“Amerika kiminsə yaxasından tutubsa, deməli, hansısa nəticə əldə edəcəkdir...”

“Ermənistanda bəzi dairələrin Vaşinqton danışıqlarına etirazları məhz Moskva tərəfindən qızışdırılır və istifadə olunur...”

ABŞ-da xarici işlər nazirləri səviyyəsində Azərbaycan-Ermənistan danışıqlarının ikinci günü Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun Moskvanın Vaşinqton danışıqlarına reaksiyası barədə açıqlaması yayıldı. Yenə də bildirildi ki, Rusiyasız heç bir sülh prosesi baş tutmayacaq. Yəni danışıq tərəfləri dolayısıyla təhdid edildi. Digər tərəfdən, elə həmin gün  xarici işlər nazirlərinin növbəti görüşünün Moskvada olacağı haqda razılaşdıqları barədə də məlumatlar meydana çıxdı. Əslində nə baş verir? Kremlin Ağ Evin vasitəçiliyi ilə danışıqlara əngəl olmaq planları bu dəfə də baş tutacaq?..
 
Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran sabiq baş diplomat Tofiq Zülfüqarov bu fikirləri ifadə edib:
 
“Birincisi, Vaşinqtondakı danışıqların real nəticə verib-verməyəcəyindən asılı olmayaraq artıq bəlli oldu ki, ABŞ-ın Qarabağla bağlı strateji mövqeyi Azərbaycanın mövqeyinə yaxındır. Bundan öncə, yəni Rusiyanın vasitəçiliyi ilə üç tərəfin iştirak etdiyi 10 noyabr bəyanatının imzalanmasında da “Dağlıq Qarabağ” danışıqlar tərəfi kimi tanınmırdı. Artıq ABŞ da  Qarabağdakı erməniləri, sadəcə, “milli azlıq” adlandırmaqla öz tərəfindən belə bir konsepsiyaya dəstək verdi. Biz də eyni əsaslarla qeyd edirik ki, artıq “Dağlıq Qarabağ” deyilən bir anlayış, bir subyekt yoxdur, sadəcə, Azərbaycanın Qarabağ ərazisi və orada milli azlıq kimi yaşayan ermənilər var, biz də onlara vətəndaşlıq verməyə və digər vətəndaşlar kimi onlar üçün də eyni hüquqları  təmin etməyə hazırıq. Əsas nəticə budur. Ona görə də Rusiyanın danışıqlara mane olmaq cəhdləri mənasızdır. Moskva ilə Vaşinqton arasında bu məsələdə də daim rəqabət olub və yenə də olacaq. Onsuz da hələ Vaşinqtondakı danışıqlarla məsələ bitmir ki... Orada, dediyim kimi, sadəcə, hansısa bir çərçivə sazişi imzalana bilər. Baxaq, görək. Hər halda ABŞ-dakı görüş hələ davam edir. Və  yəqin ki, Birləşmiş Ştatlar, belə deyək, kiminsə yaxasından tutursa, hansısa nəticə əldə edəcəkdir”.
 
Politoloq onu da vurğulayıb ki, Ermənistanda bəzi dairələrin Vaşinqton danışıqlarına etirazları məhz Moskva tərəfindən qızışdırılır və istifadə olunur.
 
“Biz onu da görürük ki, Ermənistanda bəzi dairələr tərəfindən Blinkenin bəyanatına dair etirazlar var. Təbii ki, belə etirazları Rusiya qızışdırır və onlardan istifadə edir.  Peskovun Vaşinqton danışıqları barədə son açıqlaması da bunu təsdiqləyir... Bunlar yeni oyunlar deyil. Həmişə belə olub. Brüsseldəki danışıqlar zamanı da belə proseslər baş verirdi...
 
Mayın 3-də Şuşadakı tədbirdə cənab Prezident də məsələ barədə bir daha bəyanat verərək bildirdi ki, ermənilər sülh istəmirsə, özlərinə və bütün regiona zərər verəcəklər. Sözsüz ki, ölkə başçısı Amerikadakı danışıqlar barədə məruzələr əldə edir və onlara əsasən bəyanatlar verir. Digər tərəfdən, erməni mediasında da haray-həşir düşüb ki, Qarabağ əlimizdən getdi və s. Bu da onu göstərir ki,  Ermənistan yenə də son məqamda hansısa bəhanə tapıb danışıqlardan qaçacaq”- deyə keçmiş xarici işlər naziri qeyd edib.