Karapetin senatı..

 Qəzənfər Həmidoğlu

Fransa XİN ölkə Senatının "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” adlı bədnam qətnəməsinə dəstək verməkdən dərhal imtina etdi.
Amma XİN-in dövlət katibi Jan-Batist Lemuan üzrü əməlindən betər açıqlama verdi: "Dağlıq Qarabağın birtərəfli tanınmasının nə Ermənistana, nə Qarabağ sakinlərinə, nə də Fransaya xeyri var".
Yəni, xeyri olsaydı, Fransa hökuməti beynəlxalq hüquqa-zada baxmazdı, qoşulardı senatorlara.
Təbii ki, rəsmi Parisi Prezident İlham Əliyevin sərt xəbərdarlığı da çəkindirir: "Mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir".
Fransa Senatı sanki Jakın deyil, Karapetin parlamentidir. Yuxarı palatanın 348 üzvü var. Səsvermədə 306 senator iştirak edib: 305-i ermənilərin lehinə, vur-tut bir senator əleyhinə səs verib. O bir nəfər çox güman ki, Fransa Senatında Fransa-Qafqaz parlamentlərarası dostluq qrupunun prezidenti Alən Uperdir (Alain Houpert). Senator Uper təkbaşına Fransa Senatının müəyyən anlamda şərəfini xilas edib.
Yəqin ki, Senatın tarixində belə əbləh qətnamə indiyədək rast gəlinməyib.
Fransa Milli Assambleyası (Aşağı palata) Burbon sarayında, senatorlar isə Lüksemburq sarayında toplaşırlar. Aşağı palatada qızğın debatlar olur, ağızlarına gələni danışaraq "parlament" (fr. "parle"-danışmaq) sözünün haqqını verirlər. Lüksemburq sarayında isə sakitlikdir, istəyirsən mürgü döy, bəzən Fransa mediası ölkədə Senatın olduğunu unudur.