Hamının qışqırığını salan... Üzü təbəssümlü... Sözün həlim Başqanı!

 Aydın Canıyev

Əflatun Amaşov - hamının əvvəldən və əvvəldə xeyirxah, mehriban, gülərüz, "tikansız balıq", yəni heç vaxt heç kimlə düşmən olmayacaq kimi tanıdığıdır! Belə deyək, mətbu düşərgəsi, mənsub olduğu cameə həmişə xoş ovqat yaradıb: "Azərtac" (o vaxtlar "Azərinform"), "Azad söz", Mətbuat Şurası və... Milli Məclis!
"Kruq"unda həmişə xalqın sevimliləri olub: Arif Əliyev, Qulu Məhərrəmli, Ümid Mirzəyev, Şahbaz Xuduoğlunu, Elmar Hüseynovu (indi olmasın), Eynulla Fətullayevi də yanında yeyib-içən görən olub, Qənimət Zahidi də, Rauf Arifoğlunu da, Aydın Quliyevi də həmçinin, döyülən, aclıq edən həqiqi və aferist jurnalistlərin də yastığının başına mütləq gəlib çıxıb başının dəstəsi ilə... yaxşı yazıların bir kitaba yığılması, imkansız yazarlara yardım olunması da əlindən gəlib!
Və... klassik azərbaycanlı aqibəti yaşayıb klassik və özünəsadiq azərbaycanlılar tərəfindən!
Mətbuat Şurasının sədri olmasaydı... bəlkə də onunla düşmən olmazdılar!
Mətbuat Şurasının sədri olmasaydı, bəlkə də kəmfürsət və zay jurnalist imzaları elə də tanımazdı!
Fransızların bir "nobliş oblij" fikri var - "polojeniya obyazıvayet", yəni: "vəzifə-vəziyyət mükəlləf edir"
Mətbuat Şurasının sədri olandan sonra abrına-həyasına qısılan jurnalistlər bir az aralı durdu, bununla da nə qədər qastarbayter, reket jurnalist var hamısı "dəstəkləmişik" bəhanəsiylə orbitinə düşdü - istəməsə belə mümkün deyildi, bu anasını öpdüyüm demokratiya tələb edirdi ki, onları qəbul eləsin, otursun, dinləsin, hələ bu zülm azmış kimi, durub bunlar üçün qabağa da düşsün, DİN-ə, Baş Prokurorluğa, MTN-ə zəng də eləsin!
Heç biri də nəzərə almır(dı) və yaxud almaq da istəmir(di) ki, Mətbuat Şurasında o, tək deyil - özü kimi uzağı üç, ya dörd xeyirxah var, qalanı kimin nəsi, kimin kimisidir! Onların içində eləsi var ki, Əflatun Amaşov bir yana e, heç mən unitazdan durmaram - amma başqan neçə ildir onlarla hər gün üz-üzə gəlməyə məcburdur e! Biri elə Müşviq Ələsgərli! Biri elə... Nə isə...
Bunları boş verirəm və Əflatun Amaşovun etməməli olduqlarını etdiyini bir yana qoyub, etməli olduqlarını da etmədiyini də o yana atıb, bacardığı qədər etdiklərinə görə təbrik edirəm!
Həm mətbuat başqanı olandan, həm də MM-də deputat dönəmində bir məqamı həmişə diqqətdə saxladım: biz elə həmin adamlarıq, bizim üçün hər şeyindən keç, ac qal, ailən dağılsın, tutul, amma sənə dəyər verib harasa təyin etsələr, mükafat versələr... olmaz!!! Sən yalnız öləndə yaxşısan, yaşamağa başlayan kimi... həəə, Tanrı, gəl, borcunu apar! Ölməyin heç nəyi dəyişmədiyi ölkədə... yaşamağın göz çıxarır!
Öz sıralarımızda gördüyümüz, özümüzünkü saydığımız Əflatun Amaşovu iqtidaryanlı görəndə içimizin qurdları tərpənib! Fərqinə də varmamışıq ki, Əflatun Amaşov bu iqtidarın imkan yaratdığı ən layiqli və ləyaqətli adamlardan biridir: Naqif Mirzəyev olmadı, Siyavuş Novruzov olmadı, Hadı Rəcəblilik eləmədi, Astan Şahverdiyev kimi çıxmadı...
Sağlığında Cəlal Əliyevi əvəz elədi deputatlıq kreslosunda (səhvdirsə, başqasıdrsa, yenə də sağ olsun!) - bundan böyük nə yaxşılıq edəsiydi ki?
Tez-tez də "reket jurnalistlər" məsələsində Əflatun Amaşovun PUA atəşlərinə tutulmasını görmüşəm - amma bir Allah şahiddir ki, reket olmayanlara reket damğası vurulmasını çözələmək ayrı yazılıqdır, fəqət... həqiqi reketlərin tumanı başına çəkib od püskürmələrini görəndə demişəm: bu hökümətin atasına rəhmət ki, sizə elə mülayim, yumşaq, humanist başqan təyin edib, olaydım mən, yəni Aydın Canıyev, başınıza nə od tökərdim, gözünüzə nə yaşlar axıdardım, nəinki mətbuatdan itirilərdiniz, saçınıza-paçanıza tros bağlatdırıb mərmi kimi atardım gəldiyiniz-çıxdığınız yerlərə!
Allah və bu iqtidar bu mətbuata qarşı çox mərhəmətlidir - Əflatun Amaşovun timsalında!
Əflatun Amaşovun ad günündə təbrik mətnində bilməyinizi istəyirəm: ən sərt yazılarla tənqid etmişəm - konkret situasiyada konkret məsələyə görə!
Və... allah da, söz də, Əflatun Amaşov özü də şahiddir ki, bu, kiminsə sifarişi, kimlərinsə marağı, şəxsi qərəz və umacaq üstündə olmayıb!
Mənim jurnalist kimi çox yaxşı keyfiyyətlərimdən biridir: tənqid etdiyim qəhrəmanlarımla həmən üz-üzə gəlirəm ki, sözün var, de!
Əflatun Amaşov həmişə susmaq haqqını kullanıb!
Bu ştrixi ona görə vurğulayıram ki... adamın düşmən olmaq, kin bəsləmək damarı yoxdur!
Bəlkə də mənim kimi, savad, istedad, mübarizə baxımından daha neçə üstün jurnalist var ki, onlar da Əflatun Amaşovu tənqid edib, amma mən həmişə Əflatun Amaşovu o jurnalistlər darda olanda müdafiə komitəsində gördüm!
Bugünkü təbrik cəsarəti də elə həmin həmkarlarıma sayğısına görədir!
Başqa ixtisas sahibləri bu keyfiyyətə malik olmaya bilər, amma jurnalist mütləq və mütləqdir ki, obyektiv səbəblərini bilsin atılan hər addımın, ititham etməzdən əvvəl nəzərə alsın prosesin hardan qaynaqlandığını, diktənin ünvanını bilsin!
Bu baxımdan, mən heç vaxt Əflatun Amaşovu qınamadım - tənqid etsəm də!
Əslində də, məhz buna görə bütün tənqidi yazılarıma baxmayaraq, bu gün alın açıqlığı, təmiz vicdan və səmimi hisslərlə "təbrik edirəm, əziz həmkarımız!" deyə bilirəm - o tənqidləri mənə sifariş verən kimsə olmayıb ki, indi, ən azından, zəng edib "Aydın, nə baş verir" desin!
Əflatun Amaşovun tutduğu bir yer boşalıb!
İkinci yerindən də getsə... heç nə olası deyil!
Bizim heç birimizin yerini tutmayan, bizim ola bilmədiyimiz yerlərə gedib çıxan, əlindən və ürəyindən gələni öz cəsarəti və səlahiyyəti qədərində edən Əflatun bəyi bütün bu illərdə həm də "za neisporçennost"a görə təbrik etməyə dəyər!
Ən azından:
"barışmaz müxalif imza" obrazı yaradıb... sonda dosta, əqidəyə xəyanətinə şahid olmadıq!
imza olaraq ortaya çıxandan həmişə konstruktiv imicini bu gün də qoruyub saxlayır!
Ayran içib ara açmaq istəmirəm (allah kəssin də bu xasiyyətimi, adama təbriki də elə yazıram, qalır qırıla-qırıla, bəyənə də bilmir, "sağ ol" da deyə bilmir), ancaq bir faktla Əflatun Amaşovun dəyərli olduğunu nəzərinizə çatdırım: Bəxtiyar Sadıqova baxın, Müşfiq Ələsgərliyə baxın, Əflatun Amaşovu əziz bilin!
Bu cür arqumentdən sonra "təbrik edirik" deməmək üçün adam gərək elə Bəxtiyar Sadıqovun tayı olsun )))
Öz payıma sevinirəm ki, 35 illik tanışlıqdan sonra bütün dövrlərdə tənqid etdiyim Əflatun Amaşov heç vaxt incimədi!
Elə təkcə buna görə məni mükəlləf edir etirafa və təbrikə!
tebrikler Əflatun bəy!
p.s. Əflatun bəydən jurnalistika adına iki şeyi öyrənmək olar (bilirəm, nə ağlınıza gəlib, nə də öyrənən deyilsiniz, amma deyirəm də): heç vaxt sözü çığıra-çığıra demədi, heç bir addımının səsi belə eşidilmədi! Zatən də SÖZün titanik gücü onu neçə oktava ilə zildə deməklə yox, neçə hers ultradalğada səsləndirməklə üzə çıxır!
Çox vaxt isə nəyisə dağıtmaq və ya qurmaq üçün gurultulu addımlar lazım gəlmir, elə sakitcə bir baxışla bütün qışqırtıları, gurultuları da dəf etmək olur!
Bunları öyrənmək olar Əflatun bəydən!