Məni 46-ya çıxaran həyata boylandım

 Ceyhun MUSAOĞLU

 
Zəngilanda doğulmuşam, bunu bilirsiz. Yaşım yox idi, ikinci mərtəbənin  yarım tikilisinin tamamlanmamış döşəməsinin 4 metr hündürlükdəki açıq yerindən aşağı - daşlarn üstünə yumalanacaqdım, - gecə durmuşam, səndələyə-səndələyə iməkləyərək, təhlükənin son ucuna gəlib çatmışam. Anam bu səhnəni yuxuda görüb ayılıb, ani hərəkətlə körpəsini parça-parça olmaqdan xilas edib. 

Yaşamağa həmin an başlamışam. Yox, həyatımın nə qədər ağır dönəmləri olsa da, anamın yuxusunu heç vaxt qınamadım, onu oyatdığıma görə heç əksini də söyləmədim: o yuxuya sağ ol da deməmişəm. Milyardlardan biriyəm - qum dənəsi yəni. Ömər Xəyyam demiş: "Mənsiz də dünyanın işi keçərmiş, əcəba mən niyə dünyaya gəldim?”

Cavabım var: missiyam səhvlər etməkdir - ən azı nümunə olmağa haqqım çatan adamların - övladımın, hər gün məni görən, həyatımdan xəbərdar olan yaxın qohumlarımın övladlarının: böyüməkdə olan bu günün uşaqlarınn qarşısında öhdəliyimi var: onlara səhvlərimlə nümunə olmaq .

Görsünlər, yaşadıqlarımı yox, yaşamadıqlarımı, yaşamaq istədiklərimi, ancaq bacarmadıqlarımı gerçəkləşdirsinlər. Kim mənim etdiyimi etməsə, rahat yaşamaq onun əbədi nəsibi olacaq. 

Səhvlərimi sadalayıram. Sonra bu siyahını ayrıca çıxarıb, ərkim çatanlara paylayacam, yeganə övladımınsa ürəyindən asmağa çalışacam. Gecikmişəm, bilirəm. Övladlar valideynlərini ən ağıllı biri hesab edirlər. Lap əvvəldən bu streotipi dağıtmaq lazım idi. Valideyn səhvləri ilə daha gərəklidir, o səhvləri qabarıq göstərmək, övlada o səhvlərlə nüfuz etmək ən doğru yol. 
Azərbaycanda doğulmuşam, valideynlərim də Musa ilə Gülşaddır. Təkcə bu hadisədə səhv axtarmaq mənasız nəticə verər deyə, axtarmıram. Təkcə bu hadisə bizlik deyil. 3-4 il bu çətirə tale deyib, altında 3-4 il yaşamaq olar. 5 yaşından başlayaraq, yaşadığın həyata özün cavabdehsən.  
41 illik səhvlərimi sadalamağa çalışacam: 

1.Məktəbdə əvvəldən sona qədər rus böməsində təhsil almalıydım. İki səbəbə görə: 
a) bizdə öz dilində danışanı anlamaqda çətinlik çəkirlər;
b) dünya ədəbiyyatının nəhənglərinin 18 yaşından sonra oxuduğum əsərlərini, elə orta məktəbdəcə keçərdim. Rus bölməsi "Karamazov qardaşları"nı 8-ci sinifdə keçəndə, onlar "İdiot" romanını dərs tapşırığı kimi oxuyub qurtaranda, biz valideynlərimizin gizlətdiyi "Min bir gecə" kitabını axtarırdıq. "Təyyarə gölgəsi"nə sığınmaq istəyirdik... Onların əsl yazıçıları keçməyə icazələri vardı, bizim yorğanımızı sovetin sırıdığı əsərlərlə sırıyırdılar. 

2. 4-cü sinifə qədər qiymətləri 5 olan şagirdi qəsəbə barmaqla göstərirdisə, 8-ci sinifə qədər o şagird özünü barmağa sarınmış kimi apardı - oxumadı, eləcə hazırcavablığının, nadicliyinin, "tripaçlıq"ının, yaş sindiromunun içində zamanını xərcləməklə məşğul oldu. Vaxtın yeganə dəyər olduğunu anlamadı. 9-cu sinifdə başı daşa dəyəndəsə gecikdi. 

3. 5 ilim yerə girdi, o qədər rəzil davrandım ki, o dövrə düşən vaxtım göyə də uçmadı, yerin dibinə girdi. Sonrakı həyatmda ha çalışdım o itkini kompensasiya edə bilmədim.

4. Arzusu jurnalist olmaq istəyən, sinifin divar qəzetinin redaktoru olan, inşaları heç yerdən köçürmədən yazmağa çalışan və əksər hallarda nail olan o nadinc uşaq jurnalist olmaq arzusu ilə xəyallar qurduğu halda dəqiq elmlər üzrə hazırlaşmağa başladı. Hədəfin ikidirsə, şaxələnibsə parçalanacaqsan. Bu gün də o çaşqınlığın səbəbini tapa bilmirəm. Mistik qüvvə  gələcəyi görürmüş, ya da elə özü qurubmuş. Nadicliyim başıma bəla oldu: 11-ci sinifi 1991-ci ildə bitirəndə Mehdiabad qəsəbə orta məktəbinin (o vaxt qəsəbədə cəmi bir məktəb olduğundan nömrəsi də yox idi) - indiki 1 nömrəli təhsil ocağının direktoru atestatımı verməyi gecikdirdi - qəsdən, cəzalandırmaq məqsədilə. Artıq ali məktəblərə sənəd qəbulu müddəti başa çatırdı. Neft Akademiyasının axşam şöbələrində (Neft və Kimya institutu idi) sənədlərin qəbuluna bir neçə gün qalmışdı. Atestatı açıq seyfdən oğurladım - direktora qalsaydı, verməyəcəkdi. 1991-ci ildə  Riyaziyyat və Fizika fənnlərindən verdiyim imtahanın iki 5 cavabıyla və ədəbiyyatdan məqbul qiymətlə ali məktəbə qəbul oldum. 

5. Hərbi xidmətimin 1 ilini - 1993-1994 Bakıda çəkdim. Atam çoxlu pul verib məni "stroybata" saldırmışdı. Proses zülmlə, məcburən baş vermişdi. Qarabağ uğurunda müharibə idi, həm də pis müharibə gedirdi - ölkəmizi satırdılar. Valideynlərim ölməyimi istəmirdi, dostlarımın, məhəllə uşaqlarımın şəhid olma xəbərləri isə çoxalırdı. Dözə bilməzdik, hərbi hissəni özbaşına tərk edib, cəbhəyə yollandıq. Qazaxdakı hərbi hissənin ön xətti son dayanacaq yerimiz oldu. Daha nələr görmədim. Bir saatın içində 3 əsgər qucağımda şəhid oldu, neçə igidimizin yaralarını sarıdım, neçə-neçə güllələr dörd yanımdan keçdi, basdırdığım və çıxardığım  minalar hələ də beynimdə partlayır. Saçımın rəngi qara idi, basdıranda əlimdə partlayacağından qorxduğum minalar, sürprizlər  qaraların gününü ağartdı, dinc dövrdəki həyatımda yaşadığım partlayışlarsa, qaraları necə qaraltdısa yoxa çıxdılar. Bir atestatı gecikdirən direktor insan taleyini nifrətlə yazdığının fərqində də olmadı. Yox dostlar, səhv mənim idi: nadincliyimin əsas səbəbi düz danışmaq, uşaq çılğınlığı, qüruru, mənəm-mənəmliyi idisə, gərək içinə bir az siyasət qatardım, açıq tarana getməyin nəticəsində 5 ilimi də belə itirdim. 

6. Cəm 10 oldumu? 23 yaşım vardı, 10 ilini artıq itirmişdim. Heç olmasa itirməsəydim, yaşımdan çıxılsaydı, 13 yaşına qayıtsaydım... Belə əfsanələr yalnız arzularda gerçəkləşir. 

7. 10 ilə bitirdiyim, diplomumda adı Azərbaycan Neft Akademiyası yazılan ali məktəbdən heç nə qazanmadım. Beynimdəki güllə səsləri tələbəliyimə, həyatımdakı üzümə çırpılan qapı səsləri gəncliyimə zərbə vurdu. Nefti bitirəsən, jurnalistikaya pərçimlənəsən. Hansı sahə itirdi, hansı  sahə qazandı, onu müəyyənləşdirə bilmirəm, ancaq neftin quyusuna düşsəydim o ağ saçlarım mütləq qaralardı. Bu ölkədə qara neft axınına düşən ağ günə çıxa bilər, qırmızı jurnalistikanınsa mənsəbi yoxdur, elə hey axır-axır-axır. 

8. 24 ildir bu axına düşüb üzü aşağı doğru gedirəm. Bu ölkədə jurnalistikanın səmti üzü aşağıdır. Giley deyil bu, jurnalistikaya yaşamağımı borcluyam. O mənə qahmar çıxıb, neft fontanının minlərlə kilometr uzağa tulladığı adama jurnalistika qucaq açıb, yıxılsam da, əzilən yerlərim az olub. 

9. Müstəqillik jurnalistikanın dəmir tələbidir, nə olsun, tələb etsin də, bil bu tələbə boyun əyəcəksənsə, yaşamaq çətinləşəcək. Harada işləməyimə baxmayaraq, özümü müstəqil jurnalist kimi tanıtdırmağım, hadisələrin fövqündə dayanmağım da itirdiyim illərin sayını çoxaltdı. Aşağı düşənə qədər gecikdim. Lələ köçüb, yurdu qalmışdı. Onlara oxşamayanları özləri ilə aparmamışdılar. Nə yaxşı ki, belə də olmuşdu. Getdilər.  İşığa doğru gedirdilər, qaranlığa düşdülər. Tərs kimi gedəndə bizim də işığımızı söndürmüşdülər, daha doğrusu transformatoru dağıtmışdılar. Vəssalam da, bir neçə ilim də bərpa dövründə yoxa çıxmaqdadır. Dağıdılan dövr, bərpa dövrü, işləyəcək dövr... hər birinə 2 il qurban getsə, bu da edir 6 il. 10 ili itən adama, 6 illik daha bir zərbə.

10. 46 yaşım var.16-nı çıxsaq, qalır 30. Bəh-bəh... nə gözəl yaşdır. Kimdənsə yaşını soruşanda o 45-46-dan aşağı bir rəqəm deyirsə, andaca belə söyləyirəm: Yaşının qədrini bil. 25-də edəcəyini 24-də elə. Hər yaşı bir il qazansan, yaşadığın illər bir dəfə çoxalacaq, üzərinə o qədər də gələcək. Onu da əlavə edirəm: 45 46-dan 45 dəfə gözəldir. 26 27-dən 26 dəfə gözəldir. 
Gəlin, ömrünü həyatına qurban verən bu kefsiz Ceyhunu dinləyin. Necə qalmısızsa, eləcə də qalmayın, dəyərli gənclər. Bütün işlər bu günündür. Yox, yox... tələsməyin, təndirə düşərsiz, gecikməyin də, kəndirə düşərsiz. Sadəcə yaşınızı itirməyin. Bunun üçün çox az dəmir şərt var: 

- Ummayın.
- Peşman olmayın.
- Düşünməyi vərdişə çevirməyin.
- Bir hədəf seçin.
- Planınızı kimsəylə bölüşməyin.
- Dərdinizi heç kimə danışmayın. 
- Bilirəm deməyin.
- Ümdə biliklərə sahiblənməyi - dil öyrənməyi və sənətə yiyələnməyi 25 yaşına qədər bitirin. 
- Yeyin, gəzin və mütaliə edin.

- Özünüzü heç kimə borclu saymayın. Özünüzü həyata qurban verməyin. İnsan həyatdan çox qiymətlidir - bunu heç vaxt unutmayın. Həyat kredonuz bu həqiqət olsun.

... Gəlin, bu kefsiz Ceyhunu dinləyin. Necə yaşayırsınızsa, elə yaşamayın!  Yalnız ruhunuzun dincliyinə nail olmağa çalışın. İnsan cismdən yox, ruhdan ibarətdir. 

Ruhunuz şad olsun, DİRİLƏR!