"Şuşada və Kəlbəcərdə Ordumuzun ən güclü dağ-desant diviziyaları yerləşdirilməlidir"
"Bu acı həqiqətləri dediyim üçün bəzi gerizəkalılar məni "rusiyayönümlü" siyasət yürütməkdə ittiham edirlər"
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb:
- Qüdrət bəy, Lavrov Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının statusunun müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. Bu barədə nə deyə bilərsiniz?
- Biz Rusiya sülhməramlılarına beynəlxalq səviyyədə hər hansı statusun verilməsinə imkan verməməliyik. Çünki, bu ən azı uzun onillər ərzində bizə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyə imkan verməyəcək. Qərbin Rusiya ilə münasibətlərində ciddi problemlərin olmasına baxmayaraq Qərb ermənilərə dəstək müqabilində Rusiyanın Azərbaycanla zorakılıq dilində danışmasını və Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunmasına imkan verməməsini alqışlayacaq. Çünki başa düşürlər ki, Rusiya neytrallığını saxlayıb 44 günlük savaşda Ermənistana əsgəri dəstək verməməklə özünün Türkiyə, İran və Ermənistanla dəmir və avtomobil yollarının açılmasına şərait yaratsa da, onun əsl hədəfi Ermənistandakı "Sorosçu" hakimiyyət idi. Mən də zamanla Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsini Qarabağın azadlığı üçün bir şans kimi qiymətləndirir, Azərbaycan iqtidarını Ermənistanın "Sorosçu" hakimiyyət faktorundan maksimum yararlanmağa çağırırdım. Əgər yaxın tarixə ekskurs etsəniz görərsiniz ki, bununla yanaşı, onu da təklif edirdim ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarının bərpa olunması naminə, Rusiyanın münaqişədə neytrallığını təmin etmək üçün, onun Azərbaycanda, Qəbələdəki kimi, hərbi baza yaratmasına da razılıq vermək olar. Rusiya özünün Azərbaycanda mövcudluğunu sülhməramlı hərbi iştirakda görürsə, maraqlı olmayacaq ki, Azərbaycan Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etsin və münaqişə həll olunsun. Çünki onun Azərbaycanda hərbi mövcudluğu bu münaqişəyə bağlıdır. Bu acı həqiqətləri dediyim üçün bəzi gerizəkalılar məni "rusiyayönümlü" siyasət yürütməkdə ittiham edirlər. Vaxtilə mərhum Prezident Əbülfəz Elçibəy də Rusiyanın Qarabağ savaşında neytrallığını təmin etmək üçün bizim İranla sərhədlərimizi Rusiya ilə birgə qorumağa razılıq vermişdi. Hətta Rusiyalı jurnalistlərə verdiyi və ORT kanalında yayımlanan müsahibəsində həmin sənədi Prezident kimi parafladığını da qeyd etmişdi. Hər kəs həmin müsahibə ilə "YouTube"da tanış ola bilər. Məhz bu səbəbdən Qarabağdakı Rusiya sülhməramlılarına beynəlxalq status verilsə və onların Azərbaycanda qalması bizim yox, beynəlxalq birliyin qərarından asılı olsa, münaqişə heç vaxt həll olunmayacaq və biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik.
- Qüdrət bəy, Türkiyənin proseslərdə iştirakı 44 günlük savaş dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəif görsənir.
- Türkiyə bizim qardaşımızdır. Amma qardaşlarımızın bizdən başqa da çoxlu problemləri və imkanlarının müəyyən həddi var. Türkiyə düzgün olaraq Qarabağa görə Rusiya ilə açıq qarşıdurmaya getmir. Çünki həm bunun nəticəsi uğurlu olmaya bilər, həm də onun NATO üzrə müttəfiqləri ermənilərə görə Türkiyəyə qarşı çıxıb, Rusiyanı dəstəkləyəcək. Türkiyə ilk gündən Rusiya ilə anlaşma çərçivəsində bacardığı hər şeyi etdi və edir.
- Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək üçün nələri etməliyik?
- İlk növbədə Prezidenti kənar təzyiqlərdən qorumaq üçün birliyimizi saxlamalı və onu müdafiə etməliyik. İkincisi, azad bazar münasibətlərinə əsaslanan və rəqabətədavamlı iqtisadiyyat, güclü peşəkar ordu qurmalıyıq. Bazar iqtisadiyyatını dəstkləyən qanunlarımız olduğu üçün Dünya Bankının "Doing Business" hesabatı üzrə ön cərgədəyik, amma qanunlara əməl olunmasınada problemlərimiz olduğu üçün ölkə iqtisadiyyatına investisiya qoyuluşu artmır. Bu istiqamətdə problemlərin həlli üçün Prezidentin tapşırıqları yerinə yetirilməli, müvafiq islahatlar həyata keçirilməlidir. Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın qısa zamanda bərpasına və məskunlaşmasına nail olmalıyıq. Daha çox diqqət Laçın və Kəlbəcərin inkişafına yönəldilməlidir. Bu rayonların kənd sakinlərinə pul verilməlidir ki, gedib evlərini bərpa edib heyvandarlıqla məşğul olsunlar. Kəlbəcərdəki "İstisu" turizm mərkəzinin- sanatoriyasının yaxınlığında hava alanın tikintisinə başlamalı, Şuşada və Kəlbəcərdə Ordumuzun ən güclü dağ-desant diviziyaları yerləşdirilməlidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını 44 günlük savaş və coğrafiya müəyyən edib. Bizə qalır onun ətrafını məskunlaşdırıb güclü iqtisadiyyat qurmaq, ətrafda hərbi baxımdan möhkəmlənmək. Dağlıq Qarabağla iqtisadi və insani əlaqələr öz işini görəcəkdir. Bunlarla yanaşı, qətiyyətli xarici siyasət aparmalı, Rusiya ilə əlaqələr yüksək səviyyədə saxlanılmalı, Türkiyə ilə daha da yaxınlaşma siyasəti davam etdirilməlidir. Rusiya ilə bütün problemlərin strateji əməkdaşlıq ruhuna uyğun, danışıqlar yolu ilə çözülməsinə çalışmalıyıq.
- Miqrant tənqidçilər möhtəşəm qələbəmizi kənara qoyub,yalnız Rusiya sülhməramlılarından danışırlar. Bu nə ilə əlaqədardır?
- Fransada və ABŞ-da oturub hansı mövqeni sərgiləyəcəklər ki?Nə tapşırılır onu da danışırlar.Onların dediklərinə əhəmiyyət vermək lazım deyil.Kiçik bir araşdırma aparın.Onlar hətta müharibə başlayana bir gün qalana qədər deyirdilər ki,İlham Əliyev heç vaxt müharibə edə bilməz.Yaxud deyirdilər ki,Azərbaycanı Rusiya idarə edir.İndi isə deyirlər ki,amandır, Rusiya sülhməramlıları gəlib və Azərbaycanın daxili və xarici siyasətinə təsir edəcək.Özləri özlərinə sual vermirlər ki,əgər dedikləri kimi Azərbaycanı Rusiya idarə edirdisə onda nədən narahatdırlar?Onların hay-həşiri dövlətçiliyimizlə bağlı narahatçılıqdan yox,daha çox kənar sifarişlərdən və hakimiyyət uğrunda mübarizədən qaynaqlanır.Əslində hamısı başa düşür ki,İlham Əliyev nəyə nail olub.Bizim Ordumuzun döyüş meydanında göstərdiyi şücaəti İlham Əliyev diplomatik müstəvidə göstərib.İndi biz dedi-qodulara baş qoşmadan növbəti qələbəmiz üçün hazırlaşmalı və əlverişli beynəlxalq vəziyyətin yaranmasını gözləməliyik.
Yeri gəlmişkən mənim "adi silahlarla döyüş meydanında məğlub olacağı təqdirdə Rusiyanın kiçik başlıqlı nüvə silahından istifadə edə biləcəyi" barədə fikirlərimi "təhlil" edən artist kütbeyinlər gedib Rusiyanın hərbi doktirinasını və müasir dünyada baş verənləri təhlil emək gücünə sahib olmaları üçün siyasi ədəbiyyatı oxuyub, zorakılığa söykənən beynəlxalq siyasi prosesləri izləsinlər. Bu gün özünü dünyanın ən demokratik ölkələri hesab edənlər belə rəqiblərini kiçik başlıqlı nüvə zərbələri ilə hədələyirlər. O cümlədən bizim qonşu İranı.