Ukrayna-Rusiya qarşıdurması: qalib kim olacaq?

Ukrayna və Rusiya arasında gərginlik demək olar ki, hərbi müstəviyə keçir. Başda ABŞ olmaqla, NATO ölkələrinin ciddi hərbi dəstəyinə güvənən Ukrayna öz ərazi bütövlüyünü  bərpa eləməkdə israrlı görünür. Rusiya isə Ukraynanın şərqində separatçıları dəstəkləməklə imperiya imicini, eyni zamanda Putinin  rusların  gözündə çar  görkəmini qoruyub saxlamaqda israrlı görünür. Bu baxımdan vəziyyətin  nəzarətdən çıxması an məsələsidir. Zənnimcə, bu qarşıdurmada hər kəsi bir sual düşündürür: müharibə baş verərsə, qalib Rusiya, yoxsa Ukrayna olacaq? Düşünürəm ki, əgər məsələyə Ukrayna -Rusiya müharibəsi kimi baxsaq, qalib birmənalı şəkildə Rusiyadır. Yox, əgər məsələyə NATO-Rusiya  qarşıdurması kimi baxsaq, qalib NATO-dur. Hesab edirəm ki, 2014-cü ildən fərqli olaraq, bu dəfə ki, qarşıdurmanı NATO-Rusiya qarşıdurması hesab etmək olar. Çünkü, bu dəfə Qərb tərəfindən Ukraynaya dəstək  məsələsi sözdə deyil, əməldə müşahidə olunur. Ümumiyyətlə, hesab edirəm ki, görsənən budur ki, bu dəfə Qərbin Ukraynaya dəstək məsələsinin tərkib hissəsində əsas məqam Putin hakimiyyətini devirməkdir. Belə olan halda sual  yaranır: bəs niyə Ukraynada? Ona görə ki, həm tarixi baxımdan, həm siyasi baxımdan, Kiyev  rus  və slavyan  şəhərlərinin anası hesab olunur. Ümumiyyətlə,  Kiyevsiz  Rusiya tərəfindən təşəbbüs kimi irəli sürülən heç bir ittifaqın prespektivi ola bilməz. Eyni zamanda, Ukrayna həm də NATO-nun şərqə doğru genişləndirilməsi  baxımından Qərb üçün strateji əhəmiyyətə malikdir. Eyni zamanda, Ukraynanın Qara dəniz ölkəsi olması da başqa bir əhəmiyyət daşıyır.

Beləliklə, gedən prosesləri dəmir məntiqlə analiz elədikdə, qənaətim budur ki, əgər real müharibə variantına keçilərsə, Rusiya Ukraynada tarixi ədalət qarşısında zamanın reallığı ilə sərt şəkildə üzləşə bilər.

Şahin Bəkirli,

BAO-nun Siyasi Analitik Mərkəzinin əməkdaşı