Zəngəzur dəhlizi bizə niyə lazımdır?

 Səid HACIBƏYLİ

Bəziləri Zəngəzur dəhlizini yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvana yol kimi başa düşür

 

Azərbaycan Ermənistan sərhədində baş verən son hadisələr fonunda sosial şəbəkələrdə aparılan müzakirələrin bir qismi həqiqətən də üzücüdür.

"Müharibə niyə lazım idi?", "Zəngəzur bizim nəyimizə lazımdır?", "Vuruşdular nə oldu?", "Rus nə istəsə, o da olacaq" kimi fikirlərin bəziləri insanların məlumatsızlığından, bəziləri ölkəyə qarşı aparılan gizli total ideoloji hücumdan (əsasən), bəziləri hökimətin xalqla açıq olmaması, informasiya siyasətini yararsız aparması və təəsüf ki, bəziləri də bu və ya digər sahədə ədalətsizlik mühitindən qaynaqlanır.

İlk növbədə onu qeyd etmək lazımdır ki, yalnız öz həyatında, doğmalarının, yaxınlarının həyatında müharibəni hiss eləməyən, insani və hətta bəşəri dəyərlərdən uzaq olan bir insan müharibəyə sevinə bilər.Təbii ki, müharibə qandır, itkidir, uşaqların gözünün ağlar qalmasıdır. Həyatda heç bir şey anaların, övladların göz yaşı ilə müqayisə edilə bilməz...

Lakin, niyə indiki vəziyyət yaranıb?! Niyə hərbi toqquşmalar baş verdi?!

Bunun əsas səbəbi həmişəki kimi Ermənistanın verdiyi sözlərin üstündə durmaması, razılıqlardan boyun qaçırıb, vaxt qazanıb revanşist niyyətidir.

Azərbaycan tərəfi son bir ildə nə təklif edib? Təklif edirdi ki, gəlin sovet dövründə müəyyən edilən sərhədlərimizi tanıyaq. Baxmayaraq ki, sovet dönəmində müəyyən edilmiş ərazi bölgüsü ədalətli deyildi və bizim maraqlara uyğun gəlmir. Lakin, Azərbaycan tərəfi dəfələrlə bununla bağlı Ermənistana təklif elədi. Ermənistan isə faktiki Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etdi.

İkincisi, Azərbaycan tərəfi 3 tərəfli bəyannamədə razılaşdırıldığı kimi, Naxçıvana dəmir yolu və avtomobil yolunun inşasının başlanmasına təkid edirdi. Razılaşma belə idi ki, Laçın dəhlizi kimi bu yolun da təhlükəsizliyi Rusiya tərəfə həvalə ediləcək. Ermənistan bu plandan da imtina etdi. O zaman sual verilə bilər ki, necə olur ki, biz sülhün təmin ediıməsi üçün bu qədər güzəştə gedə bilirik, (regiona Rusiya SQ yerləşdirilməsi, dəhlizə nəzarəti faktiki itirməyimiz) Ermənistan isə heç bir güzəştə getmir?! Bu hansı ədalətdəndir?! Bu situasiyanın bizi zəif duruma salmasıyla necə barışmaq olar?!

Bəziləri Zəngəzur dəhlizini yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvana yol kimi başa düşür. Əslində isə bu həm də Qarabağda sülhün təminatı funksiyasını yerinə yerirməlidir. Yəni, Azərbaycan - Ermənistan sərhəddinin müəyyən edilməsi, bir-birinin ərazi bütövlüyünü tanıması,razılaşdırılmış formada kommunikasiyaların açılması birbaşa minlərlə şəhid verib azad etdiyimiz Qarabağ və ətraf rayonların taleyini də həll edir. Bu baxımdan indiki mərhələdə bu məsələ nəyin bahasına olursa olsun həll edilməlidir. Mövcud vəziyyətin qalması bizim və gələcək nəsillərin birbaşa təhlükəsizliyi ilə sıx bağlıdır.

Bütün bunlara görə də biz siyasi maraqlardan uzaqlaşaraq, hətta cəmiyyətdə rastlaşdığımız ədalətsizlikləri də kənara qoyub ümummilli məsələrdə bir mövqe nümayiş etdirməliyik.