SES-in bəndinin partladılması hansı ölkələrin marağına uyğundur?

“Kaxovkskaya su elektrik stansiyası bəndinin dağıdılması ekoloji baxımdan böyük fəlakətdir. Ümumilikdə isə Rusiya-Ukrayna münaqişəsi bəşəri baxımdan daha ağrılı faciədir”.

Bunu Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Ukraynada Kaxovskaya SES-in bəndinin dağıdılmasından danışarkən deyib.


A. Məsiyev iddia edir ki, Rusiya-Ukrayna münaqişəsini yaradan ABŞ və onun başçılıq etdiyi Qərb koalisiyasıdır. Onun sözlərinə görə, bu münaqişə tezliklə dayandırılmasa, bəşəriyyət bundan da böyük fəlakətlə üzləşəcək.

SES-in su bəndinin dağılmasının kimin maraqlarına uyğun olması ilə bağlı suala gəlincə, siyasi şərhçi əlavə edib ki, bunun üçün hər bir təhlil, analiz məntiqə söykənməlidir: “Kor-koranə şəkildə kimisə ittiham etməklə içtimaiyyətdə yanlış fikir formalaşdırırlar. Dünyada maraqdan kənar fəaliyyət yoxdur, yəni törədilən hər bir hadisədə maraq var.

Kaxovka SES-in bəndinin dağıdılmasının kimlərin maraqlarına uyğun gəldiyini analiz etsək, hadisənin də kim tərəfindən törədildiyini çözə bilərik.

Başlayaq Rusiyadan. Ukrayna tərəfi rusları ittiham edir ki, SES-in bəndinin dağıdılmasını bilərəkdən rus hərbiçiləri edib.

Birincisi, bildiyiniz kimi, Krım yarımadasının su təhçizatı Kaxovka SES-in bəndi vasitəsi ilə təmin edilirdi. Bu bəndin dağıdılması Krımın su təchizatında böyük çətinliklər yaradacaq.

İkincisi, Zaparojiye AES Rusiyanın mülkiyyəti elan edilib. Bu AES-in soyutma sistemi Kaxovka SES-in bəndi vasitəsi ilə həyata keçirilirdi. Ekspertlər qeyd edir ki, Kaxovka SES-in bəndinin dağılması dolayısı olaraq, AES-ə təhlükə yaradır.

Üçüncüsü, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı belə bir məlumat yayıb ki, Kaxovka SES-in bəndinin dağılması nəticəsində Rusiyanın 7-ci Hava Desant Diviziyası və 22-ci ordu korpusunun bölmələrində yaralananlar, ölənlər və itkin düşənlər var. Həmçinin, bu bölmələrdə döyüş sursatı və ləvazimatları olan bir neçə səhra anbarı, maşın və zirehli texnika itirilib.

Dördüncüsü, Rusiya Xerson vilayətində daimi qalmaq istəyir, Kaxovka SES isə bölgə üçün strateji obyekt idi, yəni bölgəni enerji ilə təmin edirdi.

Beşincisi, məgər Ukrayna ordusunun Kaxovka SES-i geri almaq imkanları var idi ki, ruslar oranı partlatsın?


A. Məsiyev

Yuxarıda qeyd etdiyim və deyilməyən faktlar bir daha onu deməyə əsas verir ki, Kaxovkadakı su bəndinin dağıdılması rusların marağına uyğun deyil”.

Məsiyev diqqətə çatdırıb ki, Ukrayna tərəfinin bir arqumenti var: “Deyirlər ki, ruslar Kaxovka SES-in bəndini Ukraynanın əks-hücumunun qarşısını almaq üçün dağıdıblar. Belə olduqda sual yaranır: Rusiya-Ukrayna cəbhəsində təmas xətti min kilometirlərlədir, məgər Ukrayna ordusu yalnız Kaxovka SES-in bəndi istiqamətindən hücum edəcəkdi ki, bəndi dağıtsın?

Məlumatlara görə, rus ordusunun kifayət qədər hərbi resuslara, Ukrayna ordusunun əks hücumunun qarşısını ala biləcək imkanlara malikdir.

Kaxovka SES-in bəndinin dağılması nəticəsində başda ABŞ olmaqla Qərb koalisiyası dərhal Rusiyanı ittiham etdi və psixoloji müharibənin əhatə darəsini genişləndirdilər. Eyni zamanda SES-in bəndinin dağıdılmasına görə BMT Təhlükəsizlik Şurasının iclası çağırıldı. Rusiyaya yeni sanksiyalar tətbiq etməklə yanaşı, Rusiya hərbi cinayətdə ittiham edildi”.

İnstitut rəhbəri xatırladıb ki, 2022-ci ilin noyabr ayında Ukrayna Silahlı Qüvvələri Polşa ərazisini vurub və nəticədə iki Polşa vətəndaşı həlak olub: “Ukrayna həmin hadisədə də Rusiyanı ittiham etdi. Hətta ortada “Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək”, - kimi bir ssenari var idi. Həmin vaxt bu ssenari ABŞ-ın xəbəri olmadan həyata keçirilmişdi. Ona görə də, tez bir zamanda müəyyən edildi ki, raketlər Rusiya tərəfindən atılmayıb. Bəlli oldu ki, raketlər Ukrayna Silahlı Qüvvələrinə məxsusdur və hadisənin üstü ört-basdır edildi. Amma bu dəfə Kaxovka SES-in bəndinin dağıdılmasından ABŞ-ın xəbəri olduğu üçün Rusiyanın üzərinə gedildi”.

Müsahibimiz sonda deyib ki, Rusiya-Ukrayna münaqişəsinin uzanması ABŞ-ın maraqlarına uyğun olduğu üçün münaqişə daha da qızışdırılır. “Kaxovka SES-in bəndinin dağıdılması münaqişənin daha da qızışdırılmasına xidmət edir ki, bu da ABŞ-ın maraqlarına uyğun gəlir. Bu münaqişənin tezliklə dəyandırılması real görünmür. Ona görə də, hadisələrin gəginləşməsi daha böyük fəlakətlərin olacağından xəbər verir”,- deyə A. Məsiyev əlavə edib.