Sabahkı görüş nə vəd edir? Gözlər yenidən Moskvaya dikilib

Elxan Şükürlü

Gözlər yenidən Moskvaya dikilib: sabah – mayın 25-də Moskvada Putinin iştirakıyla Əliyev və Paşinyan arasında növbəti üçtərəfli görüş keçiriləcək.
Tərəflər arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü aşağı qiymətləndirilsə də, müqavilə mətninin razılaşdırılmasında budəfəki Moskva görüşünün Vaşinqton və Brüssel görüşlərindən daha əhəmiyyətli olacağı, Kişinyov sammitinə daha hazırlıqlı və möhkəmləndirilmiş sənədlərlə gediləcəyi ehtimalı xeyli böyükdür.
Səbəb də odur ki, Paşinyan Türkiyədəki 14 may seçkilərinin onların gözlədiyi nəticələrlə bitmədiyini artıq görür və Qərbin bu savaşı uduzduğunu, regionda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığını poza bilməyəcəyini, Ermənistanın müqavimətinin faydasızlığını və yeni itkilərə gətirəcəyini çox yaxşı anlayır.
Paşinyanın gözləntisi bu idi ki, Türkiyədə Ərdoğan uduzacaqdısa və Kılıcdaroğlu - “Qərb masası” qalib gələcəkdisə, bu, Türkiyə-Rusiya münasibətlərinin pozulmasına gətirib çıxarmalı, Cənubi Qafqazda anti-Rusiya dalğasına təkan verməli və beləliklə, Ermənistanın da KTMT-dən çıxarılma prosesində aktiv dəstək qazanmasıyla nəticələnməliydi.
Əksər Qərbpərəstlər kimi, Paşinyanın da bu gözləntiləri alınmadı. Onun Türkiyədəki seçkilərin ilk turu bitəndən sonra Türkiyə və Azərbaycanla münasibətlərin bərpası üçün səsləndirdiyi fikirlər, o cümlədən Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xüsusi vurğula elan etməsi Ermənistan baş nazirinin təslimçi ovqatının ifadəsi olmaqla yanaşı, Moskva görüşünə ümidləri də xeyli artırır.
Hazırda Rusiya üçün ən önəmli məsələnin Ermənistanın KTMT-dən çıxmaq imkanlarının qarşısını kəsmək, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını və xətlər üzərində rus hərbçilərinin nəzarətini təmin etmək, gələcəkdə isə Azərbaycanı da Avrasiya İqtisadi İttifaqına cəlb etmək olduğundan, Moskva görüşündə imzalana biləcək sənədlərdə bu istiqamətlərin ağırlıq təşkil edəcəyini gözləyə bilərik.
Rusiya-Gürcüstan münasibətlərindəki yumşalmalar, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin inşasının sürətləndirilməsi haqda İranla razılıq göstərir ki, Moskva Ərdoğanın və Əliyevin təklif etdiyi “3+3” formatının gerçəkləşməsinə Avrasiya İqtisadi İttifaqının genişləndirilməsi layihəsi kimi baxır, bu layihəyə əsas maneənin də Ermənistan və Qarabağ məsələsi olduğunu yaxşı anlayır və bu işdə də Türkiyə-Azərbaycan tandemini qətiyyən narazı salmaq niyyətində deyil.
Bu baxımdan, əvvəlki görüşlərdən fərqli olaraq, sabahkı Moskva görüşündə əsas basqının məhz Ermənistan baş naziri Paşinyanın üzərinə yönələcəyinə şübhə yoxdur və onun son bəyanatlarına da daha çox erməni ictimai rəyini atacağı addımlara əvvəlcədən hazırlamaq cəhdi kimi yanaşmaq gərəkdir.