Deputat Könül Nurullayeva: “Yorulmaqdan söhbət gedə bilməz…”

“Bəzi məsələlərin həllində müəyyən yubanmalar olur”


Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Könül xanım Nurullayeva İlkxeber.org-a geniş müsahibə verib. Yeri gəlmişkən, Könül xanım olduqca maraqlı həmsöhbət olduğundan müsahibənin mövzusunu seçməkdə çətinlik çəkmədik. Deputat xanımla söhbətimizdə ona təkcə siyasətdən deyil, müxtəlif mövzularda suallar ünvanladıq və bütün suallarımıza əhatəli cavablar ala bildik.
 

- Könül xanım, bu müsahibədə sizinlə Milli Məclisin deputatı kimi təkcə siyasətdən deyil, müxtəlif mövzularda söhbət etmək niyyətindəyik...

Siz seçicilərinizlə mütəmadi görüşən, onların problemlərinin həlli sahəsində ardıcıl fəaliyyət göstərən, böyük əməyi olan deputat kimi tanınırsınız. Xanım olaraq deputatlıq fəaliyyətiniz sizi yormur ki?

- Azərbaycan Ali Qanunverici orqanında təmsil olunmaq mənim üçün şərəf və böyük məsuliyyətdir. Mənə etimad göstərən seçicilərimin sayəsində iki ildir ki, deputat statusu daşıyıram. Əsla yorulmaqdan söhbət gedə bilməz, çünki mən bu işin məsuliyyətini anlayaraq seçkilərdə iştirak etmişəm. Seçicilərimlə görüş, onların qayğı və problemlərinin həlli hər zaman diqqətdə saxlanılır. Mən Prezident İlham Əliyevin 6-cı çağırış parlamentin ilk iclasında deputatlara tövsiyəsini hər zaman xatırlayıram. Cənab Prezident ilk növbədə deputatlara dairələrdə fəal olmağı, seçicilərlə daim təmasda olmağı tövsiyə etdi. Bu çıxış əslində bizim üçün, xüsusilə yeni seçilmiş parlamentarilər üçün yol xəritəsi idi. Millət vəkili öz fəaliyyətini ilk növbədə seçiciləri ilə qurmalı, parlamentdə seçicilərinin səsi olmalıdır. Mən də parlamentari kimi fəaliyyyətə başladığım ilk gündən seçicilərimlə təmasdayam. Onların üzləşdiyi problemləri həll etmək üçün əlimdən gələni edirəm. Bir daha deyirəm, Milli Məclisin üzvləri ilk növbədə cəmiyyətlə icra orqanı arasında vasitəçidir.

- Təmsil etdiyiniz dairənin seçiciləri daha çox nədən şikayətçidirlər? Onların problemlərinin həll edilməsində hansı çətinliklərlə üzləşirsiniz?

- Müraciətlər əsasən məişət qayğıları, sosial problemlərlə bağlı olur. Hər bir seçicinin müraciətinə fərdi yanaşılır, problemlərin həlli istiqamətində operativ tədbirlər görürük. Bütün müraciətləri qeydiyyata götürürük, operativ şəkildə aidiyyəti üzrə müvafiq qurumlara ünvanlayırıq. Parlamentdə iclaslarda, eləcə də mətbuat vasitəsilə həllini gözləyən problemləri intensiv şəkildə gündəmə gətirirəm. Müraciətlərin əksəriyyətinə dərhal reaksiya verilir və həllini tapır. Obyektiv səbəblər ucbatından bəzi məsələlərin həllində müəyyən yubanmalar da olur. Amma heç bir müraciət diqqətdən kənarda qalmır.

- Siz, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü və Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbərisiniz. Bu istiqamətdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda olduğu kimi, AŞPA-da da fəal və məsuliyyətli tərəfdaşdır.  Azərbaycan nümayəndə heyəti bu təşkilatda ölkəmizin maraqlarını ən yüksək səviyyədə müdafiə edir.  Mən də nümayəndə heyətinin üzvü olaraq, iştirak etdiyim bütün platformalarda fəal olmağa çalışıram. Müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyini, təcrübəsini diqqətə çatdırıram, müvafiq təklif və tövsiyələr səsləndirirəm. 2020-ci ilə böyük qələbəmizdən sonra beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu daha da artıb. Yeni mərhələdə - postmünaqişə dövründə artıq beynəlxalq təşkilatlarla, o cümlədən AŞPA ilə münasibətlərimizi yeni reallıqlar əsasında davam etdiririk. Eyni zamanda, onu da bildirmək istərdim ki, AŞPA-da Bərabərlik və qeyri-diskriminasiya komitəsində və Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsində təmsil olunuram. Son 2 il ərzində komitə iclaslarında “Avropada etnik ayrı-seçkilik məsələləri”, “Uşaqlara qarşı zorakılıq”, “COVİD-19 pandemiyası dövründə uşaqlara qarşı daha da kəskinləşən zorakılıq”, “Media azadlığı, ictimai inam və insanların bilmək hüququ”, “Təmsil olunmayan qruplardan olan qadınların siyasi və ictimai qərar qəbuletməsində iştirakının artırılması”, “Rəqəmsal uçurumun bağlanması: Rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi”, “Təhlükəsiz, sağlam və təmiz ətraf mühit hüququ uğrunda bərabərsizliklə mübarizə” və s. bu kimi mövzular üzrə çıxış edərək, öz fikirlərimi səsləndirmişəm, təkliflərimi irəli sürmüşəm.

Xorvatiya ilə münasibətlərə gəlincə, Azərbaycanla bu ölkə arasında əlaqələr strateji xarakter daşıyır. 27 ildir ki, diplomatik münasibətlər qurmuşuq. Ölkələrimiz arasında iqtisadi, siyasi, enerji, infrastruktur, İnformasiya Texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Azərbaycan Xorvatiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Bu günə qədər iki ölkə arasında 20-dən çox əməkdaşlıq sənədi, 2013-cü ildə isə Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Təbii ki, bu əməkdaşlıqda parlament əlaqələri də mühüm rol oynayır. 2000-ci ilin dekabr ayından Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biridir. 44 günlük Vətən müharibəsi zamanı da bu ölkə eyni mövqedən çıxış etdi. Xorvatiya mətbuatında mütəmadi olaraq Azərbaycan həqiqətlərini əks etdirən məqalələrlə çıxış edirəm. İşçi Qrupun rəhbəri kimi keçirdiyim görüşlərdə Xorvatiya rəsmilərinin də mövqeyi bundan ibarətdir ki, strateji tərəfdaşlığın birgə səylər nəticəsində davam etdirilməsi üçün yaxşı potensial mövcuddur. Tərəflər bu imkanları dəyərləndirməkdə maraqlıdır.

- Cəmiyyətdə ədəbiyyatın rolunu, yerini nə cür təsəvvür edirsiniz?

- Əlbəttə, ədəbiyyatın insan həyatında rolu böyükdür. Bəzi mütəfəkkirlər hesab edir ki, ədəbiyyat insanın özünü tanımasına, anlamasına kömək edir, özünə inamı artırır, yaxşını pisdən ayırmağı öyrədir. Təbii ki, ədəbiyyatın insan həyatına təsiri həm də onu seçməkdən asılıdır. Çünki dinlədiyimiz musiqi, oxuduğumuz əsər həm də bizim xarakterimizin göstəricisidir. Bu mənada ədəbiyyat seçimi də düzgün olmalıdır. Elə əsərlər var ki, onlar insanı prinsiplərini və baxışlarını yenidən nəzərdən keçirməyə vadar edir. Bu mənada xüsusilə formalaşma zamanı faydalı ola biləcək ədəbiyyata müraciət etmək olduqca vacibdir.

- İdmanla məşğul olursunuzmu?

-Mənim uşaqlıqdan bir neçə idman növünə maraq və həvəsim olub. 8 ildən artıq bir müddətdə üzgüçülüklə, eyni zamanda stolüstü tennislə məşğul olmuşam və hələ də boş vaxtlarımda bu idman növünə müraciət edirəm…

- Asudə vaxtınızı necə keçirirsiniz?

- Mütaliə etməyi xoşlayıram, dünyada baş verən prosesləri, hadisələri yaxından izləyir və analiz edirəm.Təəssüf ki, iş həcminin çox olması ilə əlaqədar olaraq mənə əziz olan insanlara istədiyim qədər vaxt ayıra bilmirəm və imkan düşən kimi ailəmin, övladımın və yaxınlarımın yanında olmağa çalışıram. Mənim üçün ailəm və mənə yaxın olan insanlar çox dəyərlidir. Cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Ona görə də, hər zaman ailə dəyərlərinə sadiq qalmağa çalışıram.

- Azərbaycanda turizmin perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan geniş turizm imkanlarına malikdir. Bu illər ərzində ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər zamanı da turistlərin Azərbayacana marağının əyani şahidi olmuşuq. Parlamentdə qəbul olunan “Turizm haqqında” yeni qanun da müasir dövrün çağırışlarına uyğun Azərbaycanın turizm əlaqələrinin genişləndirilməsini və turizm sənayesinin inkişafının təmin edilməsini nəzərdə tutur. Bu, ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmağa imkan verəcək.

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması isə Azərbaycan turizminin inkişafına təkan verir. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Sürətli bərpa-quruculuq işlərindən sonra turistlərin bu bölgəyə intensiv səfərləri təşkil olunacaq. Artıq beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri təqdim olunur. Hesab edirəm ki, pandemiyadan sonra Azərbaycan yenidən turizm ölkəsi kimi mövqeyini daha da gücləndirəcək.

- Həyatda arzularınızın neçə faizini reallaşdıra bilibsiniz?

- Əvvəla onu deyim ki, insanın arzuları tükənməzdir və insan yeni arzularının reallaşması üçün hər zaman çalışmaqdadır. Məşhur Fransız yazıçısı Fransua de Kürelin də dediyi kimi “Arzudan daha qüdrətli, daha amansız maqnit ola bilməz”. Doğurdan da, arzular həyatda sanki bir maqnit kimi bir-birini çəkir. Arzudan arzu doğur, deyirlər və bu fikirlə təmamilə razıyam. Əgər desəm ki, bütün arzularımı reallaşdırmışam, bu çox qeyri-səmimi fikir olardı. Ancaq Allaha çox şükürlər olsun ki, həyatda bir çox arzularım artıq həyata keçib və mən bundan çox xoşbəxtəm.

 

Səid ƏHMƏDLİ