Kremlin təklif etdiyi təhlüksizlik çətiri...

Elxan Şükürlü

Prezident İlham Əliyev son bir həftə ərzində Orta Asiyanın iki respublikasına səfərə gedib: aprelin 5-də Tacikistana, aprelin 10-da isə Qazaxıstana.

Hər iki respublika Asiya nəhəngi Çinlə birbaşa sərhədə və oradan keçən yolların üzərində strateji mövqeyə sahib olmaqla yanaşı, həm də Rusiya ilə eyni hərbi ittifaqın – KTMT-nin üzvləridir.

Hazırda Ermənistanın Avropa İttifaqına qoşulmaq üçün KTMT-dən çıxmaq cəhdlərinin xeyli artdığı və Rusiya ilə münasibətlərinin kəskinləşdiyi indiki ərəfədə Azərbaycanın bu ittifaqa daxil olan ölkələrlə ikitərəfli münasibətlərini istiləşdirməsi Azərbaycan-KTMT münasibətlərinə də yeni və həmişəkindən fərqli məzmun qatır.

Məlumdur ki, Paşinyan hökumətinin etirazlarına baxmayaraq, Rusiya tərəfi KTMT silahlılarının Ermənistanla sərhəddə yerləşdirilməsində israr edir və elə Paşinyanın aqibəti də xeyli dərəcədə bu qərardan asılıdır; eyni zamanda, gələcəkdə Azərbaycan ərazisində - Qarabağdakı rus sülhməramlılarının da KTMT silahlılarıyla əvəzlənməsi baş verə bilər.

Digər tərəfdən, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gətirilməsi Mərkəzi Asiya respublikalarının öz sərhədlərini qorumaq üçün Rusiyaya sığınmaq ehtiyacı yaratdığı kimi, nüvə silahı əldə etməyin bir addımlığında olan İranın Cənubi Qafqaz regionunda artan fəallığı, xüsusən də Azərbaycanla gərginləşdirilən münasibətlər Kremlin təklif etdiyi təhlüksizlik çətirini rəsmi Bakı üçün də xeyli cəlbedici edə bilər.

Üstəlik, o amili də nəzərə almalıyıq ki, Rusiya hələlik Qoşulmama Hərəkatında təmsilçiliyə üstünlük verən Azərbaycanı özünün hökmran olduğu Avrasiya İttifaqında, həmçinin KTMT-də görmək istəyini dəfələrlə bildirib, Azərbaycan isə Ermənistanla problemlərin mövcudluğu şəraitində bunun mümkün olmadığını deyib.

Əgər Azərbaycan və Ermənistan arasında rəsmi Bakının təklif etdiyi şərtlər əsasında sülh müqaviləsi məhz Rusiyanın vasitəçiliyi ilə baş tutacaqsa, böyük ehtimalla, Azərbaycanın yenidən KTMT-yə cəlb edilməsi prosesi də aktuallaşacaq və bu halda Rusiya, keçmiş SSRİ dönəmində olduğu kimi, yenidən İranla sərhədlərə özünün nəzarətini bərpa etmiş olacaq.