Partiya sədri: “10 noyabr bəyanatının bir bəndinin icra mexanizmi barədə razılığa gəlinməsi pozitiv məqamdır”

“Azərbaycan cəmiyyətində Mockvadakı 3 tərəfli görüşdən böyük gözləntilər var idi: Sülhməramlı qüvvələr kimi Azərbaycan ərazisində yerləşdirilən Rusiya hərbi kontingentinin statusunun, mandatının dəqiqləşdirilməsi, həmin hərbi kontingentin nəzarəti altında olan Azərbaycan ərazilərindən Ermənistan hərbi hissələrinin çıxarılması və separatçı cinayətkar rejimin tabeçiliyində olan silahlıların tərksilah olunması, keçmiş Dağlıq Qarabağın ərazisində Azərbaycan dövlətinin suverenliyinin tam bərqərar olması, Naxçıvanla kommunikasiya xətlərinin açılması və s”. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü İlkxeber.org-un əməkdaşına sərh edərkən səsləndirib.

Q.Əlibəylinin fikrincə, bu gözləntilərin hamısı tam şəkildə özünü doğrultmasa  və bir çox məsələlər açıq qalsa da, görüşün nəticəsi kimi imzalanmış yeni 3 tərəfli bəyanatın əhəmiyyəti qeyd edilməlidir. Dörd saatlıq  qapalı görüşdən sonra bəyanatın bu formada imzalanması müzakirələrin gərgin keçdiyini, təkcə kommunukasiya xətləri ilə bağlı məsələlərin deyil, bir çox digər məsələlərin də müzakirə obyekti olduğunu istisna etmir.

“Kommunikasiya xətlərinin açılmasından birinci növbədə Rusiya faydalanacaq və bölgədə hərbi iştirakını daha da möhkəmləndirəcək. Ermənistanın da fayda götürəcəyi şübhəsizdir. Azərbaycanın Naxçıvan və Türkiyə ilə kommunikasiya xətlərinin açılması da bizim üçün xüsusi əhəmiyyətli məsələlər sırasındadır. Əlbəttə, həllini gözləyən digər məsələləri əsas götürərək bəyanatı imzalamamaq da olardı. Lakin bununla nəyin isə dəyişəcəyini, həmin məsələlərin dərhal həll olunacağını güman etmək sadəlövhlük olardı”-deyə partiya sədri bildirib.

Q.Əlibəyli hesab edir ki, bu gün 10 noyabr bəyanatının bir bəndinin icra mexanizmi barədə razılığa gəlinməsi pozitiv məqamdır və cəmiyyətimizi narahat edən digər məsələlərin də mərhələ-mərhələ həll ediləcəyinə inamı artırır.

İlkxeber.org