COVID-19 TESTİ ADI ALTINDA VƏTƏNDAŞLARA VERİLƏN İŞGƏNCƏ

 Rəsul Mirhəşimli

 
Martın 10-da Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bir qrup jurnalist Türkiyəyə səfərə dəvət olunmuşdu. Biletləri göndərdikdən sonra COVID-19 testindən keçmək üçün tibb müəssisələrinin axtarışına başladıq. TƏBİB-in müəyyən etdiyi siyahı üzrə axtarış etdik ki, aeroportda əlavə problem yaşamayaq. İlk rastlaşdığımız qəribəlik Azərbaycandan xaricə gedərkən verilən testlərin nəticələrinin 48 saat, Türkiyədən dönərkən isə 72 saat etibarlı olması idi.
Martın 8-i iş günü olmadığı üçün dövlət tibb müəssisələri işləmirdi. Martın 9-da poliklinikada test versəydik, PCR testlərin nəticələrini ən tezi 24 saatdan sonra ala bilərdik. Qeyd edim ki, Səbail rayonundakı 1 saylı poliklinika TƏBİB-in xaricə səyahət üçün test edə bilən obyektlər siyahısında göstərilsə də, AZAL bu testlərdə QR kodu olmadığını əsas gətirərək, nəticələri qəbul etmir.
Yaşadığım yerə yaxın olduğundan Sumqayıtda PCR testi vermək istədim. Sumqayıtdakı Təcili Tibbi Yardım xəstəxanasının test nəticələrinin qəbul edilmədiyini bildirib, mənə özəl klinikalara getməyi məsləhət bildilər.
Xaricə səyahət edənlərin qiymətli bilməsində fayda var. Belə ki, dövlət xəstəxanalarında PSR testinin qiyməti 40 manatdır. Özəl klinikalarda isə bu qiymət 70-110 manat arasında dəyişir.
Sumqayıtda getdiyim özəl klinikaların bəzilərinin əvvəllər PCR testi etdiklərini, sonradan onların səlahiyyətlərinin alındığını dedilər. Nəhayət, Sumqayıtdakı Ailə Sağlamlıq Mərkəzinə getdim. Bir müddət əvvəl burada PCR testinin qiyməti 65 manat olub. Mənə isə qiymətin 95 manat olduğunu bildirdilər.
Plan açıq-aşkar ortadadır. Vətəndaşlara 40 manata PCR testi edən poliklinikaların çoxunun nəticələrini AZAL qəbul etmədiyi üçün vətəndaşlar özəl klinikalarda test etdirməyə məcbur olur. Nəhayət, uzun axtarışdan sonra Tusi adına klinikada 70 manat ödəyib, test verdik.
Bakıdan İstanbula uçarkən Türk Hava Yolları COVID-19-la bağlı sorğu keçirir. İstanbul Yeni Hava Limanına enərkən bu sorğuda iştirak edib-etmədiyimizi bizdən heç kim soruşmadı. Çünki təqdim etdiyimiz test nəticələri vətəndaşların yaşadığı ölkədən çıxışına icazə verirsə, sorğu əhəmiyyət kəsb etmir. Bakıya dönərkən eyni sorğunu TƏBİB keçirir. Suallar barədə danışmağa dəyməz, çünki sərnişinləri narahat edə biləcək heç bir sual yoxdur. Bu sorğuya imza atmış sərnişini istədikləri kimi 14 gün ərzində karantində saxlaya bilərlər, çünki sorğuya imza atan hər bir sərnişin bu öhdəliyi üzərinə götürmüş olur. Bu da hər gün açıqlanan COVID-19 statistikasında rəqəmlərin manipulyası edildiyinin şübhəsini yaradır.
Əgər bunların görmək istədikləri işlər vətəndaşların rahatlığı və sağlamlığı üçün nəzərdə tutulsaydı, bu ölkədə həmin qurumlara etimadsızlıq da yaranmazdı. Bu qurumların məqsədi başqa olduğu üçün vətəndaşlar da ən sadə şəkildə həll oluna biləcək problemlərdən əziyyət çəkir.