Elşad Mirinin məzhəb ayrıseçkiliyi...

 Hansısa məzhəbi hədəfə alıb, onun nümayəndələrini aşağılamaq cəhdi bütün etik normaları pozmaqdır

Rəsul Mirhəşimli
 
 
Bu gün bəzi saytların xəbər başlıqlarında lap yuxarıdan verilən açıqlamaya rast gəldim. Oxucunu yazıları oxutmağa cəlb etmək olar, lakin kiminsə şəxsiyyətini hədəf seçmək heç bir etikaya sığmır. Söhbət Elşad Mirinin açıqlamasında Azərbaycanda yaşayan müsəlmanların kimisə rəhbər kimi tanıyıb, tanımamasından gedir. Özünü ilahiyyatçı adlandıran şəxs kiminsə şəxsiyyətini ələ salan çıxışlar etməməlidir. Allahın buyurduğu kəlamlar bu yanaşmanı mənfi olaraq dəyərləndirir. Allah Qurani-Kərimin "Hucurat" surəsinin 11-ci ayəsində buyurur: "Bir topluluk digər toplululuğu lağa qoymasın". Allahın sevmədiyi bir işi ifadə vasitəsinə çevirən müsəlmanın inancı və imanı harda qaldı?
Azərbaycan və dünya müsəlmanlarının bir rəhbəri var, o da Allah Rəsulu Hz.Məhəmməddir(s). Qalan digər insanlar alim, müctəhid və s. dərəcəsindən asılı olaraq, müsəlmana dini hökmlərin izahında yardımçı sayılır.
Elşad Mirinin məzhəb ayrıseçkiliyini düşüncə tərzinə çevirməsi ilk dəfə deyil, hər kəs də bilir ki, bu açıqlama onun verdiyi son açıqlama olmayacaq. İslam dini haqqında azca da olsa təsəvvürü olan hər kəs gözəl bilir ki, məzhəbindən asılı olmayaraq, ictihad məsələsi bütün müsəlmanlar üçün vacibdir. Bu məsələdə hansısa məzhəbi hədəfə alıb, onun nümayəndələrini aşağılamaq cəhdi bütün etik normaları pozmaqdır.
Məzhəb yoldur, müsəlmana fiqhin və ibadətin qaydalarını öyrədir. Hansısa müsəlmanın bir məzhəbdə olması normal haldır, qorxulu olan məzhəbçilik etmək, özünü hər kəsdən yüksəkdə bilib, müsəlmanları aşağılamaq vərdişləridir.
Bir ilahiyyatçı da söz deyəndə düşünməlidir ki, kimisə hədəf seçəndə böyük bir toplumun dini əqidəsini, düşüncə tərzini aşağlamış olur. Bilik, məsuliyyət, insanları sevmək inanclı insanın həyat tərzidir. Əksi təkəbbürdür. Təkəbbürlü insanları Allah da sevmir. Allahın sevgisindən uzaqlaşanlar insanların sevgisini qazanmalarına heç ümid də etməsinlər.