Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil - Fransa XİN

Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir.

 Bu barədə Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib", - açıqlamada deyilir.

Bildirilib ki, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. Diqqətə çatdırılıb ki, Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyi hədəfləyir.

Qeyd edək ki, ötən gün Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul edib.

256 deputat qətnamənin lehinə səs verib, əleyhinə səs verən olmayıb.

 Qondarma qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

 Sözügedən sənəddə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub. 

 Qeyd edək ki, bundan əvvəl Fransa Senatı da Azərbaycan əleyhinə qətnamə qəbul edib.