Baydenin erməni yalanlarına həqiqət donu geydirmək cəhdi

 Əliməmməd Nuriyev,
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

Unudulmaz “dəmir ledi” Marqaret Tetçer ABŞ haqqında deyirdi ki, Avropanı tarix, Amerikanı isə fəlsəfə yaradıb. Çox təəssüf ki, bu dəfə Vaşinqtonda filosof müdrikliyi çatmadı. ABŞ prezidenti C.Baydenin uydurma “erməni soyqrımı”nı tanıması belə addım oldu. Bayden özü və administrasiyası bu mifi, tarixi yalanı “soyqrım” adlandırmaqla Amerikanın gerçək maraqlarına ziyan vurdular. Bütün dünyada saxta tarix tüccarı kimi tanınan ermənilərin artıq lətifələr mövzusu olan yalanlarına dar siyasi maraqlara görə həqiqət donu geydirmək ABŞ-ın özünün bəyan etdiyi təməl prinsiplərə ziddir.

Bu qərarla Bayden adminstrasiyası separatçılığı dəstəkləyir, Xocalı soyqrımını planlaşdıran, törədən erməni idelogiyasına sanki haqq qazandırmış olur. Bu cür qərəzli qərar həmçinin ABŞ-Türkiyə, ABŞ-Azərbaycan münasibətlərinin bəyan olunan məqsədlərinə ziddir, regionumuzda sabitliyin bərqərar olunması səylərinə ziyan vurur. Ən vacibi özlərinin uydurub, özlərinin inandığı yalanlar, miflərlə sağlam düşünən insanları zəhərləyən, bölgəmizdə nifaq salan, etnik təmizləmə təlimi yaradan erməni millətçi-terrorçu dairələrini yeni cinayətlərə həvəsləndirmək potensialı var.

ABŞ-da tez-tez təkrarlamağı sevirlər ki, Amerika ona görə güclüdür ki, öz səhvlərini etiraf etməyi və nəticə çıxarmağı bacarır. İrqi seqreqasiya, Vyetnam müharibəsi, Cənubi Amerika ölkələrində baş verənlər, Quantanamo və s ilə bağlı bu cür etiraflar olub. Ümid edirik ki, tezliklə prezident Baydenin bu yanlış qərarı ilə bağlı da etiraflar olacaq və müvafiq addımlar atılacaq. Amerikalılar qədər yaxşı bilən yoxdur ki, ziyanın yarasından qayıtmaq da qazancdır.