Kreml Bakı-İrəvan barışığına qarşı hərəkətləndi - ABŞ status tələbindən vaz keçib, bəs Rusiya?

Moskva “sülh qatarı”nın yoluna “şpallar” düzür; Kreml fakt qarşısında qalacağından ehtiyatlanır - səbəb; Əliyev-Paşinyan görüşü Vaşinqtonda da reallaşa bilər...

ABŞ-ın paytaxtında Azərbaycan və Ermənistan xarici işlər nazirləri (+ dövlət katibi) formatında sülh danışıqları 4-cü gündür davam edir. İkinci Qarabağ müharibəsindən sonra ilk dəfədir ki, belə yüksək səviyyəli müzakirələr günlərlə davam edir. Sülhə bağlı ümidlərin artması da ən əvvəl bununla bağlıdır.

Hərçənd Rusiya amili nikbinliyi zəiflədir. Ona görə ki, sülh anlaşması məsələsində Kreml Vaşinqton qədər səmimi deyil. Hər halda, ABŞ Rusiya kimi sülh sənədi layihəsinə artıq tarixə çevrilmiş “Dağlıq Qarabağ konflikti”nin “həlli”ni gələcək nəsillərə saxlamağı təklif eləmir. Moskva əlbəttə ki, bu yolla həm Azərbaycanda öz hərbi varlığını sonsuzadək sürdürmək istəyir, həm də erməniləri şirnikləndirməklə Vaşinqton sülh prosesini pozmağa çalışır. ABŞ isə sadəcə, Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyinə təminat istəyir.

“Rəsmi Vaşinqton Bakı və İrəvandan Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini ən yaxşı şəkildə necə qorumaq barədə düşünməyi xahiş edib”.

Bu barədə dünən Dövlət Departamentindən AzadlıqRadiosunun erməni redaksiyasına bildirilib.

Departamentdən həmçinin vurğulanıb: “Uzun müddətdir davam edən və çoxlu sayda insanın həyatına son qoyan münaqişənin qalıcı həllini tapmağın yeganə yolu bu insanların öz evlərində özlərini təhlükəsiz hiss etmələri və hüquqlarının müdafiə olunmasıdır”.

Göründüyü kimi, heç bir status tələbindən, yaxud “öz müqəddəratını təyinetmə”dən söhbət getmir...

*****

Ötən sayımızda qeyd elədiyimiz kimi, ABŞ-ın sülh prosesini irəli aparmaqda özəl maraqları da var. Ağ Ev iki qonşu ölkəni barışdırıb Rusiyanın regiona təsir imkanlarını minimuma endirmək, Moskvanın Güney Qafqazdakı hərbi mövcudluğunu aradan qaldırmaq niyyətindədir. Bunu təbii ki, Rusiyada da bilirlər. Odur ki, rəsmi Moskva başı nə qədər Ukraynaya qarışsa belə, Vaşinqtonun moderator olduğu prosesi əngəlləmək üçün hərəkətə keçməyə hazırlaşır. Artıq bunun ilkin işartıları var.

“Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağdakı vəziyyətin həlli üçün başqa hüquqi əsaslar yoxdur”.

Bunu Vaşinqton danışıqlarının ikinci günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Une falsification orchestrée" : dans un entretien exclusif à LCI, Dmitri Peskov nie toute implication russe dans le massacre de Boutcha | TF1 INFO

“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə addımların mümkün inkişafı, ilk növbədə, təbii ki, Rusiya ilə birlikdə imzalanmış həmin üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa hüquqi əsaslar yoxdur”, - Peskov bildirib və qeyd edib ki, indiyədək üçtərəfli sənədlərin heç bir alternativi mövcud deyil.

“Təbii ki, bu əsasda nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlanır, lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandıran müxtəlif cəhdlər var, bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci işdən gedir”, - Peskov əlavə edib.

Beləcə, Kreml Vaşinqtonda imzalana biləcək hər hansı sülh sənədini bəri başdan şübhə altına aldığını nümayiş etdirib. Yoxsa Putinin sözçüsü niyə “Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağdakı vəziyyətin həlli üçün başqa hüquqi əsaslar yoxdur” desin ki?

Niyə yoxdur? Tutaq ki, Azərbaycan və Ermənistan 5 məlum baza prinsipi əsasında anlaşma imzalasa, bu, hüquqi sənəd olmayacaq? Olacaq. Aydındır ki, Moskva elə bundan ehtiyat edir. Narahatdır ki, yeni, ikitərəfli (!) bir sənədin imzalanması ilə 10 noyabr sənədi vaxtından əvvəl qüvvədən düşə bilər.

*****

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Putin öz sözçüsü Peskov vasitəsilə Azərbaycana və Ermənistana bununla xəbərdarlıq mesajı göndərib. Onun əminliyinə görə, Putin bu mesajı ilə demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır.

“Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən narahatdır. Ancaq Moskva məsələləri qarışdırır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq”, - deyə o qeyd edib.

*****

Digər siyasi analitik Fərhad Məmmədov öz növbəsində düşünür ki, Rusiyanın regionda reallığı dəyişmək imkanı yoxdur və əgər İlham Əliyevlə Nikol Paşinyan razılığa gəlsə, Kreml qəbul edəcək.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Minval.az-a açıqlamasında söyləyib.

Analitikin fikrincə, Birləşmiş Ştatlar göstərməyə çalışır ki, onlar üçün indi nəticə əldə etmək çox vacibdir: “Prinsipcə, bu, Azərbaycanın da maraqlarına uyğundur. Əsas konkret nəticələrin olmasıdır. Son 2il yarım ərzində biz o nöqtəyə gəlmişik ki, danışıqlarda nəticə olmaması yerdə dəyişikliklərə gətirib çıxarır, ardınca danışıqların gündəliyi dəyişir”.

Onun qənaətincə, nəticənin olmaması hazırkı gündəmi əhəmiyyətsiz edəcək. “Ola bilər ki, yaxın bir neçə həftə və aylar üçün "yol xəritəsi" xarici işlər nazirləri səviyyəsində razılaşdırılsın və qəbul olunsun. Hazırda nə Ermənistan rəhbərliyi, nə də Azərbaycan Avropa İttifaqı, Rusiya və ABŞ-la münasibətlərin kəskinləşməsində maraqlı deyil. Ona görə də nə qədər çətin görünsə də, bütün əsas vasitəçilərin iştirakı ilə böyük sülh sazişinin imzalanması məqsədəuyğun olardı", - deyə politoloq vurğulayıb.

Ekspertin fikrincə, Rusiya indi açıq-aşkar qıcıq nümayiş etdirir: “Lakin məhdud resursları ona hər hansı addım atmağa imkan vermir. Digər tərəfdən, Rusiya özünü ermənilərin yeganə müdafiəçisi kimi göstərəcək. Ermənilər onlardan imtina etsə belə, o, yenə öz missiyasını qoruyacaq və "yerinə yetirəcək"".

İki ölkə liderləri arasında mümkün görüşdən danışan politoloq deyib ki, Vaşinqtonda Əliyev-Paşinyan görüşünü istisna etmək olmaz: “Amma üfüqdə bizi yalnız iyunun əvvəlində Kişinyovda Avropa Siyasi Birliyinin sammiti gözləyir. Ola bilər ki, liderlər orada görüşəcək. Ola bilsin, Rusiya prezidenti ölkə rəhbərlərini öz yanına dəvət etsin. Lakin əgər Azərbaycan və Ermənistanın rəhbərləri anlaşsalar, o zaman Rusiya prezidentinin bu razılaşmanı qəbul etməkdən savayı yolu qalmayacaq. Hesab edirəm ki, tərəflər sülh sənədinin parametrləri və mətni ilə bağlı tam razılığa gələcəkləri təqdirdə Putinin reallığı qəbul etməsi daha yaxşı olar”.

Bunu isə yaxın zamanda görəcəyik...

Siyasət şöbəsi,
“Yeni Müsavat