Dərdə bax, gör nə boydadır... - ŞEİRLƏR

İdris Babayev

 

ÖPÜM GÖZÜNDƏN, VƏTƏN

(Məmurlar tərəfindən incidilən qazilərin dilindən)

 

Sən çağırdın mən gəldim, indi sən gəl hayıma,

Haqqım tapdanır hər gün, ötüb dözümdən , Vətən.

Yer ayırma qoynunda, zülümkar məmurlara,

Gəlib hər gün yüz dəfə, öpüm gözündən, Vətən.

 

Heyvan dözməz bu zülmə, necə dözsün, de bəşər?!

Bu xalq üçün ah ilə, açılır hər gün səhər,

Haqqın tələb edəndə arxadan qəfil dəyər,

''Dubinka'' tapp başından, gedir özündən, Vətən.

 

Doğru sözü yazmağa qorxam, üşənəm gərək,

Haqqımı almaq üçün yerə döşənəm gərək,

Ya da bir il gözləyib, dərin düşünəm gərək,

Yoxsa da keçməliyəm, neçə yüzümdən, Vətən.

 

YARDIMLI

 

Viləşin göz yaşındır, asılıb yanağından,

Qayaların rəng alıb İlahi boyağından,

Dağların Savalanın yapışıb ayağından.

Ay cənubun Şuşası, Kəlbəcəri Yardımlı.

 

Sanki müharibədən qayıtmayıbdır ''Atan'',

Nə nazını çəkən var, nə də hayına çatan,

Bütün acılarına dözmək ilə bal qatan,

Ay Allahın sevdiyi, qəlb əsəri Yardımlı.

 

Ögey baxışlar səni, gözdən sala bilmədi,

Vətən səni özünə doğma bala bilmədi,

Çoxu çətin günündə dözüb qala bilmədi,

Ay İdrisin sevinci, həm qəhəri, Yardımlı.

 

DAĞLARIN

 

Dolayıb boynuna qollarımı mən,

Sıxmışam köksümə üzün dağların.

Ana öz balasın oxşayan kimi,

Nazını çəkirəm özüm dağların.

 

Çal papaq başında, çarıq ayaqda,

Ulu babalarım gəzib bu dağda,

İtmişdi az qala dadı damaqda,

Gəldim təzələyim, duzun dağların.

 

İdrisəm qədiməm, qədimdən qədim,

Dağdan ağır dərdə mən sinə gərdim,

Yüz illik yol olsa yenə gedərdim,

Tanrıya deməyə sözün dağların.

 

İKİQAT EYLƏR

 

Bəzən daşa dönər əlimdə qələm,

Salar vahiməyə, qorxuya məni.

Bəzən də baş vurar dərin dəryaya,

Gecə həsrət qoyar yuxuya məni.

 

Əriyər şam kimi sözün yolunda,

Başına min oyun açar yalanın.

Doğrunun telinə çəkər sığalı,

Sanki nazın çəkir ana balanın.

 

Allah verib ona elə bir sehir,

Mədh edib yabını, yorğa at eylər.

Sən onda cürətə, qüdrətə bir bax,

Yazmaqla dağı da ikiqat eylər.

 

SANKI...

 

Töküb qaşqabağın duman, çən dağa.

Yagışla sevgisin verir torpağa.

Dəydikcə damcılar, yaşıl yarpağa,

Bir sevgi nəğməsi, oxuyur sanki.

 

Bulud dağ başında, bənzəyir taca.

Qoyun quzu qacır bir bir arxaca.

Narın yagış, səpələnir yamaca.

Yamyaşıl bir xalı toxuyur sanki.

 

Yad izlər yollarln köksündə yara,

Bu yagış dönəcək bir azdan qara.

İdris dözməz daha bu intizara,

Həsrətin zəhrimar qoxuyur sanki.

 

ZAMAN TÜRKÜN ZAMANI

 

Sən ey şimal tülküsü,

Qulağı var Yerin də.

Xəbərdaram işindən,

Unut sən danışmağı,

Boz qurdla zor dilində.

Üzdə huri mələksən,

Dalda hiylə, kələksən,

Haçan düzələcəksən?

Nə görübsən sən axı,

O gorbagor Lenində???

Anla yaxşı, yamanı,

Tüstü sanma dumanı,

Zaman Türkün zamanı,

Eşələmə ocağı,

Qalmayıb qor, külündə.

 

DÜNƏNKİ TARİXDƏ AXTARMA MƏNİ

 

Korşalda bilməzsən nur düşüncəmi,

Qafama ya daş at, ya da qılınc çal,

Dünənki tarixdə axtarma məni,

Sən məni Adəmnən, Nuhdan xəbər al.

 

Qəbul et namazın, orucun kimi,

Babam peyğəmbərdi, dünyada ilkəm,

Qərq edib dəryada neçə min gəmi,

Gəlmişəm, dünyanın yiyəsi Türkəm..!

 

Dünyanı dərk edir, hərə bir cürə,

İdris insan kimi yaşamaq istər,

Sənsə vurulubsan, inciyə dürə,

Batıbsan palçığa ulaqdan betər.

 

BİZİ İRƏLİDƏ GÖZLƏYİR TURAN

(Müharıbənin ildönümünə sayılı günlər qalır...)

 

Əlvida demişdik Xarı bülbülə,

Ümid çırağımız sönmüşdü çoxdan,

Əlimiz çatmırdı sarı bülbülə,

Hər gün seyr edirdik onu qıraqdan.

 

Sanki barışmışdıq məğlubiyyətlə,

Hərə öz evində yatırdı xor -xor.

Düşmənsə oyaqdı başqa niyyətlə,

Yeni bir ''sevda''ya düşmüşdü nankor.

 

Toxuyub özünü polad sədlərə,

Böyük qələbəyə saldı yeni iz.

Sönən çıraqlara, yatan qəlblərə,

Od vurub yandırdı, şəhid Mübariz.

 

Heç kəsin ağlının ucundan belə,

Keçmədi əsgərim, bir gün düşmənin,

O murdar qanını, döndərib selə,

Qaytarar əvvəlki şöhrətin, şənin.

 

Mübariz yolunu seçdi Polad da,

Canını Vətənə verdi sadağa.

Sarsıldı xəbərdən, doğma da, yad da.

Millət qan ağladı qalxdı ayağa.

 

Üç ay səbr elədi, yatmadı əsgər,

Düşmənsə nəfsinə olmadı hakim,

Ölümü gözləmək, ölümdən betər,

Deyib..qalxdı şahə, oyandı Bakım.

 

Əks həmlə əmrini verdi komandan,

Bir anda hücuma keçdi ordumuz.

Vermədi yağıya, vermədi aman,

Leş- leşə söykəndi minlərlə quduz.

 

Çox uzun çəkmədi, bu müharibə,

Yağının dizləri tez gəldi yerə.

Qazandı ordumuz böyük qələbə,

Düşmənin ovqatı döndü zəhərə.

 

Allah Əkbər səsi ucalsın göyə

Bizə yol göstərsin müqəddəs Quran.

Dayanma, ay İdris, get irəliyə,

Bizi irəlidə gözləyir Turan.

 

MƏN QƏMİN İÇİNDƏYƏM

 

Gün düşə dərdim üstə, quruyub xəzan ola,

Bu millət kaş görməyə, mən nəmin içindəyəm.

Hər yarpağım bir kitab, oturub yazan ola,

Misra -misra oxuyan, qopuzdu ozan ola,

Dərd mənə neynəyəcək, mən qəmin içindəyəm.

 

Püşk atdılar bəxtimə, əzəldən qara düşdü,

Fələk çəkdi sınağa, bəxtim ''radar''a düşdü,

Su içməyə payıma, ələk, şadara düşdü,

Günüm çöllərdə keçir, əkində, biçindəyəm,

Dərd mənə neynəyəcək, mən qəmin içindəyəm.

 

İslanmışam, qorxum yox, leysandan, nə yağışdan,

Uzanıb göy qurşağı, doymuram bu naxışdan.

Dərdimi tanıyıram, bir qıyğacı baxışdan,

İdris, gecə yuxuda, Bağdadda, gah Çindəyəm,

Dərd mənə neynəyəcək, mən qəmin içindəyəm.

 

DƏRD GÖYƏRƏCƏK

 

Heç kəs inciməsin, gərək heç kəsdən,

Hər kəsin özünün dərdi, səri var.

Şükr edək, dərdlərə asi olmayaq,

Bəlkə bundan ağır, lap betəri var.

 

Ayağı yox dərdin yeriyib gedə,

Yığılıb üst-üstə daşsız ''dağ'' olur,

Nə qaşı gözü var, nə buynuzu var,

İlk gündən anadan başsız doğulur.

 

Şirin yuxudaykən nə biləsən ki,

Yenə təzə dərdlə açılar sabah.

Sağalan dərdləri çəkməyə nə var,

Sağalmaz dərdlərdən qoru, ay Allah.

 

Elə bir dövürdü, elə zamandı,

Ay İdris, turp əksən dərd göyərəcək,

Gözü kor namərdlər görməzdən keçər,

Yenə səni dərdli mərdlər görəcək.

 

GÖZÜMÜ BAĞLA, APAR

 

Qürurumuz tapdandı, başlardan düşdü papaq.

Xəcalətdən qızarıb şar kimi şişdi yanaq.

Öz evimin içində gözümü deşdi ''qonaq'',

Ahım çatmadı Sənə?- gəl əlimdən tut barı,

Gözümü bağla apar, məni Şuşama sarı.

 

Qeyrətsizlik şərabın, içib gedə bilmərəm,

Haqsızlığa göz yumub, keçib gedə bilmərəm,

Qarabağsız dünyadan, köçüb gedə bilmərəm,

Arzu dolu qəlbimi,

xəncər götür böl yarı,

Gözümü bağla apar, məni Şuşama sarı.

 

Çox gördüm quru sözlə, çağlayanı, coşanı,

Gəzib meşələrində şəninə söz qoşanı,

İndi niyə qorxuruq, bəs görəndə do(v)şanı??

Ünüm yetmir, Allahım, gözətçidən yuxarı,

Gözümü bağla apar, məni Şuşama sarı.

 

Günahım yoxdur mənim, vurulmuşam bu ada,

Kömək elə qalmasın, Qarabağımız yada,

Yatmayım gecə gündüz yol yeriyim piyada,

Zənn edərəm olmuşam Kərbəlanın zəvvarı,

Gözümü bağla apar, məni Şuşama sarı.

 

İdrisə yasaq olub görmək İsa bulağın,

Görüb kef eləyənlər salladılar qulağın,

Şuşa kimi ''gəlinin'', tez verdilər talağın.

Ömrüm sona çatacaq, bəlkə ayın axırı,

Gözümü bağla apar, məni Şuşama sarı.

 

YAS TUTUB YİYƏSİZ EVLƏR BU KƏNDƏ

 

Nehrəsin çalxayıb yağın yeyən tap,

Onsuz da işsizdir, hərə bir tində.

Bayatı oxuyan, ağı deyən tap,

Darıxır toyuqsuz, həyətdə hin də,

Yas tutub yiyəsiz evlər bu kəndə.

 

Küçəsi, yolları toza tamarzı,

Bulağı nobata, qıza tamarzı,

Qocası, qarısı naza tamarzı,

Tapılmır dərdinə yanan bir bəndə,

Yas tutub yiyəsiz evlər bu kəndə.

 

İdris, yaşamağın dadı, tamı yox,

Bax gör neçə evin, divar, damı yox,

Dərdini çəkməyə bir adamı yox,

İylənib arx ilə gələn su çəndə,

Yas tutub yiyəsiz evlər bu kəndə.

 

GEDİM BURDAN

 

Gələnlərim gətirmədi,

Gedənlərim ötürmədi,

Bu həyat mənə türmədi,

Qalammadım gedim burdan.

 

Dərya dərin, qəvvas naşı,

Dalda qalıb sarbanbaşı,

Bu ölkənin vətəndaşı,

Olammadım gedim burdan.

 

Yaşamaqdan almadım həzz,

Ömür sona yetişdi tez,

O dünyamçün beş metrə bez,

Alammadım gedim burdan.

 

BU VƏFASIZ DÜNYANIN

 

Mən özüm də bilmirəm, nəyinə vürulmuşam,

Mənə gün ağlamayan, bu şəfasız dünyanın,

Günəşi uzaq məndən, buludu yanağımda,

Ayağı sinəm üstə, bu qafasız dünyanın…

 

Kasıba ver əli yox, alır əlindəkin də,

Zalımın yeri Göydə, yetim Yerin təkində,

Əzrayıl minib atın mən yazıq tərikində,

Nəyini sevdim axı, bu havasız dünyanın.

 

Adaşım qeybdədir, adı dillər əzbəri,

Kimdən soruşsan bilər, beş əzim peyğəmbəri,

Çox dərdi var dunyanın, özünün yox xəbəri,

İdris tək çəkir dərdin, bu vəfasız dünyanın.

 

BAYRAMIN HANSI AYDADIR

 

Dağılıbdır fikrim yenə,

Gah Günəşdə, gah Aydadır.

Sual verim, Vətən, sənə,

Bayramın hansı aydadır?

 

Yanvar, fevral matəm ayı,

31 mart ''novruz payı''

Apreldə ''sovet'' harayı,

Bəlkə yenə ''1 may''dadır.

 

Adəmdən də qədim yaşın,

Zəhərə dönübdü aşın,

Nə bəladır çəkir başın?

Dərd səni oyhaoydadır.

 

Gözü yolda qalan Vətən,

Param parça olan Vətən,

Mənəm bəxtsiz balan, Vətən,

Sevənlər barmaq saydadır.

 

Sağalarmı heç dərmansız?

Dərdə bax, gör nə boydadır.

Başı Dərbənd qapısında,

Ayaqları o taydadır.

 

SEVƏN DEYİLƏM

 

Vallah mənə Leyli, nə Əsli gərək,

Bilirsən sözümdən dönən deyiləm.

Qəlbimi yarsa da, yüz nazlı mələk,

Səndən başqasını sevən deyiləm.

 

EŞQ adlı məktəbdə almışam təhsil,

Mənə başqa məktəb heç lazım deyil.

Allah ömür versə bir də əlli il,

Səndən başqasını sevən deyiləm.

 

İdrisəm, döndərmə, gəl sola məni,

Qısqanma tikana, nə kola məni,

Dəliyəm eşqindən ver yola məni,

Səndən başqasını sevən deyiləm

 

 

ÇƏRDİ Kİ, ÇƏRDİ

 

''Kişi'' var həyasız qadından betər,

Dindirsən kəlməsi böhtandı, şərdi.

Kişi var dünyanın yükü belində,

Yerə gəlməz dizi, ərdi ki, ərdi.

 

Savab mələkləri oturar sağda,

Solun baxışından əyilər dağ da,

Altun düşüb qalsa yüz il torpağda,

Üzündən sil tozu, zərdi ki, zərdi.

 

Bir yetim gözünün yaşın silməyən,

Əllisində vicdan nədi bilməyən,

Dost toyunda sevinməyən, gülməyən,

Yaşı keçsə yüzü, xərdi ki xərdi.

 

Gözünü kor elə, qulağını kar,

İdris, düz danışıb olma ''xətakar'',

Söz nədi, biz batmaz, quruyub damar,

Sağaltmaz dinsizi, çərdi ki, çərdi.

 

 

NƏ GÖZƏL OLAR

 

Olmaya xəstəlik, ölùm nə də qəm,

Al -əlvan gùllərlə bəzənə aləm,

Sevib sevilməkdən, hey yaza qələm,

Qovuşa "arxivə", nalələr, ahlar..

Gör onda dùnyamız, nə gözəl olar.

 

Bağlana o dùnya, bu dùnya qala,

O tay da meylini, bu taya sala.

Birləşə ikisi ola bir qala,

Çin cixa gördùyùm, o xoş yuxular,

Gör onda dùnyamız, nə gözəl olar..

 

Qoy əskik olmasin, ùzlərdən gùlùş,

Salsın işığını saçları gùmùş

Bu torpaq ugrunda, igidlər ölmüş

Kaş şəhid verməyə daha analar,

Gör onda dùnyamız, nə gözəl olar.

 

Idris yat yuxu gör, sən yaza yaza,

Qalmasın arzular, qoy gələn yaza,

Lap elə bu səhər, durub namaza,

Görəsən çin olub, bùtùn arzular,

Gör onda dùnyamız, nə gözəl olar.

 

RÖYADA AXTARIM SƏNİ

 

Istəyirsən şimşək kimi,

İşıq saçım, tapım səni.

Gizlənpaç oynayan kimi,

Dalanda axtarım səni.

 

Istəyirsən dolum yenə,

Göydə qara bulud kimi.

Yağış olub dönüm selə

Çaylarda axtarim səni.

 

Dağdan axıb gəlim düzə

Gecəni qatım gùndùzə.

Axıb tökülüm dənizə,

Dəryada axtarım səni.

 

Kölgəm qədər gəl yaxına

Həsrət qalmayım qoxuna.

Gecəyarı gəl yuxuma,

Röyada axtarım səni...

 

Mən gül olum sən kəpənək,

Qoxu məni çiçək-çiçək,

Mən bayılım sən keşik çək,

Bağçada axtarım səni...