsir zonasına keçirmək idi. Bildiyiniz kimi, Gürcüstan Amerikanın təsir dairəsində olan dövlətdir, bundan başqa, ABŞ Ermənistan və Dağlıq Qarabağ vasitəsi ilə Azərbaycanın bitərəfliyini aradan qaldırmaq və Amerika yönümlü bir dövlətə çevirmək, Ermənistan ərazisindən Iranın daxili işlərinə müdaxilə ediləcəyini nəzərdə tuturdu. ABŞ Ermənistan vasitəsi ilə Türkiyənin dünyada və bölgədə artan siyasi imicinə zərər vurmaq və Türkiyə-Rusiya münasibətlərini pozmağı planlaşdırmışdı. Yuxarda qeyd etdiyim kimi, 44 günlük müharibənin nəticəsi ABŞ-ın bölgədəki planlarını pozdu, faktiki olaraq bölgədə sülhün təminatı Rusiyanın nəzarətinə keçdi. Bizim qələbəmizin nəticəsində ermənilərin ABŞ-dakı lobbisi ilə Rusiyadakı lobbisi arasında qarşıdurma yarandı və nəticədə erməni birliyi parçalandı, Ermənistanda siyasi xaos yarandı. Halbuki ötən illər ərzində qeyd etdiyim lobbilər birgə fəaliyyət göstərirdi, indi ermənilərin xaricdəki lobbiçiləri arasında siyasi qarşıdurma mövcuddur. Erməni lobbiçiləri arasında gedən mübarizədə Paşinyandan sonra Ermənistanda hakimiyyətə ABŞ yönümlü, yoxsa Rusiya yönümlü qüvvənin gələcəyi barədə ciddi fikir ayrılığı yaranıb. Hadisələrin gedişi göstərir ki, ABŞ-ın bölgəmizdəki siyasəti iflasa uğramışdır. Bu baxımdan yeni seçilmiş prezidenti Co Baydenin bölgədə yeni planlar həyata keçirəcəyi şəksizdir...