"İran bu gizli və xəyanətkar əməllərinə görə beynəlxalq müstəvidə cavab verəcək..."

İranın Azərbaycan-İran dövlət sərhədində Arza çayı üzərində, işğal olunmuş Cəbrayıl rayonu istiqamətində separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqə məqsədilə tikdiyi 4 yeni körpü məsələsi ciddi rezonansa səbəb olub.

 
Moderator.az bu problem ətrafında konfliktoloq Elxan Mehdiyevin fikirlərini öyrənib:
 
- Elxan bəy, işğaldan sonrakı illərə baxsaq İranın işğal bölgələrində fəaliyyəti hansı səviyyədə baş verirdi? 
 
- İranın Ermənistana etdiyi köməyi hamımız bilsək də, dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilsə də İran hər zaman bunu qonşu bütün ölkələrlə normal münasibət yaratmaq siyasətindən doğduğunu və Azərbaycana qarşı yönəlmədiyini qeyd edirdi. Azərbaycanda bu baxışı qəbul etməsələr də, İranin erməni siyasəti sakit şəkildə qəbul edilmiş görünürdü. İran yük daşıma TİR –lərının Stepanakertə yük daşımaları və işğal bölgələrində İranlı turistlərin vaxt keçirməsi, Şuşada birgə layihələr həyata keçirməsi də məlum idi. İşğal edilmiş ərazilərdəki kəndlərdəki on minlərlə evlərin dəmir darvazaları, evlərinin dəmir çatıları və minlərlə ton dəmir və mis məmulatlarının ermənilər tərəfindən sökülüb İrana satılması da hamımıza məlum idi. İranın öz mal-qarasını və qoyunlarını işğal edilmiş ərazilərdə otarması və qışlaq kimi istifadə etməsi də məlumdur. Azərbaycan dəmir yollarının Horadizdən başlayaraq 120 km uzanan relslərini Serj Sarkisyanın şəxsi razılığı ilə İrana satıldığı iddia edilən min tonlarla poladın hara sərf edilməsi haqqında bu dəqiqə Ermənistan İstintaq idarəsində istintaq getdiyi də məlumdur. Serj Sarkisyan bu pula silah aldığını deyir, Paşinyan isə bu pulun (söhbət on milyonlarla dolardan gedir) harda olduğunu aydınlaşdırılması üzərində israrlıdır. Bütün bunları İranın hər yerdə üstün tutduğu İslam mənəviyyatına bağlayırıq... yiyəsiz məmləkət bu adla yağmalanır... Amma Azərbaycanın də mövqeyi təəccüb doğurur, çünki beynəlxalq dəmir yolu relslərinin işğal qüvvələri tərəfindən sökülüb satılması hərbi cinayətdir və bu məsələ niyə beynəlxalq gündəmə (Həmsədrlərin gündəminə yox) çıxarılmır.., mən başa düşmürəm....
 
- Bəs İranın bu cür fəaliyyətinə etiraz edilmirmi? 
 
- İranın Araz çayı üzərində Xudafərin körpüsü yanında Xudaferin su anbarı tikməsi təklifi o zamanlar mərhum Prezident Heydər Əliyev tərəfindən qəzəblə qarşılanmış və o İran nümayəndə heyəti ilə keçirilən görüşü ictimaiyyətin gözü qarşısında tərk etmişdir. Sonralar iran buna baxmayaraq su anbarı tikmiş və nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir çox kəndləri və onların əraziləri su altında qalmışdır. Və həmən kəndlərin sakinlərinin dədə- baba yurdları və qəbristanlıqları da su altında qalmışdır. Çayın kənarı boyu uzanan dəmir yolu və Bakı-Zəngilan şose yolu da su altında qalmışdır. İran faktiki olaraq Azərbaycan ərazilərini ilhaq etmişdir. Azərbaycanın infrastrukturunu ermənilərlə birlikdə tar-mar etmişdir. İndiyə qədər Azərbaycan höküməti bu barədə İranla nə danışıb- danışmadığı haqqında heç kimin xəbəri yoxdur.
 
- Bəs Araz cayı üzərində qurulan körpülər nə məqsəd daşıyır? 
 
- İndi ortaya çıxan məsələ, həmin su anbarından yüzlərlə dəfə qorxulu bir məsələ olub, dünyada tayı bərabəri olmayan bir haldır. İran Araz çayı üzərindən işğal edilmiş Cəbrayıl rayonu ərazisini İranla birləşdirən bir neçə avtomobil və yük maşını keçən körpülər salmış və bu körpülər vasitəsilə işğal olunmuş bölgələrə dəhliz açmış və bu bölgələri de-fakto özünə birləşdirmişdir. Bu hal hüquqi baxımdan da yeni şərait yaratmışdır və Azərbaycan torpaqlarının işğalını daha da beynəlmiləlləşdirmişdir. Azərbaycanın işğal olunmuş ərazilərinə sərbəst giriş-çıxış yolları qurmaqla işğal edilmiş ərazilərin birgə istismarı hüquqi vəziyyəti yaranmışdır. Artıq ikinci bir ölkə də Azərbaycan ərazilərinin işğalında tərəf olmuşdur. Bu körpülərin tikintisi də indiyə kimi sirli saxlanılmışdir. Erməni mətbuatında çox şey yazılsa da, bu bir sir daşıdığından indiyə kimi mətbuata sızmamışdır. Mən burada iki əsas məsələni önə çıxarıram. Biz İran ilə ermənilərin işğal edilmiş ərazilərdə nəyi bölüşdüklərini və nə haqda sövdələşdiklərini sona qədər bilmirik. Bu körpülər heç də İran mal- qara və qoyunlarının otlaması və qışlağı üçün keçid kimi nəzərdə tutulmamışdır. Ortada əlbəttə hərbi-strateji məsələlər durur. Və beş körpünün tikilməsi də ilk növbədə hərbi məqsədlərə xidmət edir və Azərbaycanın hər hansı hərbi əməliyyat cəhdi olursa,İran qüvvələrinin erməni qüvvələrinin cənub cəbhə xəttinə dəstək olaraq yeridilməsinə xidmət edir. Biz indiki zamanda həmin cənub bölgələrində İran hərbi qüvvələrinin olduğunu də dəqiq bilmirik. Amma hərbi qüvvələrin su anbarı mühavizəsi bəhanəsi altında Cəbrayıl ərazisində yerləşməsi də tamamilə məntiqlidir və körpü yaxınlığında hərbi kazarmalara bənzər böyük obyektlərin olması bu arqumentin sübutuna da xidmət edən amildir. Burada İranın Rusiya ilə bu məsələni nə qədər razılaşdırıldığını da araşdırmağa həyati ehtiyac vardır. Çünki İran Ermənistanla əksər əməkdaşlıq işlərini öncədən Rusiya ilə koordinasiya edir.Nəzərə alsaq ki, Rusiyanın Tehrandakı səfiri də erməni əsilli millətçi ermənidir və bu işlərin arxa divarlarda necə aparıldığı haqqında danışmağa ehtiyac yoxdur. İkinci strateji məsələ bilavasitə İranın beynəlxalq sanksiyalar altında olması və nüvə proqramı ilə əlaqəlidir. İranın Ermənistanla Meqri sərhəd keçid məntəqəsində ABŞ-ın təmin etdiyi cihazların olduğu haqqında erməni tərəfi də bir neçə il öncə məlumatlar yaymışdı. Bu baxımdan Meqridə müəyyən beynəlxalq müşahidə vardır. Ona görə də, düşünürəm ki, İran sanksiyalardan yayınmaq və Ermənistandan və Ermənistan vasitəsilə Rusiyadan alacağı sanksiya altında olan strateji materialları nəzarətsiz olan bu körpülər vasitəsilə həyata keçirmık üçün tikmişdir. Bu körpülər bütün coğrafiyası üzrə müşahidə altında olan İran üçün yeganə nəzarətsiz, gizli yoldur. Biz faktiki olaraq İranın beynəlxalq müşahidədən azad gizli yolunu aşkar etmişik. Və Azərbaycan tərəfi bu məsələni tezliklə ABŞ tərəfi ilə müzakirə etməli və nüvə beşliyinin digər üzvləri ilə hərəkət etməlidir. Çünki İran bu yollar vasitəsilə İrana izn verilməyən nüvə məmulatları və sankisya altında olan məmulatları nəzarətsiz olaraq keçirmək imkanı qazanmışdır.
 
- Sizcə burada Azərbaycan bu cür çətin vəziyyətdə necə hərəkət etməlidir? 
 
- Nəticədə, bütün bu addımlar Azərbaycanın beynəlxalq sərhədlərinin nəzarətsiz halda qalmasının beynəlxalq təhlükəsizlik üçün gətirdiyi nəticələri əyani şəkildə ABŞ və böyük dövlətlərə aydınlatacaq və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə məncə böyük təkan verəcəkdir. Bu böyük beynəlxalq qalmaqaldır və İranın gizli yolları ifşa edilmişdir və bunu biz nüvə koridoru da adlandıra bilərik. Dünya birliyi Ermənistan hökümətinin beynəlxalq qaçaqmalçılıq,narkotik daşınma,silah alveri və İran nüvə proqramı da daxil strateji məmulatları İrana ötürmək üçün İranla əlbir şəkildə gizli şəkildə həyata keçirdiyi cinayətlə üzləşmişdir və bu vəziyyət Azəbaycanın ərazilərinin azad edilməsinə kömək edən beynəlxalq koalisyanın yaranmasına kömək edən bir haldır. Burada hadisələrin gedişi Azərbaycan hökümətinin bacarıq və qabiliyyətindən asılı olacaq. Burada aparıcı qüvvə Azərbaycan olmalıdır, yoxsa sonucda həmən ABŞ və qeyd edilən dövlətlər bu məsələni elə ermənilərlə həll etməyə çalışacaq. İranın erməni işğal qüvvələri ilə birgə bu körpüləri qurması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə və siyası müstəqilliyinə yönəlmiş bir qəsddir. İran bu əraziləri körpü ilə İrana birləşdirməklə Azərbaycanın bu ərazilərini ilhaq etmişdir. İşğal ərazilərində hər hansı fəaliyyəti öz üzərindən atan və DG ermənilərinin ustunə atan Ermənistandan fərqli olaraq, görəsən İran qurduğu bu körpüləri və işğal bölgəsindəki fəaliyyətlərini kimin üstünə atacaq?.
 
- Burada ilkin olaraq hansı tədbirlər görülməlidir? 
 
- İranın bu xəyənatkar əməlini Azərbaycan cavabsız qoymamalıdr. Ona qarşı dərhal aşağıdakı ilkin tədbirləri görməlidir.
 
Birincisi, Azərbaycan dərhal öz səfirini İrandan geri çağırmalıdır.
 
İkincisi, Azərbaycan dərhal BMT-a müraciət etməli və mövcud vəzyyəti BMT-də müzakirəyə çıxarmalıdır. İndiki dönəmdə yaxın şərqdən tutmuş bütün bölgələrə burnunu soxan İrana qarşı beynəlxalq birliyin əlində olan arqumentlərə bu təcavüzü də əlavə etməklə yuxarıda deyildiyi kimi biz həm Amerika və həm də Avropadakı BMT TŞ üzvlərinin dəstəyini qazana bilərik. Və bu ölkələr bu məsələnin açılması üçün bizlərdən daha çox maraqlı olacaqlar. Bütün bu addımlar erməni işğalının aradan qaldırılmasını gündəmə gətirəcək və məsələni ört basdır edən ATƏT Minsk Qrupunun monopoliyasına da son verə bilər. Əgər ATƏT-ə müraciət edilsə bu məsələnin də ciddiliyi onların “sülh prosesi” kimi quyunun dibinə düşəcək.Bu hal həm də işğal ərazilərində ermənilərin məskunlaşma və infrastruktur işlərinin hər vəchlə ört-basdır etməyə çalışan Həmsədrlərin məsuliyyət daşıdıqlarını və bu işlərə rəvac verdiklərini ortaya qoyacaq. Əgər Azərbaycan İrana qarşı çəkinmədən sərt addımlar atmasa və mövqe ortaya qoymasa Azərbaycan yaxın Şərqdəki Livan kim tapdaqaltı bir dövlətə çeviləcək. Azərbaycan tezliklə diplomatik addımlarla İrana bu bədəli ödətməlidir.
 
Üçüncüsü, Azərbaycanın hərbi və kəşfiyyat strukturları öz işlərini görməlidir.
 
Dördüncüsü, İrandan ehtiyat edən Azərbaycan dərhal İsrailə öz səfirini göndərməlidir. Azərbaycan İsraillə hərbi və iqtisadi münasibətlərini gücləndirməli və İranın bu xəyanətkar əməllərinə qarşı beynəlxalq koalisiya qurmalıdır.
 
Beşincisi, Azərbaycanın ərazilərini ilhaq etdiyinə görə, ilk növbədə Azərbaycan ərazilərində su anbarı tikdiyiniə görə beynəlxalq məhkəməyə müraciət edilməlidir.