Rusiya dünyada hələ də superdövlət kimi dəyərləndirilir və qəbul edilir. Hələ də bu nəhəng dövlət dünyanın siyasi mübarizə məkanında önəmli siyasi iradə sahibi hesab olunur. Və Kremlin hərbi-siyasi mövqeyi nəzərdən qaçırılmır, diqqətə alınır.
Yəqin ki, dünyada sensasion dəyişikliklər olmazsa, bu reallıq hələ uzun müddət belə də qalacaq. Çünki Rusiya nəhəng nüvə dövlətidir. Nüvə silahı isə strateji hərbi-siyasi silahdır. Bu silaha sahib olan ölkə, xüsusilə də, Rusiya kimi tarixi ənənələrini qoruyub, saxlamış dövlət asanlıqla hesabdan silinə bilməz.
Onu da qeyd edək ki, Rusiyanın bu statusu beynəlxalq siyasət məkanında bir çoxlarını məmnun etmir. Əksinə, çoxsaylı beynəlxalq rəqibləri Rusiyanın öz sərhədləri içərisinə sıxışdırılmasında birmənalı şəkildə maraqlıdır. Və bu istiqamətdə bütün addımları atmaqda davam edirlər.
Maraqlıdır ki, beynəlxalq rəqibləri bir neçə dəfə Rusiyanın dünya siyasət məkanındakı mövqelərini əlindən almağa çox yaxın olublar. Keçmiş SSRİ dağıdılanda Qərbdə bir çoxları Rusiyanın bir daha dirçəlib, dünya siyasətinə müdaxilə edə bilməyəcəyini düşünürdülər. Hətta bu dövlətin tədricən "əriyib"' yox olacağını düşünənlər də var idi və onlar məmnunluqla əllərini ovuşduraraq, Rusiyasız dünya düzənini ssenariləşdirməyə başlamışdılar.
Əslində, həmin dövrün şərtlərini nəzərə aldıqda, haqsız da deyildilər. Çünki ötən əsrin 90-cı illərində Rusiya hakimiyyət boşluğundan əziyyət çəkirdi. Ölkə az qala xaosa doğru sürüklənirdi. Daxili separatizm meyllərinin güclənməsi Rusiyanı parçalanma təhlükəsi ilə üzləşdirmişdi.
Ancaq Rusiyasız dünya düzəni planlarını quranların ümidləri gözlənilmədən boşa çıxdı. Çünki bu nəhəng ölkə üçün taleyüklü bir dövrdə Rusiyanın səhnəarxası iç dinamikləri hərəkətə gətirildi. Rusiyada "dərin dövlət" funksiyalarını icra edən Hərbi Sənaye Kompleksi məsuliyyəti öz üzərinə götürdü. Ölkəni fəlakətin içinə çəkmiş prezident Boris Yeltsin vaxtından əvvəl istefaya məcbur edildi. O vaxta qədər artıq baş nazir postuna qədər yüksəldilib, hakimiyyət yolu təmizlənmiş Vladimir Putin iqtidara gətirildi.
Bəli, məhz Rusiyasız dünya düzəni layihəsi Putin faktoru ilə əngəllənmiş oldu. Prezident son 20 ildə Rusiyanı yenidən dirçəldib, dünyanın siyasət məkanında itirilmiş mövqelərin əhəmiyyətli hissəsini geri qaytarmağa nail oldu.
Nəticədə dünya Rusiya ilə münasibətlərdə Putin faktoru ilə hesablaşmaq məcburiyyətində qaldı. Bundan bir çoxları qətiyyən məmnun deyil. Çünki Putin faktoru Rusiyanı gücləndirir, superdövlət statusunun qorunmasını təmin edir, rəqiblərin planlarını iflasa uğradır.
Təbii ki, belə vəziyyətdə dünya hegemonluğu uğrunda mübarizənin məzmun və hədəflərinə dəyişiklik etmək məcburiyyətində qaldılar. Rusiyanın zəiflədilərək, sıxışdırılması prosesini Putin faktorunun zərərsizləşdirilməsi planları ilə əvəzlədilər.
Məsələ ondadır ki, hazırda beynəlxalq siyasi iradə mərkəzləri Rusiyaya qarşı mübarizəni məhz prezident V.Putinin dünyadakı mövqelərinin zəiflədilməsi ssenariləri üzərində qurmağa çalışırlar. Bəzi Rusiya siyasətçi və ictimai xadimlərinin zəhərlənməsi ilə bağlı olayların məhz prezident V.Putinlə əlaqələndirmək cəhdlərisə, Kreml sahibinin ölkədaxili mövqelərinin sarsıdılmasına hesablanmış kimi görünür.
Belə anlaşılır ki, bəzi beynəlxalq siyasi iradə mərkəzləri prezident V.Putinin mümkün qədər tez bir zamanda hakimiyyətdən getməsində birbaşa maraqlıdırlar. Və bu istiqamətdə bütün mümkün addımları atırlar.
Onu da qeyd edək ki, Qərb mediası Rusiya əhalisini də prezident V.Putinin tezliklə hakimiyyətdən gedəcəyi ilə bağlı ehtimallara hazırlamağa çalışır. Hər halda, ötən ilin noyabrında Qərb mediasında, xüsusilə də, Böyük Britaniya mətbuatında prezident V.Putinin dekabrda və ya yanvarda istefa verməyə hazırlaşdığı barədə məlumatların dövriyyəyə buraxılması qətiyyən təsadüf ola bilməzdi. Çünki həmin məlumatlarda istefa səbəbi kimi məhz prezident V.Putinin səhhəti ön plana çəkilirdi. Onun parkinson xəstəliyindən əziyyət çəkdiyi və sağlıq durumunun ağırlaşdığı vurğulanırdı.
Maraqlıdır ki, prezident V.Putinin son vaxtlarda qəbul etdiyi bəzi qərarlar da həmin məlumatların həqiqətə yaxın ola biləcəyini istisna etmirdi. Belə ki, Kreml sahibinin tez-tələsik keçmiş prezidentlərin statusunun müəyyən edilməsi barədə qanunu imzalaması Rusiya bir qədər çaşqınlıq və narahatlıq ilə qarşılanmışdı.
İndisə, Rusiyanın siyasi dairələrində yeni iddialar gündəmə gəlməyə başlayıb. Belə ki, Kremlə yaxın bəzi politoloqlar prezident V.Putinin devrilməsinə hesablanmış ssenarinin hazırlandığını vurğulayırlar.
Rusiyanın tanınmış politoloqu Sergey Markov "Exo Moskvı" radiosuna müsahibəsində bu barədə danışıb. Onun iddiasına görə,2021-ci ilin sentyabrında prezident Putini hakimiyyətdən devirməyə cəhd edəcəklər. Kremlə yaxınlığı ilə seçilən bir politoloqun belə açıqlama verməsi qətiyyən təsadüf sayıla bilməz.
Böyük ehtimalla belə bir ssenari həqiqətən ola bilər. Və doğrudursa, deməli, həm Rusiya xüsusi xidmət servisləri artıq bu barədə məlumatlıdırlar. Bu məntiqlə prezident V.Putinin də özünə qarşı hazırlanan planlardan xəbərdar olduğu qətiyyən şübhə doğurmamalıdır.
Eyni zamanda, Kremlə yaxın bir politoloq belə məzmunlu açıqlamanı yüksək siyasi dairələrin razılığı və ya sifarişi olmadan dilə gətirməzdi. Ola bilsin ki, Kremldə bir politoloqun dili ilə qurulan oyunlardan məlumatlı olduğunun mesajını verməyə ehtiyac duyurlar.
Çünki politoloq S.Markov çevriliş ssenarisini özü hazırlamış kimi az qala ən xırda detallarına qədər açıqlayıb. O, açıq şəkildə bildirib ki, prezident V.Putini devirmək cəhdinin təşkilatçıları məhz ABŞ və Böyük Britaniya olacaq.
Əslində, Böyük Britaniyanın Kreml sahibinə qarşı beynəlxalq "qara propoqanda"nın əsas təşkilatçısı olduğu heç kəsə sirr deyil. Eyni zamanda, tezliklə ABŞ-da Rusiyaya dost Tramp administrasiyasının Kremlə antipatiyasını qətiyyən gizlətməyən Co Baydenin siyasi komandası ilə əvəzlənəcəyi də hər kəsə məlumdur. Bu baxımdan, Rusiyaya qarşı Böyük Britaniya və ABŞ-ın ortaq hərəkət edə biləcəyi qətiyyən istisna deyil.
Ancaq S.Markovun detallı çevriliş təsviri situasiyanı bir az da tündləşdirir: "Sentyabrda Dövlət Dumasına seçkilər keçiriləcək. Bu seçkilər əvvəlcədən qeyri-legitim və ədalətsiz elan olunacaq. "Maydan hazırlığı" başlanacaq".
Belə anlaşılır ki, politoloq Rusiya üçün Ukrayna ssenarisinin hazırlandığına eyham vurur. Çünki o, iddia edir ki, ABŞ və Böyük Britaniya xüsusi xidmət servisləri ilə yanaşı, çox sayda siyasi-ictimai mərkəzlər, fondlar, KİV və siyasi qruplar bu prosesdə iştirak edəcəklər. Politoloqun sözlərinə görə, bunun üçün hətta Praqada xüsusi qərargah da qurulacaq.
Əgər, onun dedikləri doğrudursa, ABŞ və Böyük Britaniya Rusiya daxilində prezident V.Putinə qarşı bu qədər əhatəli güc mərkəzlərini cəmləşdirmək şansına malikdirsə, deməli, Kreml sahibinin ölkədaxili siyasi mövqelərinin keyfiyyətindən şübhələnməyə əsaslar olmamış deyil.
Əslində, S.Markov bu şübhələri də dolayısı ilə təsdiqləyir. Belə ki, onun sözlərinə görə, Belarusda son hadisələr göstərir ki, vahid liderin mövcud olduğu mərkəzləşmiş hakimiyyət və bu iqtidarın ciddi uğurlar qazanması barədə ekspert rəyləri həddən artıq şişirdilib.
Bütün bunlar onu göstərir ki, dəyişən dünya düzəninin artıq öz şərtləri var. Bu şərtlər daxilində dünyanın ənənəvi reallığında hər hansı dəyişikliklər ehtimalı bundan sonra qətiyyən təəccüblə qarşılanmamalıdır.
Əlbəttə, ABŞ və Böyük Britaniyanın Putinsiz Rusiya planlarının baş tutub-tutmayacağı barədə hələlik qəti fikir bildirmək bir qədər tezdir. Çünki iddianın müəllifləri əsasən Kremlə yaxın siyasi dairələrdir. Və bu məqam Kremlin özünün də hazırda gələcəyə hesablanmış hansısa siyasi ssenarilərin qurulmasında maraqlı ola biləcəyini istisna etməyə imkan vermir. Yəni Kreml də daxili və xarici siyasi manevr imkanlarını genişləndirmək üçün indidən bəhanə qazanmağa ehtiyac duymuş ola bilər.
Ancaq bu məsələyə bir də Cənubi Qafqaz dövlətlərinin, xüsusilə də, Azərbaycanın maraqları çərçivəsindən də baxmağa ehtiyac var. Belə ki, unutmaq olmaz ki, indiki situasiyada Rusiyada hakimiyyət dəyişikliyi Azərbaycanın maraqlarına cavab verməyə də bilər.
Məsələ ondadır ki, Kreml sahibinin son davranışları rəsmi Bakını qane edə biləcək məzmundadır. Prezident V.Putin 44 günlük savaşda Azərbaycanın hərbi qələbəsini əngəlləməyə ehtiyac duymadı.
Eyni zamanda, Azərbaycan ilə olduqca isti münasibətlər quran Kreml sahibi "Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir" siyasi teoreminin də müasir beynəlxalq müəllifidir. Münaqişənin mövcud olduğu son 30 ildə Rusiya da daxil olmaqla, Cənubi Qafqazda maraqları olan heç bir superdövlət belə birmənalı və konkret mövqe ilə çıxış etməyib.
Prezident V.Putinin bu regional xarakterli siyasi teoremi savaşda qalib gəlmiş Azərbaycanın əlini diplomatik istiqamətdə daha da möhkəmləndirib. Və rəsmi Bakının bu siyasi teoremdən yaxın gələcəkdə geniş şəkildə faydalana biləcəyi qətiyyən şübhə doğurmamalıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
© 2020 - Created by İLK XEBER.