Cənubi Qafqazda yeni qarşıdurma yaratmaq istəyirlər

“Dünyada yaranmış geosiyasi qarşıdurma dünya nizamını köklü şəkildə pozur. Buna səbəb ABŞ-la Rusiyanın siyasi, hərbi, iqtisadi maraqlarının toqquşması ilə yanaşı NATO və ABŞ-ın Rusiyanı özünə düşmən elan etməsidir”.

Bunu Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib.

Onun sözlərinə görə, ABŞ-ın strateji məqsədi Rusiyanı dünyanın siyasi xəritəsindən silməkdir. Rusiya isə bütün vastələrdən yararlanmaqla özünü müdafiə etməkdədir.

A. Məsiyevin iddiasına görə, ABŞ Rusiyanı dünyanın siyasi xəritəsindən silmək üçün ona yaxın ölkələrdə demokratiya bayrağı altında dövlət çevrilişləri, rəngli inqilablar həyata keçirib, nəticədə həmin dövlətləri “klounlaşdırıb”. O, buna nümunə kimi Gürcüstan, Ukrayna və Ermənistanı göstərir:

“Birləşmiş Ştatların məqsədi Rusiyanı siyasi arenadan tamamilə kənarlaşdırmaqdır və bu istiqamətdə addımlarını davam etdirir. Ukrayna böhranı da bu səbəbdən yarandı. Nəticədə Rusiyanın Avropa ilə əlaqəsi kəsildi”.

Siyasi şərhçi bildirib ki, Rusiyaya cənuba - Türkiyə və İrana, o cümlədən Afrika qitəsinə çıxmaq üçün yeni iqtisadi doktrina lazımdır: “Rusiyanın bu planı həyata keçirməsi üçün Cənubi Qafqazda stabillik vacibdir.

Rusiya-ABŞ qarşıdurmasının birinci episentri Ukraynadırsa, bu qarşıdurmanın ikinci episentiri Cənubi Qafqazdır. ABŞ Cənubi Qafqaz projesini Ermənistan üzərindən həyata keçirmək istəyir. Bu baxımdan baş nazir Paşniyanı hər vəhclə qoruyur, ona həm siyasi, həm maddi, həm də hərbi dəstək verir”.


A. Məsiyev

A. Məsiyev əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsində ABŞ və Avropa Birliyinin açıq şəkildə Ermənistanı dəstəkləməsi beynəlxalq hüquqa da, siyasi reallıqlara da uyğun deyildi: “Azərbaycanın haqlı mübarizəsinin Ermənistan üzərində həm siyasi, həm də hərbi qələbə ilə nəticələnməsi ABŞ-ın Cənubi Qafqaz projesini, Paşinyan layihəsini iflasa uğradır.

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi Rusiyanın cənub doktrinasına mane olmaqda idi. Azərbaycanın 44 günlük müharibədə qələbəsi və antiterror tədbiri ilə bölgədə qaynar ocağın söndürülməsi Qərbin regiondakı planlarına zərbədir. Çünki Paşinyan vasitəsilə Azərbaycana təzyiq edilirdi ki, anti-Rusiya blokuna qoşulsun. Hətta bir vaxtlar Bakıda Soros Fondu yerləşirdi və niyyət ölkədə rəngli inqilab etmək, sonra qərbpərəst iqtidar vasitəsilə Azərbaycandan Rusiyaya qarşı istifadə etmək idi. Amma Azərbaycan Soros Fondunu ölkədən çıxardı. Azərbaycanın dövlət və milli maraqları tələb edir ki, xarici siyasət kursunda balanslaşdırıcı siyasət həyata keçirsin”.

A. Məsiyevin fikrincə, ABŞ Cənubi Qafqazda Rusiyanın planlarını pozmaq, regionu öz inisarına almaq məqsədi ilə münaqişələri daha da genişləndirmək üçün Gürcüstan planı işə salına bilər:

«Son zamanlar Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Gürcüstan prezidenti Salome Zurabişvili arasında ciddi fikir ayrılığının yaranması, eyni zamanda Tiflisdə qərbyönümlü qüvvələrin, sorosçuların fəallaşması, o cümlədən ABŞ və Avropa Birliyi rəsmilərinin Gürcüstan dövlətinə siyasi təzyiqləri göstərir ki, Gürcüstanda yeni təlatümlər olacaq. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin “Gürcüstan iğtişaşlara imkan verməyəcək və bütün qanun pozucuları sərt şəkildə cəzalandırılacaq”,- fikiri onu gösrərir ki, ABŞ Gürcüstanda hakimiyyət dəyşikliyi etmək planını işə salıb”.

Siyasi şərhçi qeyd edib ki, Birləşmiş Ştatlar İrəvan üzərindən Türkiyə-Azərbaycan, İran-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışıb: “Bu planlar alınmır deyə Gürcüstan faktoru önə çıxarılır. Azərbaycanın enerji məhsulları bu ölkə üzərindən Qərbə ixrac edilir. Amerika Saakaşvili kimi birini ortaya çıxarıb dəyişiklik etmək istəyə bilər. Cənubi Qafqazın inkişafı və tərəqqisi üçün 3+3 formatının həyata keçməsi Amerikanın regiona daxil olmasına əngəldir. 3+3 formatına münasibətdə rəsmi Tiflisin mövqeyində müəyyən yumşalma var. Vaşinqton da bu prosesi gördüyü üçün müdaxilə etməyə hazırlaşır. O səbəbdən Gürcüstanda etirazların baş qaldırması üçün ABŞ-dan “düymənin” basılacağına şübhə yoxdur. Qərbin Gürcüstanda kataklizm yaratmaqla əslində, Paşinyanı da hədəfdən yayındırmağa cəhd göstərmək ehtimalı var. Yəni mürəkkəb və çoxkombinasiyalı strateji prosesi gedir. Əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, Qərb regiona nüfuz edə bilməyəcək. Bu müqavilə Moskvanın vasitəçiliyi, Türkiyənin təklif etdiyi dördlük formatında və ya 3+3 formatında region dövlətlərinin maraqlarına uyğun reallaşa bilər”.