Üçüncü jurnalistlər binasının AQİBƏTİ – “Bu məsələ müəmmalıdır” - ŞƏRH

Son zamanlar jurnalistlərin 3-cü binası ilə bağlı məsələ yenidən aktuallaşıb. Əvvəllər bildirilirdi ki, həmin bina şəhid ailələrinin üzvlərinə veriləcək. Lakin bununla bağlı heç bir səs çıxmadı və sözügedən bina hələ də istifadəsiz qalıb. Hazırda isə təklif olunur ki, 3-cü bina ehtiyacı olan jurnalistlərə verilərsə, məqsədəuyğun olar.
Mövzu ilə əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, mənzil problemi yaşayan jurnalistlərin üçüncü binada evlə təmin olunması arzuolunandır:
 
“Ölkə başçısı o vaxtı qeyd etmişdi ki, həmin bina jurnalistlər üçün tikilib. Sonrakı mərhələdə baş verən proseslər fonunda binanın şəhid ailələri və qazilərə veriləcəyi açıqlandı. Lakin şəhid ailələri açıq şəkildə bu məsələdə narazılıq nümayiş etdirdilər və jurnalistlər üçün tikilən binanın onlara verilməsinə etiraz etdilər. Qeyd edim ki, jurnalist arasında mənzilə ehtiyacı olanların sayı az deyil. Buna görə də üçüncü bina inşa ediləndə çox ümidlənmişdilər. Təəssüf ki, bu vaxta qədər bina jurnalistlərə təhvil verilməyib. Fikrimcə, həmin mənzillər ehtiyacı olan jurnalistlər arasında bölünməlidir. Bu gün hər kəs özünə “jurnalist” deyir. Həqiqətən də media camiəsinin tanıdığı həmkarlarımız evlə təmin olunmalıdır. Ümid edirəm ki, qısa zamanda  xeyli sayda jurnalistin narahatlığına son qoyulacaq. Qarabağa qayıdışın başladığını da nəzərə alsaq, Bakıda xeyli ərazilərdə mənzillər boşalacaq. Çünki Qarabağa qayıdan vətəndaşların yaşadıqları mənzillər dövlətə qaytarılır”.
 
Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə isə öz növbəsində vurğulayıb ki, bu gün çox ağır şəraitdə kirayədə yaşayan jurnalistlər var. Üçüncü binadakı mənzillər məhz həmin jurnalistlərə verilməlidir:
"Jurnalistlərin cəmiyyətin həyatında əvəzsiz rol oynadığını nəzərə alsaq, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə jurnalistlər üçün inşa 3-cü binanın inşa edilməsi bu layihənin tərkib hissələrindən biridir. Sözügedən mənzillərin hələ də jurnalistə verilməməsi müəmmalıdır və düşünürəm ki, bu vəziyyətə son qoyulmalıdır. İnanıram ki, müvafiq qurumlar üçüncü binadakı hazır mənzilləri yaxın zamanlarda ehtiyacı olan mətbuat nümayəndələrinə verəcək.
 
Jurnalistlər üçün nəzərdə tutulan evlərin şəhid ailələrinə verilməsinə gəlincə, dövlət tərəfindən İkinci Qarabağ savaşından sonra 4700 şəhid ailəsi və Qarabağ qazisinə  ev verilib. Jurnalistlər üçün tikilmiş binanın şəhid ailələrinə verilməsini təklif etmək dövləti zəif göstərmək cəhdidir. Çünki dövlətimiz jurnalistlər,şəhid ailələri, qazilər daxil olmaqla, hər bir vətəndaşının qeydinə qalır".