Prezidentin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj - Azay Quliyevin şərhi

"Ulu Öndər Heydər Əliyev 1982-ci ilin yanvarın 14-də məşhur şair, siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılışını etmişdi. Həmin tədbirdə iştirak edən 21 yaşlı İlham Əliyev heç vaxt fikirləşməzdi ki, Azərbaycanın qeyrət qalası olan Şuşa 10 ildən sonra işğal olunacaq və məhz O, bu işğala son qoyaraq 39 illik fasilədən sonra, eyni gündə bu müqqəddəs şəhərə müzəffər Ordunun Ali Baş Komandan kimi geri dönəcək".

Bunu millət vəkili Azay Quliyev bildirib. O, həmçinin qeyd edib: "Bəli, bu tarixi və şərəfli missiya məhz Prezident İlham Əliyevin taleyinə yazılmışdı. Azərbaycan xalqının tapdanmış qürurunun və heysiyyatının dirçəltməyi, dahi şəxsiyyətlərimiz Xan qızı - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş büstünü döğma vətənlərinə qaytarmağı, qan yaddaşımızda daşlaşmış Cıdır düzündə öz qəhrəman əsgərlərini salamlamağı yalnız Ali Baş Komandan kimi cənab İlham Əliyev bacara bildi.
Qarabağ torpaqlarını, Şuşanı Ulu Öndər Heydər Əliyevin dövlətçilik məfkurəsinin və İlham Əliyev idarəçiliyinin yetirməsi olan Gənclər böyük qəhrəmanlıq və şücaət göstərərək azad etdilər. Ali Baş Komandanın qətiyyətli iradəsi və “Dəmir Yumruğu” ilə əsgər və zabitlərimizin igidlyi, vətən segisi və düşmənə olan nifrəti birləşərək dünyanın hərbi ekspertlərini heyrətləndirən “Şuşanın azad olunma əməliyyatı’nı uğurla başa çatdırmağa nail oldu.
Cənab Prezidentin Şuşa səfəri həm də Böyük Qayıdışın Şuşadan başlayacağnın və işğal altında olan bütün torpaqların tezliklə bərpa olunacağının yeni anonsu idi. Ali Baş Komandanın revanşizm xülyalarında olan düşmənə məhz Şuşadan mesaj verməsi, onlara dəmir yumruğunu bir daha xatırlatması həm də rəmzi məna daşıyır. Çünki, “Şuşaya sahib olan bütün Qarabağa nəzarət edir” gerçəkliyini hamı, o cümlədən ermənilər də yaxşı başa düşürlər. Yəqin ki, bu xəbərdarlıqdan sonra evlərini satışa çıxaran seperatçı meyilli ermənilərin sayı daha da artacaq.
Səfərdə diqqəti cəlb edən məqamlardan biri də cənab Prezidentin, hörmətli Mehriban xanımın və Leyla xanımın Şuşada olan müqəddəs yerləri, məscidləri ziyarət etməsi, eyni zamanda xristian dini məbədinə baş çəkməsidir. Bununla mesaj verildi ki, Şuşadakı Aşağı və Yuxarı Gövhər ağa məscidləri və Qarabağda olan Qafqaz Albaniyası mədəniyyətinin nümunələri, o cümlədən Qazançı məbədi bundan sonra Azərbaycan dövlətinin tam qorunması, nəzarəti altında olacaq. Heydər Əliyev Fondu indiyə kimi yüzlərlə tarixi və dini abidənin bərpası, qorunması və dünyaya tanıdılması istiqamətində çoxlu işlər görüb. Eyni xoş tale Qarabağda olan xristian dini məbədlərini də gözləyir. Bu həm də xiristian dini altında pərdələnərək öz çirkin niyyətlərini həyata keçirmək istəyən, işğala dini münaqişə donu geyindirərək ona haqq qazandırmağa çalışan ermənilərə və onların havadarlarına Azərbaycanın tutarlı bir cavabı, ölkəmizin multukultural dəyərlərə nə qədər önəm verdiyinin, bütün dinlərə və millətlərə bərabər şəkildə hörmət olunduğunun bir daha nümayişi idi.
Eyni zamanda dövlət başçısı tərəfindən Ermənistanın bəzi islam ölkələrinin iştirakı ilə təmir-bərpa işləri adı altında Şuşadakı Yuxarı Gövhər ağa məscidinin tarixinin saxtalaşdırmasının, “Azərbaycan izi”nin silinməsinə cəhd edilməsinin, islam abidələrini təhqir etdikdən sonra müsəlman ölkələri ilə riyakarcasına dostluq əlaqələri qurmasınının sərt tənqid olunması həmin ölkələrə həm etiraz, həm də xəbərdarlıq idi.
Əminəm ki, Prezidentin islam və xristian dünyasına Şuşadan verdiyi mesajlar ünvanına çatıbdır".

Musavat.com