Suriyada zəlzələdə ölənlərin sayı 1600 nəfəri keçib

Suriyada episentri Türkiyənin Kahramanmaraş bölgəsində olan dağıdıcı zəlzələlərin qurbanlarının sayı 1602 nəfərə çatıb, 3649 nəfər yaralanıb. İdlib, Hələb, Həma, Latakya və Tartus bölgələrində axtarış-xilasetmə əməliyyatları davam edir. 


İlkxeber.org bildirir ki, SANA xəbər agentliyinin (Bəşər Əsəd rejiminin nəzarətində) məlumatına görə, Hələb, Latakya, Həma və Tartusda 812 nəfər ölüb, 1449 nəfər yaralanıb. Kütləvi dağıntı var. 

Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə də çoxlu sayda bina dağıdılıb və zədələnib. 

Suriya İnsan Haqları Təşkilatı (SNHR) və Suriya Mülki Müdafiə İdarəsi (Ağ Dəbilqəlilər) İdlib və Fərat Qalxanı və Zeytun Budağı əməliyyatları zonasında ən azı 790 nəfərin öldüyünü, 2200-dən çox insanın isə yaralandığını bildirir.