Səməni, ay səməni...

 Fəridə Aslanova Rüstəmova

Dünən qaranlıq küçə ilə gedirdim. Ayağıma nə isə ilişdi, əyildim və işiq salıb baxdım. Nə olsa yaxşıdır? O gün hamının evində xonçadan nazlana-nazlana baxan səməni...

İnanın, bu laqeyd münasibətə görə bütün səmənisevərləri qınayıram.

Səməni ilə bir az dərdləşdim...

O mənə əvvəllər şəninə tostlar deyilən, imkanlı ikən başına and içilən, sonra isə heç kəsə lazım olmayan vəzifəli şəxsləri xatırlatdı...

Səməninin timsalında insan taleyini gördüm...

Yenə də deyəcəklər ki, neçə-neçə qərinələrdən gələn adət-ənənəni pozmaq istəyirsən və s.

Xeyr! Mən səməninin də haqqının tapdalanmağını istəməyən adamam... O da canlıdır və nəfəs alır. Onun qətlinə fərman verməkdənsə, qoy tarlalarımızı bəzəsin, bolluq olsun.

Ona görə də bu il səmənisiz bayram süfrəsini açmışam.

Qəlbimdə həmişə bahar təravəti varkən, buğdanı bir balaca qabda həbs etməyi özümə rəva görmədim.

Buğda bizə çox lazım olacaq. İnsan yaşa dolduqca dünyaya baxışı dəyişir...

Söz vaxtına çəkər, dünən də, elə bu vaxt gül dükanlarının yanından ötərkən istifadə müddətini bitirmiş səməniləri gördüm. Sanki onların da fəryadını duydum. Gözücü baxdım ki, təxminən bu səmənilərə ən azı 2 ədəd 50 kiloqramlıq un torbası həcmində buğda sərf olunub. "Sərf olunub" deyərkən, yəni israf olunub... Vaxtı keçib, alan yoxdur ... Bayram bitdi, səməni gözdən düşdü...

Bu yazıma görə mən qınayanlar olacaq, təbii ki. Olsun. Köhnə kəndə təzə adət gətirməyi sevən deyiləm...

Bəzən irad tuturlar ki, yolda-kolda nə görürsənsə, çəkirsən, fikir bildirirsən və s.

Bəs siz yerimə olsaydınız, nə düşünərdiniz?