“Siz, ey Günəşə yaxın oturanlar…”

Bilal Alarli poeziyası barədə düşüncələrim

Əyilib küləyin öpdüm üzündən,

Saçımı darayıb sığala saldı.

Payız, yarpaq kimi düşdü gözümdən.

Payız düşdü. Günün ömrü qısaldı...

 

Sənət həyatın inikasıdır. Özü də obrazlı inikasıdır. Elm həyatın bütün irili xırdalı biliklərinin məcmusudur. Özü də həyati-mənəvi, həyati-fəlsəfi prinsipləri zaman-zaman toplayaraq idrak əsasında həll edən vasitədir. Elmlə məşğul olan sənət adamları olduğu kimi, sənətlə məşğul olan elm adamları da var. Söhbət poeziya sənətini poeziya elmi ilə bir arada tutan həyat və könül insanından gedir.

Bilal Alarli poeziya sənəti ilə, filoloji elmi bir arada titan, həm Sənət, həm də elm adamı kimi ülvi bir missiyanı öz üzərində daşıyır...

Poeziya könül işidir... Könül işinə özünü adayan Bilal Alarlı, həm də özünü filoloji elmə adamışdır. Şair kimi Bilal bəy öz ədəbi yolunu müəyyənləşdirə bilən lirik şairlərimizdən biridir.

 

...Dərd tumurcuqlayır, kədər boy atır,

Yazda çiçək açan ağaclar kimi.

Bəxt, yan-yörəmizdən şütüyüb ötür,

Ehtiyac, yol kəsir tıxaclar kimi.

 

Bilal Alarlının lirikası həyatın dolğun üzünü də, onun məhrəmanə hikmətini də həyati-mənəvi fikirləri yığcamlıqla ifadə edə bilən lirikadır. Şeir həyatın anı və baxış bucağını yaxalaya bilən sənət növüdür. Həyatın bir anı bəzən şairin ilham predmeti olur, bəzən də onun həyat gözəlliklərini rəsmini çəkir.

 

Yaxşı adamların işi yaxşıdı,

Yaxşı, zülüm çəkir yaxşılığından.

Yanlış söz də, ömrün bir naxışıdır,

Yanlış yola düşmə, naşılığından...

 

Bilal Alarlı həm ənənəvi poeziya stilində, həm də sərbəst şeir stilində yazıb yaradan şairlərdəndir. Şairin lirikası həyatın dolğun Zaman səhifəsini tam mənası ilə ifadə etməklə sənət novotorluğu və həyat hikməti ilə oxucunu mənəvi dünyanın mərkəzinə çəkir:

 

Bəd ruhlar güzgüdən gəlir,

güzgüdəki özümüzdən.

Güzgülənə-güzgülənə ruhlanır,

Ruh tutur adamı.

Güzgüdəki şəkillər diri olur

akvariumdakı balıqlar kimi.

Şəkillər düşüb gedir güzgüdən.

Güzgünün yaddaşı olmur…

 

Şeir ruhun oyanıqlığının təzahürüdür. Gözəl şeir həyatın duyğusal inikası olsa da, sənətdə öz pafosu ilə oxucusunu həyatın sevinci və kədərinə inandırır. Həyat insanı öz yaşamı ilə, sənət sferasının zənginliyini müşahidə edir.

 

Həyat qara pul kimi,

atdı səni qəm üzünə.

De, necə baxım?

bulud baxışlarına,

dolu gözlərinə,

nəm üzünə…

 

Sərbəst şeir stilində yazdığı şeirlər Bilal Alarlının fikir yürütmə gözəlliyini öz rəngarəng həyat boyaları üzə çıxarır… Şairin lirikası həyatın məntiqi cəhətdən mükəmməl ideyalarla yüklənməsi üçün sərbəst şeir üslubunda özünü tam mənası ilə tapır…

 

Siz, ey Günəşə yaxın oturanlar,

kölgənizi çəkin

qoy sizdən sonrakılar da işıq düşsün.

Sizin kölgəniz düşən yerdə

zülmətin kor etdiyi

nə qədər

gözüaçıq var

 

Bilal Alarlının lirikası həyatın müdriklik lirikasıdır. Bilal Alarlının lirikası insanın iç dünyasının həyata baxış lirikasıdır. Bilal Alarlının lirikası öz müasirliyi və ədəbi-bədii kompozisiya ilə həyatı əhatə edən həyati yaşantını öyrədən lirikadır.

 

Bir gün əlimdəkilər əlimdən çıxsa...

...hamını bəndə,

...məni fələk yıxsa,

Yol alıb qapına gəlsəm,

Üzümə qapı açarsanmı?..

 

Bilal Alarlı fikri poeziyamızın yaradılmasında əməyi keçən şairlərdəndir. Şairin hər bir əsəri könüldən süzülən ruhi zənginlik duyğularını, sözün işığında həqiqəti axtarmaqdan keçir. Novatorluq təkcə üslub gözəlliyi ilə deyil, həm də fikrin həyatı ifadə etməsi ilə bağlıdır...

Bilal Alarlının lirikası fikrin ritmik aldırşları ilə, həyatın məzmununu fəlsəfi anlamı ilə aça bilən lirikadır...

 

Döyülən qapını, tələs açmağa,

Arzuların dönür, qoltuğu dolu,

Sönmüş ocaqlarda işıq saçmağa,

Kişi Nəfəsinə Ehtiyac olur...

 

Bilal Alarlı poeziyasının ruhunu könül sevgisi ilə duyur hər bir oxucu.

Şairin könüllə yazdığı şeirlər illərin sınağından üzüağ çıxır daima.

Şair qardaşıma könül sevdası ilə cansağlığı və bol-bol yaradıcılıq uğurları arzulayıram...

 

Nəsib Abid, müəllim-filoloq