Paşa Talıblı: "Nə çəkirəm bir ah bilməz..."

Eşq dolu can...

...dərdim var- çəkiləsi
dərdimin hesabı yox, yox!
...aç, oxu- könlüm kimi
müqəddəs kitab yox, yox!

...zülmü xoş, qəhri gözəl,
öldüyüm şəhri gözəl!
...şirini-zəhri gözəl
dünya tək şərab yox, yox!

...içim eşq- zəngin, zəngin,
ucsuz- bucaqsız, əngin!
...mən kiməm, mən kim, mən kim?
Sual çox, cavab yox, yox!


Yalqızlıq sindromu...

...niyə belə baxdım sənə?--
nə küsüdü, nə acıqdı!
...qərib könlüm yiyəsizdi!
Dedim bəlkə yiyə çıxdın...

...bitən nəydi dən yox ikən?
...bir səs-səmir ün yox ikən!
...hamı vardı mən yox ikən
ya mən təkdim hamı çoxdu?

...girirsən içəri yoxdu!
Bir yerdi- əcəli yoxdu!
...kilidi, açarı yoxdu,
alnım həmişə açıqdı.


Qara qələmnən...

...vaxtı qələmnən keçirdim,
birtəhər yaza çıxdım.
...mən yaza qara qələmnən
dərd yaza-yaza çıxdım.

Uzun çəkdi yazın yolu,
addımımı çox atdım...
Özümnən bir canımdakı
faniliyi çıxartdım.

Yordu məni yoxuşları
bu ömrün gədikləri...
...deyirdim ömür fanidi!
Düz çıxdı dediklərim...

Bir süstlük var qələmimdə...
...qışdan çıxan nə yazar?
...ad oldu ki yaza çıxdım-
güllü- çiçəkli yaza.


Alt- üst...

...gəldi baş-ayaq dövrü!
Yaman baş-ayaq gəldi...
...fələyin çərxi döndü;
kəllə-mayallaq gəldi.

...zəmanə adamları
vaxta "büt" deyən yerdi.
...kəfkiri dolaşıb, bax
saat büdrəyən yerdi!

...baş-ayaqdı dünya lap-
ayaq başdı, baş ayaq!
...ayağından başlayaq
ya başından başlayaq?

Kimin həddi çatmırdı
döndü...həddi "düzəldi"!
...kəllə-mayallaq aşdım
qələm qəddim düzəldi.


Məni də yad et...

...susub da ağlamaq olar!
Hıçqırıq da olsa, göndər!
...ah göndər-çəkim uzansın!
Bir qırıq da olsa, göndər!

...surum yeriyər-yeriməz?
...yuvam yurd olar-olmazmı?
...ah göndər- dərdə çevirim!
Bir də dərd olar-olmazmı?

Bir də dərd olar-olmazmı?
...Hələbdən Şama qədərdi!
...ah göndər-günümü görsün!
Gün də axşama qədərdi!

...ah göndər-gəlsin başıma;
Axırı-əzəli gəlsin!
Bir dəfə də qoy başıma
bir ahın gözəli gəlsin!

Nəsə,axı verməlisən...
Nə verməli Allah gündə?
...nə çəkirəm bir ah bilməz!
Çəkiləsi bir ah göndər!

Paşa Talıblı