Ramazan ayı - bilinən, bilinməyən gerçəkləri (MÜSAHİBƏ)

Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21-22-si Ramazan bayramı qeyd ediləcək.

 

Bəs İslam dininin beş vacib şərtlərindən biri olan oruc tutmaq nədir? İslam dini niyə oruc tutmağı vacib buyurur? Ümumiyyətlə Ramazan ayı və onun fərzləri nədir, bu ayda kimlər oruc tuta bilər, necə qidalanmaq lazımdır və s. məsələlərlə bağlı araşdırmaçı jurnalist Rəsul Mirhəşimlinin Qaynarinfo.az saytına verdiyi müsahibəni təqdim edirik:

 

- Qarşıdan Ramazan ayı gəlir. Bu ay haqqında nə deyə bilərsiniz? Bu aydan müsəlmanlar necə bəhrələnə bilərlər?

 

- Ramazan ayı İslam inancında mühüm yer tutan mübarək aydır. Bu ayın hikməti Qurani-Kərimin Ramazan ayında nazil olması, orucun insanlara vacib olması ilə bağlıdır. Allah-Təala Qurani-Kərimdə Ramazan ayına yetişənlərin oruc tutmasını buyurur. Bu da insanlara ilahi əmrdir. Əmri alanın borcu bu əmri yerinə gətirməkdir. 

 

Oruc təkcə günün bəlli vaxtlarında ac və susuz qalmaqdan ibarət deyil. Ramazan ayında oruc tutanlar yaxşı əməllər işlətməli, qeybətdən, dedi-qodudan uzaq durmalı, əllərini harama uzatmamalı, insanları rahatsız edəcək hər şeydən kənar durmalıdırlar. 

 

İnsanlar fərqli olduqları üçün hər kəsin tutduğu oruc bu insanların məqamlarına görə fərqli olur. Ramazan ayı insanın həyata baxışlarını müsbətə doğru dəyişdirən aydır. Yetər ki, insanlar bu ayın hikmətini dərk edə bilsinlər. 

 

Həyatın mənası eşqlə anlaşılır. Eşq də mərifətlə gerçəkləşir. Ramazan ayı Aşiqin Məşuqu qarşısında imtahanıdır bu baxımdan. Eşqlə mərifət bir-birinə sarılarsa, birlikdə yüksələr. Mərifət artıqca eşq artar, eşq yüksəldikcə mərifət yüksələr.

 

Hz.Mövlanə eşqi mərifətin mərkəzinə qoyaraq, mərifətə yetişməklə ibadətin önəminə diqqət çəkir. Xüsusilə, orucu mərifətə yetişdirən özəlliyi üzərində durur və deyir:

 

"Oruc tutaraq, pis xasiyyətlərdən təmizlənər, ərmiş (yetkin) insanların ardınca düşər, göylərə yüksələrsən. Orucun məna atəşiylə şam kimi yanar, nur olarsan”.

 

Ariflərə görə, oruc üç cürdür:

 

1. Xalqın orucu: Bəlli zaman çərçivəsində yemək-içmək və cinsi münasibəti tərk edən ibadətdir.

 

2. Xasların orucu: Əl, ayaq, göz, qulaq, dodaq və bədənin bütün əzalarının orucudur.

 

3. Xaslar xasının orucu: Allahdan başqa hər şeyi tərk etmək anlamına gələn batini könül orucudur.

 

Hz.Mövlanə "Divani-kəbir”də Ramazan ayını dəyərləndirərkən bu ifadələrə yer verir:

 

"Ramazan gəldi, eşq və iman padşahının bayrağı yetişdi. Artıq maddi ruzilərdən əlini çək, çünki göylərdən mənəvi ruzilər gəldi. Can süfrəsi quruldu. Təbiətimizin istəklərinin əl-qolu bağlandı. Eşq və iman ordusu gəldi.

 

Madam ki, könül evinə müsafir olaraq can gəldi, onun uğruna bütün bədənimizi qurban edək. Səbr xoş bir buluddur. Ondan hikmət və mənəvi lütf yağar. Bu səbəbdəndir ki, Qurani-Kərim səbr ayında nazil olmuşdur. Bizi günahlar işləməyə təşviq edən nəfsimiz arınmağa möhtacdır. Ramazan gəlincə günah zindanının qapısı qırıldı. Can nəfsin əsarətindən xilas oldu. Meraca çıxdı, Sevgiliyə qovuşdu. Bu mübarək ayda könül də boş durmadı, ümidsizliyin qaranlıq pərdəsini yırtdı, göylərə uçdu. Can zatən bu kirli dünyaya mənsub deyildi. Mələklərdəndi, onlara yetişdi”.

 

- Ramazan ayı niyə vacib buyrulub?

 

- Yuxarıda qeyd etdiyim kimi, Ramazan ayının özəlliklərindən biri bu ayda oruc tutmağın vacib olmasındadır. Ramazan ayının orucu ilə İslam dini bir çox hikməti meydan qoyur. Qurani-Kərimin Ramazan ayının orucu ilə bağlı ayəsi bizə bu ibadətin yalnız müsəlmanlarda deyil, İslamdan əvvəlki dinlərin daşıyıcılarına xas ibadət olduğunu öyrədir. "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!" ("Bəqərə" surəsi, 183)". Bu ayəyə baxdıqda hər şeyin aşkar göründüyünün şahidi oluruq. 

 

İnsanın üzərinə düşən vəzifə əmrlərin səbəbini araşdırmaq deyil, bu əmrlərə tabe olmaqdır. Lakin kimlərsə bu ayın hikmətini anlamaq üçün araşdırmaya çıxacaqsa, belə bir müqayisə aparmaq olar. Əgər birini sidq ürəkdən sevən insan sevdiyinin bütün istəklərini yerinə yetirmək üçün çalışırsa, bizi ən gözəl biçimdə yaradan, ruzisini verən, hər aldığı nəfəsində yanında olan, şah damarından belə yaxın olan Rəbbinin əmrlərini yerinə yetirməlidir. 

 

Bəzən insanlar Allahda qorxmağı deyil, ona sevginin öndə olduğu fikrini irəli sürülər. Sevgi isə insan həyatında ən böyük iddiaya düşməkdir. Madam ki, insan belə böyül iddiaya düşür, o zaman həmin sevginin də haqqını verməlidir. 

 

- Ramazan ayının qədr gecələrində gecəni səhərə qədər oyaq qalmalı, zikr etməlisən deyilir. Bu nə qədər doğrudur?

 

- Ramazan ayında ən önəmli hadisələrdən biri Qədr gecələrinin varlığıdır. Bu gecənin varlığını bir qədər obrazlı ifadə etsək, fiziki baxımdan qaranlıq olan zamanın insan həyatının aydınlanmasına vəsilə olan gecənin varlığından danışa bilərik. Çünki qaranlıqda insan çaşqındır. Hara gedəcəyini görmür, büdrəyir, ora-bura dəyir, yıxılır... Və birdən bu qaranlıq gecəyə qərq olmuş bəşəriyyət üçün bir nur açılır, işıq yanır. Onun nuru bu zülməti yarır. Qurani-Kərimə iman gətirənlərin, ona sarılanların qaranlıq qəlbində İlahi İşıq parlayır. Allaha imanla şölələnən sönməz bir işıq! Bununla insanın qarşısındakı yol aydınlaşır, artıq o, büdrəmir, ora-bura dəymir, yıxılmır. Artıq o, bu Kitabın nuruyla işıqlanan aydın yolun başında Allahını görür və Ona doğru yola çıxır. Bütün bunlar Quranın insana endiyi bu nurlu gecədən başlanır. Qiymətsiz, əvəzsiz, bənzərsiz bir gecədən!..

 

Allah-Təala ayələrinin birində "heç kimi gücünün yetdiyindən yükləmədiyini” buyurur. Yəni hər kəsə daşıya biləcəyi qədər yük verilib. Allah ibadəti insanlar üçün asanlaşdıran lütf sahibidir. Onun üçün də Qədr gecələrində insanlar gücləri yetdiyi qədər ibadət edərlər. Bu ibadətin formaları ölkə insanlarının çoxuna bəllidir. Onun üçün bu məsələnin detalları üzərində geniş dayanmaq istəmirəm. Lakin onu deyə bilərəm ki, bütün ibadətlər insanla Yaradan arasında rabitənin qırılmadığı ən böyük qulluq məqamıdır. Elə ibadət sözünün lüğəti anlamı da qulluq etməkdir. İbadətin hikməti isə insanın Allahdan başqa heç kimə qul olmamağın fəlsəfəsini öyrədir. İnsan yalnız Allahın qarşısında əyildikcə ucalır. Allahdan başqasının qarşısında əyilən insan özünü alçaldır.

 

- Deyirlər Rəcəb və Şaban ayları Ramazan ayına doğru hazırlıq aylarıdır, bu fikir doğrudurmu?

 

- İnsan hər hansı işə başlayırsa, öncə o işə hazırlıqlarla başlayır. İnsan həyatında hər şeyin birdən-birə var olduğu iş, yaxud tədbir yoxdur. Evində süfrə açan insan bu işə hazırlıqla başlayır. Ramazan ayı ilahi süfrəyə qonaq olmaqdır. Onun üçün də bir çox İslam alimləri Rəcəb və Şaban ayını Ramazan ayı üçün hazırlıq olduğu fikrini söyləyirlər. Ümumiyyətlə, baş verəcək hər işə mənəvi dəyərlər prizmasından yanaşan insan hər işdə bir hikmət olduğunu anlayacaq.

 

Hikmətlərin anlaşılması isə hər insanın məqamına görə fərqlidir. Hz.Mövlanənin bir hekayəsi bu anlamın açılmasına yardım edə bilər, məncə.

 

Bir təkəbbürlü nəhv alimi (dilçi) qayıqla dəryanın bir sahilindən o biri sahilinə keçir. Yolda özündən razı halda qayıqçıdan soruşur:

 

- Sən nəhv elmini bilirsən?

 

Qayıqçı:

 

- Yox. Hardan bilim? Mən sadə bir qayıqçıyam.

 

- O zaman həyatının yarısını itirmisən.

 

Bir qədər sonra tufan başlayır. Bu dəfə qayıqçı soruşur:

 

- Üzə bilirsən?

 

- Yox. Mən aliməm, üzməyi hardan bilim?

 

Qayıqçı gülür:

 

- Onda həyatının hamısını itirmisən...

 

Bu hekayətdən sonra Hz.Mövlanə belə deyir: "Biri var nəhv elmi, biri də məhv elmi. Məhv elmi Aşiqin Məşuqunda özünü məhv eləməsi, yox etməsidir".

 

Ramazan ayı insanın Yaradandan başqa heç kimə möhtac olmadığı aydır. Aşiq Sevgilisinin eşqindən necə yemək-içməkdən kəsilərsə, Ramazan orucu bu sevda ilə yeyib-içməkdən kəsilməkdir.

 

- Kimlər oruc tuta bilməz?

 

- Ramazan ayının orucunu tuta bilməyən şəxslər xəstələr və səfərdə olanlardır. Xəstə və səfərdə olduqları günlərin sayı qədər sonra bu insanlar oruc tutmağa mükəlləfdirlər. Bu da oruc tutanların üzərində bir borc olaraq göstərilir. 

 

- Namaz qılmayan şəxslər oruc tuta bilər? Bu nə dərəcədə doğrudur?

 

- Namaz və oruc iki fərqli ibadətdir. Əgər bir müsəlman ibadət edirsə, bütün ibadətləri yerinə yetirsə, yaxşı olar. Çünki ibadətlər Allahdan insana verilən əmrlərdir. Lakin kimsə hələ namaz qılmır, lakin oruc tutmaq istəyirsə, buna da kimsənin qarışmaq haqqı yoxdur. Bu il oruc tutmaq istəyən insana, bir gün Allah lütf edər namazını da qılar, başqa ibadətləri də yerinə yetirər. İbadət məsələsində kənar müdaxilə qulla Yaradan arasına girməyə çalışmaqdır. Allahla bəndə arasına girməyə isə kimsənin haqqı çatmaz.

 

- Məsələn, kimsə oruc tutmaq istəyir, amma bunu bacarmır, iradəsi və ya  səhhəti imkan vermir, bu halda o nə etməlidir? İnsan necə qərar verməlidir ki, oruc ona vacibdir ya yox? 

 

-Allah oruc tutmamaqla bağlı yalnız yuxarıda sadaladığım hallarda icazə verir. İnsan oruc tutmaqla səbri öyrənir, iradəsinin gücünü artırır, haramlardan çəkinir. Bu ayın ibadəti insan üçün bütün həyatını bu şəkildə keçirmək vərdişi qazandırır. Əgər bir insanın istəyində oruc tutmaq varsa, düşünürsə, bu bir ayın orucunu tutmağa gücü yetməyəcəksə, tərəddüdsüz oruc tutmağa qərar versin. Əmin olacaq ki, Allah heç bir ibadətdə bəndəsini çətinliyə salmaz. Əvvəlki qidalanma rejimlərində olduğundan daha rahat hiss edəcək özünü. Düşüncəsində, ruhunda özünün də izah edə bilməyəcəyi müsbət dəyişikliklər görəcək. İlk addımdaca orucu sevəcək. Tövsiyəm odur ki, insanlar bu sevginin hansı səbəbdən qaynaqlanmasının səbəblərinin axtarışları ilə özlərini yormasınlar. Çünki gerçək sevgidə insan nədən sevdiyinin səbəblərini bilməz. Axtarışa başlayanda bu sevgiyə ağıl müdaxilə edir, sevgidə isə ağla yer yoxdur. Bu sevgi ilə hər mərtəbəni keçən insan hər anında bir yenə məqama yetişir. 

 

İnsanı ayaqda tutan ən böyük güc inancıdır. Ramazan ayı hər şeyin Haqdan gəldiyinə bir daha tərəddüdsüz inandığımız mübarək aydır. Məhz iman da insanın gördüyünə və görmədiklərinə tərəddüdsüz inanmaqdır.

 

- Oruc tutan insanın aurası necə olur?

 

- Yer üzərində yaşayan insanlar bir-birindən müxtəlifliyi ilə seçilir. Bu həyatda hər şeyi ilə eyni olan iki oxşar insan olmur. Hər insanın həyat tərzi, həyata baxışları fərqli olduğu kimi, aurası də fərqli olur. Ramazan ayından ilahi feyzdən kim nə qədər nəsibini ala bilirsə, ətrafına ötürdüyü enerji də o şəkildə dəyişir. 

 

- Hər il Ramazan bayramı zamanı müsəlman dünyasında bayram namazının vaxtı ilə bağlı problem yaşanır və bayram namazları ayrı-ayrı günlərdə qılınır. Bunun həlli yolu nədir? Necə edə bilərik ki, hər dəfə belə olmasın?

 

- Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı qərar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası tərəfindən verilir. Bir çox müsəlman ölkələri Ramazan ayının nə zaman başlayacağını hələ bir neçə ay əvvəlcədən açıqlayır. Məsələn, qardaş Türkiyə əvvəlcədən Ramazan ayının başlaması tarixi martın 23-ü olaraq açıqlayıb. Məncə, bizim ölkədə də oruc tutan müsəlmanların böyük əksəriyyəti bu tarixdə Ramazan ayının orucuna başlayacaq, inşəllah.

 

Xüsusi olaraq, qeyd edim ki, hətta fərqli tarixdə Ramazan orucuna başlayanlar olsa belə, bu durumda əndişəyə düşəcək qeyri-adi heç nə yoxdur. Çünki eyni coğrafiyada yaşayan müsəlmanlar Ramazan ayına eyni gündə başlasa belə, məsələn, ABŞ-da yaşayan müsəlmanlar bu ayın ibadətinə bir gün sonra başlayacaqdı. 

 

Ramazan ayının orucu ilə bağlı Qurani-Kərimdəki ayələrdən biri belədir: "Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar" ("Bəqərə" surəsi, ayə 185).

 

Bu ayənin bir çox məallarında "yetişən" ifadəsinin əvəzinə şahid olan kəlməsi istifadə olunub. Hilalın (Ayın ilk günü) müşahidə edilməsi fiqh olaraq bir də fərdi qaydada olması göstərişi var. 

 

Ramazan ayının başlanması ilə fiqhi məsələlərdə iki müxtəlif yanaşma var: Ayın çıxması ilə Ramazan orucuna başlamaq və Ayın görünməsi ilə oruca başlamaq. 

 

Qeyd edim ki, bu hal Ramazan ayının başlamasına qərar verməkdə də eyni anlam kəsb edir. 

 

Fiqhi məsələlərə geniş toxunmadan bildirmək istəyirəm, İslam coğrafiyası dünyanın elə böyük qismini əhatə edir ki, bizim istəyimizdən asılı olmayaraq, Ramazan ayına eyni gündə başlamaq mümkün də deyil. Necə ki, Azərbaycanda yaşayan müsəlman Uzaq Şərqdə yaşayan müsəlmanla məsələn, sübh namazını eyni vaxta qıla bilməz, eləcə də Ramazan ayının gün fərqi ilə elan olunması heç bir əndişəyə yol açmır. İslam müxtəlifliyi sevən dindir, bu müxtəlifliyi ilə də gözəldir. 

 

Bir də onu xatırladım ki, müsəlmanların eyni gündə orucluğa başlaya bilməyib, eyni gündə bayram etmədiyini irad tutanlar xristianların Pasxa bayramlarının qeyd olunduğu tarixlərə də nəzər salsınlar. Katolik, provaslav və s. cərəyanların Pasxası bir-birindən ən azı 10 gündən çox fərqli vaxta qeyd olunur. 

 

Ramazan ayı insanın nəfsi üzərində mücadilə olduğundan heç bir halda başqaları ilə qovğa deyil. Günün bəlli saatlarında halal olanlardan kənar durmaq insana ruhun bədən üzərində qələbəsinin təntənəsini aşılayır bu ay.

 

Oruc elə ibadətdir ki, onu göstəriş üçün etmək mümkün deyil. Çünki kimin oruclu olub-olmadığını Allahdan başqası bilməz. Orucluğun məsuliyyətini dərk edən insanlar "orucluyam" deməz, "niyyətliyəm" deyər. Əməllər də niyyətlərə bağlıdır.

 

Sonda onu da qeyd edim ki, Ramazan orucu ixtilaflara dayana biləcək ibadət deyil. Ramazan orucu Allaha xatir edilən ibadətdir, mükafatını da Allah verəcək.

 

- Ramazanda necə qidalanmaq lazımdır?

 

- Ramazan ayında bütün insanlara eyni cür qidalanmaq tövsiyəsi vermək, məncə, yanlış olar. Bu məsələ ilk növbədə hər insanın öz seçiminə bağlıdır. İndi Ramazan ayının havaların qızmar vaxtlarına düşmədiyi üçün hər hansı qida da orucluq vaxtı bu ibadəti başa vurmağa çətinlik yaratmaz. Əgər qidalanma ilə bağlı kimlərsə mütəxəssis rəyinə ehtiyac duyursa, o zaman həmin adamlarla məsləhətləşə bilər. Ramazan ayının orucunu həyatlarında ilk dəfə tutanlar üçün bəzən məsləhətləşmələrə ehtiyac yaranır. Bu baxımdan, qidalanma ilə də bağlı məsləhət ala bilərlər. 

Hər şeydən əvvəl oruc tutan müsəlmanın necə qidalanmağına dair hansı məsləhətə gərək duyulsa, başda gələn tövsiyə budur: Halal ruzi ilə qidalansın!

 

- Ramazan ayında verilən zəkat vacibdir?  

 

- İslamda bütün ibadətlər imkana bağlı olaraq həyata keçirilir. Zəkat da imkanı olan müsəlmanlar üçün buyurulan ibadətdir. Zəkat vermək vacib ibadət olsa da, heç bir şey verməyə imkanı olmayan insanı buna məcbur edəcək ibadət deyil.   

 

Mənəvi göstərişlər məqamında bir yetimin başına sığal çəkmək, bir insanın dərdinə şərik olmaq, bir yoxsula maddi yardım etmək də ibadət sayılır.  

 

Sualınız Ramazan ayının sonunda verilməsi gərəkli olan Fitrə zəkatı ilə bağlıdır. Bu zəkatın miqdarı ilə bağlı hər il ölkəmizdə müəyyən miqdar açıqlanır. Ramazan ayının sonuna yaxın yəqin ki, bu barədə də insanlar gərəkli məlumatlar veriləcək. 

 

Ramazan ayının zəkatı hansı miqdarda və kimlərə verilməlidir, bunu din alimləri izah edir, həmçinin Qafqaz Müsəlmanları İdarəsi bu qaydaları hər il açıqlayır.

 

Fitrə zəkatının hikməti nədir? Bir deyim çox sadə dillə bunu izah edir: Sizə qalan aldığınız deyil, verdiklərinizdir. 

 

"Sevdiyinizdən infaq etmədikcə gerçək ehsan sahibi olmazsınız" - Ayənin hikməti də insana sevdiyindən ehsan etmək, ehtiyac sahiblərinə hədiyyə verməyi öyrədir. Ən gözəl ehsan sahibi də özü üçün qiymətli bildiklərindən ehtiyac sahiblərinə bağışlayandır. Fitrə zəkatını nə qədər səxavətli şəkildə versəniz, bilin ki, qazandığınız da o qədərdir.

 

Allah ehtiyac sahiblərini sevindirsin, zəkat verənlərin zəkatını qəbul etsin!

 

Allah Ramazan ayının gəlişini mübarək eləsin! Bu ayda ibadət edən bütün soydaşlarımızın ibadət və dualarını qəbul etsin, inşəallah.

 

Allah bu mübarək Ramazan ayının xatirinə Dövlətimizi və Millətimizi qorusun!