Hazırda dünya koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Hətta ən çox inkişaf etmiş ölkələr belə bu çətinliklər qarşısında aciz qalıblar. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizdə, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bu, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir. AZƏRTAC Prezidentin müvafiq Sərəncamının icrası üzrə Tədbirlər Planı çərçivəsində məşğulluğa və sosial rifaha dəstək istiqamətində görülən işləri diqqətə çatdırır. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilən digər işçilərin gəlirlərinin davamlılığı təmin edilir. Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, bu məsələyə gündəlik nəzarət edilir. Qeyri-dövlət sektorunda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub. Bununla yanaşı, koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Həmçinin COVID-19 pandemiyasının zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır. Pandemiya ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Həmin məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və digər istiqamətləri əhatə edir. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Qeyd edək ki, xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda onlar işləməyə davam edirlər. İki ay müddətinə haqqı ödənilən ictimai işlər üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb. İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri bir neçə tədbiri əhatə edir. Bunlardan ən mühümü ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsidir. Aprelin 7-də Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib və çox qısa müddətdə, cəmi iki gün sonra ödənişlərə başlanılıb. Aprelin 9-dan 17-dək olan müddətdə ümumilikdə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Prezidentin tapşırığı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək. İki ay müddətində 190 manat birdəfəlik müavinət verilməsi üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb. Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək. Sosial müdafiə sahəsində nəzərdə tutulan tədbirlərdən biri də işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsidir. 2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsəd üçün İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. Belə ki, işsizlikdən sığorta ödənişi ancaq vətəndaşın iradəsindən kənar olan işsizlik səbəblərindən ödənilirdi. Yəni, əgər vətəndaş öz ərizəsi ilə, yaxud onunla imzalanan müqavilənin müddəti başa çatdığına görə işdən çıxırdısa, onlara işsizlik sığortası ödənilmirdi. Hazırda bununla bağlı silsilə tədbirlər hazırlanır. Müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxslərə də işsizlikdən sığorta ödəniləcək. İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslərin və peşə kurslarının müdavimlərinin sosial müdafiəsini təmin etmək məqsədilə də müvafiq addım atılıb. Nazirlər Kabinetinin yeni Qərarında 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin verilməsinin xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməsi tapşırılıb. Qərara əsasən, bu sosial müdafiə tədbiri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir. Onlara verilən təqaüdün (250 manat) ödənişi də xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək. İki min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat ayrılıb. Tədbirlər planının digər istiqamətlərindən biri özünüməşğulluq proqramlarının genişləndirilməsidir. Bu çərçivədə 2020-ci il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Bu əməkdaşlıq çərçivəsində hər il 250 ailə özünüməşğulluq proqramlarına cəlb olunacaq. Banklarla da bu istiqamətdə əməkdaşlıq həyata keçirilir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanılıb. Dünya Bankı ilə də başlanan birgə layihə nəticəsində hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Həmçinin BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən kömək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır. İlkin mərhələdə bu proqramın icrasına ölkədə fəaliyyət göstərən səkkiz bank qoşulub. Aparılan birgə işlər əhalinin həssas qruplarının - əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaradır. Bu, eyni zamanda, hazırda koronavirus pandemiyasının ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir. Son günlərdə banklar proqrama cəlb olunmuş vətəndaşlarla müvafiq qrant müqavilələrinin imzalanmasına və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin iki il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim edilməsinə başlayıb. Əhalinin xüsusi həssas təbəqələrinin sosial müdafiəsi də prioritet istiqamətlərdən biridir. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişlər - pensiyalar, müavinətlər və təqaüdlər 2,3 milyon şəxsə verilir. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də isə müavinət, təqaüd və kompensasiyaların, aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Bu ilin birinci rübündə bütün sosial ödənişlər vaxtında icra olunub, 2,3 milyon vətəndaşa 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyon manat ayrılıb. Aprelin 1-dən ünvanlı sosial yardım alan ailələrin sayında 10 min artım olub. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması təmin edilir. Məlum olduğu kimi, COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan olunub. Bəs bu insanların məişət problemləri necə həll edilir? Martın 24-dən yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işlərinə başlanılıb. Hazırda 15 mindən çox tənha yaşlı insana evlərində ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınması, kommunal ödənişlərin edilməsi kimi sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə tənha və əlilliyi olan şəxslərə artıq 17 minədək ərzaq payı verilib. Bu proses davam edir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Dövlətin sosial dəstək tədbirləri yuxarıda qeyd olunanlarla məhdudlaşmır. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. On dörd min nəfəri əhatə edən bu tədbir üçün 2,6 milyon manat ayrılıb. Bu istiqamətdə daha bir tədbir isə əhaliyə güzəştli işıq limitinin aprel-may ayları üçün 100 kilovat saat həcmində artırılmasıdır. İki ayda buna 10 milyon manat vəsait tələb olunur. Sosial dəstək tədbirlərinə, həmçinin həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi daxildir. İl ərzində bu məqsədlə 40 milyon manat vəsait nəzərdə tutulur. Prezident İlham Əliyev aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll olunması vəzifəsini qarşıya qoyub. Dövlətimizin başçısı aprelin 17-də videobağlantı formatında keçirilən iclasda bu barədə danışarkən deyib: “İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”. Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur. Dövlətimizin başçısına ünvanlanan minlərlə məktubda sadə vətəndaşların onlara göstərilən diqqət və qayğıya görə sonsuz minnətdarlıq hissələri ifadə olunur.
© 2020 - Created by İLK XEBER.