Türklər mayın 14-də Turan İttifaqına səs verəcək

“Türkiyə dünyada gedən ictimai-siyasi proseslərə bilavasitə təsir edən dövlətdir. Dövlətin dünya siyasətində rolu onun liderinin siyasi iradəsindən, işgüzarlığından, dövlət və xalqa sevgisindən asılıdır. Liderlər tarixi prosesləri həm sürətləndirə, həm də ləngidə bilirlər. Yəni Türkiyənin dünya siyasətində mövqeyi onun liderindən bilavasitə asılıdır”.

Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev may ayında Türkiyədə keçiriləcək seçkilərdən, onun nəticəsinin türk dünyasına, o cümlədən dünyada gedən proseslərə təsirindən danışarkən deyib.

A. Məsiyevin fikrincə, Türkiyənin dünya siyasətində çəkisi prezident Ərdoğanın siyasi iradəsi, pirinsipial mövqeyi, sözünün və imzasının sahibi olması ilə yanaşı “Yurtda sülh, Cahanda sülh” fəlsəfəsinə sadiqlik nümayiş etdirməsi ilə xarakterizə olunur:

“Prezident Ərdoğanın qətiyyəti sayəsində bu gün dünya dövlətləri Türkiyə ilə hesablaşır. Türkiyənin bu günü və sabahı prezident Ərdoğanın yeritdiyi siyasətlə xarakterizə olunmalıdır. Bu siyasəti bir çox amillərlə təhlil etmək olar. Məsələn, Türkiyənin beynəlxalq siyasətdə rolu, yəni dünyada gedən siyasi proseslərə təsiri, Türkiyənin regional siyasətdə rolu, türk xalqlarının inteqrasiyasında (TDT) rolu, islam dünyasındakı rolu kimi qlobal məsələlərin həllində, dünya siyasətində tam müstəqil siyasət yeritməsi prezident Ərdoğan sayəsində reallaşır”.

Müsahibimiz diqqətə çatdırıb ki, prezident Ərdoğanın beynəlxalq siyasətdə rolu bəşəri baxımdan dəyərləndirilməlidır, xüsusən də “Rusiya- Ukrayna münaqişəsi fonunda dünyanı aclıqdan xilas etdi”,- desək yanılmarıq:

“Ərdoğanın sayəsində Ukrayna taxılı dünya bazarına çıxarıldı. Eyni zamanda Ərdoğanın Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üçün cəhdləri cahanda sülh fəlsəfəsini özündə əks etdirir”.

A. Məsiyevin iddiasına görə, Rusiya-Ukrayna münaqişəsi getdikcə qloballaşır:

“Bu yaxınlarda Macarıstan və Belarus rəhbərlərinin açıqlaması onu deməyə əsas verir ki, Üçüncü Dünya müharibəsinin, o cümlədən nüvə savaşının başlanması an məsələsidir. Bu baxımdan Türkiyə prezidenti Ərdoğanın sülh təşəbbüsü bəşəriyyəti cəhənnəmdən qurtarmaq cəhdidir”.

Siyasi şərhçi xatırladıb ki, Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin həllində prezident Ərdoğan xidmətləri əvəzsizdir: “Xüsusilə Azərbaycanla Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olması onun sayəsində mümkün olub. Rəhmətlik Elçibəy müsahibələrinin birində demişdir ki, o vaxtlar - Kəlbəcərin ermənilər tərəfindən işğalı dövründə mülki əhalini mühasirədən çıxarmaq üçün Türkiyədən iki ədəd mülki helekopter istəsə də, bu ölkənin o zamankı rəhbərliyi bunu Azərbaycana verməkdən qorxub. İndi həmin Türkiyə, həmin Azərbaycandır, sadəcə, liderlər başqadır.

Prezident Ərdoğanın 44 günlük Vətən müharibəsi zamanı dediyi sözlər xatırlatmaq istərdim: “Azərbaycana müdaxilə etsələr, qardaşım da olsa, qarşılarında məni görəcəklər”,- deməsi Azərbaycan xalqına əvəzsiz sevginin nümunəsidir”.

A. Məsiyevin sözlərinə görə, prezident Ərdoğanın Cənubi Qafqazın inkişafı və tərəqqisi üçün təklif etdiyi 3+3 formatı onu deməyə əsas verir ki, Türkiyə regionda əminamanlığın yaranmasında maraqlıdır: “Ərdoğanın Türk Dövlətləri Təşkilatında fəaliyyəti həm də o deməkdir ki, bu təşkilatın bazasında Tutan İttifaqının fomalaşmasının əsasları qoyulub. Yəni onun bir millətin, bir ittifaq halına gəlməsində davamlı xidmətləri var”.

Müsahibimiz sonda qeyd edib ki, dünyada yaranmış qlobal qarşıdurmada Türkiyənin tərəfsiz olması türk xalqının milli və dövlət maraqlara tam cavab verir, eyni zamanda prezident Ərdoğanın mükəmməl siyasəti Türkiyənin ABŞ-ın və Qərbin əlində alətə çevrilməsinin qarşısını alır: “Bu səbəbdən, Ərdoğanın yenidən prezident seçilməməsi üçün Qərb Türkiyənin daxili işlərinə müdaxilə edir. Amma müdrik türk xalqı ağı qardan seçməyi, yaxşını pisdən ayırmağı yaxşı bacardığı üçün 14 mayda keçiriləcək seçkidə Qərbin müdaxiləsinə yol verməyəcək, Türkiyənin, o cümlədən Türk xalqlarının birliyinə,Turan İttifaqına səs verəcəkdir. Bir sözlə, müdrik türk xalqı 14 mayda Ərdoğana səs verməklə Türkiyənin gələcəyinə, türk xalqlarının birliyinə, Turan İttifaqına səs vermiş olacaq”.