Jurnalistin MİDA-dan ev almaq şansı və üçüncü bina... - kim nə deyir?

Jurnalistlər də müəyyən şərtlərlə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) ev ala biləcək. Bu barədə MİDA-nın yaydığı məlumata görə, qurumun sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Müvafiq dəyişikliklə, gənc ailə (gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan “ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” və yaşından və ailə vəziyyətindən asılı olmayaraq “ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər” də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.
Ölkə başçısının bu fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara uyğun olan jurnalistlər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir.
Həmin şəxslər 19.06.2023-cü il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.
Bununla belə, əksər media nümayəndələri jurnalistlərin bu şərtlərlə ev almasının çətin olduğunu deyərək, narazılıqlarını bildiriblər. Jurnalist Məhəmməd Qəriblinin  bu barədə fikirlərini qısa şəkildə təqdim edirik:
“Hakimiyyətin daxilində olan hansısa qüvvə jurnalistlər üçün tikilən və tam hazır vəziyyətdə olan 3-cü binanı öz halal sahibləri olan media təmsilçilərinə vermək istəmir. Bunun üçün o hoqqa qalmadı ki, çıxarmasınlar.
MİDA adından bir məlumat yayılıb. Bəzi saytlar da bu məlumatı elə başlıqlarla tirajlayıblar ki, sanki bununla da ehtiyacı olan jurnalistlərin mənzil məsələsi öz həllini tapmış olacaq. MİDA-nın jurnalistlərə təklif etdiyi güzəştli mənzillərlə bağlı şərtlərini oxudum.
Düzünü deyim ki, xəbəri 5 dəfə oxuyandan sonra nəsə anlaya bildim. Çox az sayda jurnalist tapılar ki, həmin kriteriyalara uyğun gəlsin. Mən özümü ağır  kriteriyalardan birinə uyğun saydım. Şərtlərn birində deyilir: “15 il jurnalist stajın və Media Reysterində qeydiyyatın” olmalıdır. Sevindim ki, sabahdan gedib sənədləri toplayım. Çünki həm stajım 15 ildən çoxdur, həm də Media Reysterində qeydiyyatım var.
Sonra aydın oldu ki, kriteriyalara cavab versən də, sənədləri toplasan da, bu hələ sənə ev vermək anlamına gəlmir. Səni hələ qarşıda MİDA-nın təşkil etdiyi mənzillərlə bağlı oyunda iştirak gözləyir. Bilirsiniz ki, orada da sistem açılmağı ilə evlərin satılmağı bir olur.
Sizcə, sənədləri qaydasında olan Məhəmmədəli Qəribli kimi zavallı bir jurnalist 7-8 saniyəyə oradan ev uda bilər?"
 
 Seymur Verdizadə
Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə də jurnalistlər üçün tikilən binanın ehtiyacı olan jurnalistlərə verilməsini təklif edib. Jurnalist qeyd edib ki, jurnalistlər üçün tikilmiş üçüncü binanın təyinatının dəyişdirilməsi ilə bağlı təklifin reallaşması bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün yeni problemlər yarada bilər: “Bakıda mərkəzə yaxın ərazilərdə mənzil sahibi olmaq istəyən çoxlu sayda şəhid və qazi ailəsi var. Həmçinin rayonlarda yaşayıb paytaxtda ev-eşik sahibi olmaq istəyən həssas təbəqəyə aid insanlar da az deyil. Cəmi 255 mənzil onların arasında necə bölünəcək?”
Seymur Verdizadə Bakının Səbayel rayonunda jurnalistlər üçün tikilmiş üçüncü binanın ətrafında yaranmış qeyri-müəyyənliyin həm mətbuat nümayəndələri, həm də şəhid və qazi ailələri arasında narahatlığa səbəb olduğunu bildirib: “Bu günə kimi bir neçə şəhid və qazi ailəsinin üzvü jurnalistlər üçün tikilmiş üçüncü binadan mənzil almaq üçün mənə müraciət edib. Onlar mətbuatdan oxuyublar ki, Bayılda media nümayəndələri üçün tikilmiş həmin bina şəhid və qazi ailələrinə veriləcək. Bu məsələ reallaşsa, iddialıların sayı yüzlərlə olacaq. Hesab edirəm ki, şəhid və qazi ailələrinin sosial-məişət şəraitinin kompleks tədbirlərlə yaxşılaşdırıldığı bir vaxtda bu işi həyata keçirən dövlət qurumlarının nümayəndələrinə əlavə problem yaratmağa ehtiyac yoxdur”.
S.Verdizadə deyib ki, əlavə söz-söhbətə rəvac verməmək üçün 22 iyul Milli Mətbuat Günü ərəfəsində Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyinə aydınlıq gətirilməli, hazır mənzillər ehtiyacı olan jurnalistlərə paylanılmalıdır.
 
Rəşad Məcid: “Arzu edirəm ki, üçüncü bina ətrafında olan məsələ jurnalistlərin xeyrinə həll olunsun”
Mövzu ilə bağlı Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid “Yeni Müsavat”a danışıb. MŞ sədri qeyd edib ki, MİDA-dan ev almaq məsələsi təkcə jurnalistlər üçün deyil, ümumiyyətlə, bütün vətəndaşlar üçün çətin prosesdir: “Bunun üçün həddindən artıq kreativ olmaq, proseslərə lazımi qaydada əməl etmək lazımdır. Xatırlayıram ki, MŞ-nin qurultayı ərəfəsində Technote Media Şirkətinin təsisçisi və rəhbəri, həmçinin MŞ-nin üzvü olan Fərid Pərdəşünas MİDA-dan ev almağı bacarmışdı. Bu mənada müasir texnologiyanı bilən gənclərimiz daha üstünlük qazana bilirlər.  Hər halda, jurnalistlərin müəyyən şərtlərlə MİDA-dan ev ala bilməsi müsbət haldır. Hesab edirəm ki, jurnalistlərimiz bu sahədə təcrübəsi olan həmkarlarının bilik və bacarıqlarından istifadə etməlidirlər. Çalışmaq lazımdır, onsuz da bütün işlər  əzm və fədakarlıq tələb edir”.
Rəşad Məcid jurnalistlər üçün tikilmiş üçüncü binanın ehtiyacı olan jurnalistlərə verilməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Üçüncü bina ilə bağlı  hazırda müxtəlif fikirlər səslənir, mən də bu məsələni izləyirəm. Hələ birinci binanın açılışında çıxış edərək bildirmişdim ki, bu, Azərbaycan Prezidenti tərəfindən edilmiş böyük savab işdir. Bu gün də həmin binada yaşayan çox sayda jurnalistlərimiz var ki, zamanında Prezidentimizin bu savab addımı olmasaydı, heç bir zaman Bakı şəhərində ev ala bilməzdilər.
Həqiqətən də bir qisim peşəkar jurnalistlər var ki, indiki şəraitdə ev alması vacib məsələdir. Mən də arzu edirəm ki, üçüncü bina ətrafında olan məsələ jurnalistlərin xeyrinə həll olunsun".
 
 
Aydın Quliyev: “Jurnalistlərin güzəştli ipoteka ilə mənzil almaq hüququ yaxşı haldır, amma... ”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd etdi: “İlk növbədə  qeyd edim ki, jurnalistlərin güzəştli ipoteka ilə mənzil almaq hüququnun real şəkil alması və  icrasına  başlanılması yaxşı haldır, amma bəzən elə şərtlərə rast gəlinir ki, jurnalistlərin böyük  əksəriyyətinin bu imkandan istifadə edə bilməsi çox şübhəli görünür. Məsələn, eşitmişəm ki, jurnalistin rəsmi əmək haqqının minimum 1000-1100 manat olması kimi bir şərt var. Halbuki redaktorlardan belə bu qədər rəsmi əmək haqqı almayanlar var. Hesab edirəm ki,  minimum əmək haqqı həqiqətən də bu cür müəyyənləşibsə, yaxşı hal deyil”.
 
Xalidə GƏRAY,
“Yeni Müsavat”