Xoş gördük, Qarabağ!

Bu gün, yəni 2020-ci il noyabr ayının 12-də ölkəmizdə internetin verilməsində tətbiq edilən məhdudiyyət aradan qaldırıldı. Nəzərinizə çatdıraq ki, qırx dörd gün... rəqəm məni silkələyib ayıltdı. Qırx dörd gün... yox, belə rəsmi cümlə üslubuma yaddır. Elə bil “Xəbərlər” proqramında işləyirəm. Ya da sayta mətn hazırlayıram. Fikirlərimi məhdud çərçivəyə yerləşdirib yazanda elə bilirəm bütün dadlı meyvələri süfrəyə qurudub düzmüşəm. Belə iş təkliflərini bu səbəbdən qəbul etmirəm. Bəs indi noldu? Bu nə cümlələrdir çıxdı qələmimdən? Eyni küçədə yolun o üzündə, bu üzündə açılan marketlər kimi saysız-hesabsız saytlarda yetərincə informasiya var. Yaxşısı budur, üslubuma sadiq qalaraq qələmi ruhumun əlinə verib gözləyim görüm nə yazacaq. Yazını kompüterdə yazdığım üçün bu cümlə yerinə düşmədi. REDAKTƏ: ruhumu bağrıma basıb  klaviaturanı çıqqıldatmağa başlayıram. Harda qalmışdıq? Hə, qırx dörd rəqəmində. Bu rəqəm azərbaycanlıların qəhrəmanlıq koduna çevrildi. Bəs qırx dörd gün qabaq nə baş vermişdi? Suala ötəri cavab vermək olmur. Sözün həqiqi mənasında gərək bu günlər ərzində baş verənləri ifadə etmək üçün aşıq saz götürüb qəhrəmanlıq dastanı bağlasın. Elə isə aldı görək aşıq nə dedi: – Azərbaycan xalqı toya hazırlaşan ailəni xatırladır. Sevinc, həyəcan hissləri bir-birinə qarışıb. Cavanlar, yəni ordu, böyüyün –  Prezidentin tapşırığı ilə əsas işləri görür, qohum-qardaş – Türkiyə və Pakistan da bir tərəfdən "əl-ayaq" verirlər. Fərq ondadır ki, toy evinə qonşular daha çox can yandırıb kömək etdiyi halda, bu dəfə toya "pəl vurmaq" istəyən elə qonşu özüdür. Qonşumuz pisdir deyə köçüb qurtaran deyilik, onları Prezidentin dediyi kimi iti qovan kimi öz torpaqlarımızdan qovacağıq. Rədd olub başqa yerdə yallı ("Yallı" yox haa) getsinlər. Aşığın sözü tükənməz ki. Birini bitirib birini başlayır: "Ya azad ol"maq, "ya tamam yan"maq üçün bu gün ayağa durmuşuq. Bu xalq rəhbərindən döyüşmək üçün xahiş edir. Millətimiz canını deyil, Qarabağını əziz tutur. Doğma torpaqlarını düşməndən azad edib alnıaçıq yaşamaq istəyir. Aləm koronavirusa dönsə də yaddan çıxmadı QARABAĞ! Yaşamağa haqqı olan xalqıq! Alqış millətimizdəki Vətən eşqinə!” Haqq aşiqləri heç vaxt yalan danışmazlar. Aşığın çatdırdığı: “Ermənilərin həyasızcasına mənimsəməkdə israrlı olub, əhalisini vəhşicəsinə qətlə yetirdikləri işğal olunan Qarabağın uğrunda döyüşdüyümüzü dünya dövlətləri bilir” fikrini sübuta yetirmək üçün Fransanın “Le Monde” qəzetinin yazdıqlarını da nəzərdən keçirək: “Xankəndidəki müxbirlərinin verdiyi məlumata görə, şəhərə gətirilən yaralılar əsasən tapança gülləsi və bıçaq xəsarətləri alıb. Bu o deməkdir ki, şəhər demək olar ki, əlbəyaxa döyüşlərlə azad olunub. Yəni döyüşlərdə dağ xüsusi təyinatlıları iştirak edib. Üstəlik, azərbaycanlılar yaralıları və ölənləri döyüş meydanında qoymayıb, hücum zamanı dağa qalxarkən onları da qalaya daşıyıb”. Aşıq sazını saxlayıb dua edir: “Şükür sənə xudaya, şou proqramları zorla millətə sırıyanlar bu xalqı kefcil edə bilmədilər. Küçələrdə əhaliyə qan yaddaşımızla bağlı sual verən jurnalistlərə, vətənpərvərlik hissini müxtəlif formalarda təbliğ edənlərə, kütləvi-mədəni tədbirlərin təşkilatçılarına eşq olsun! Qarabağ uğrunda ölümü şərəf sayan gəncləri böyüdən anaların qarşısında baş əyirik. Noyabr ayının 10-u azərbaycanlıların yuxularının çin çıxdığı, xəyallarının gerçəyə döndüyü tarix oldu”. Bu yerdə beş-on kəlmə ürək sözümü demək üçün aşıqdan vaxt istəyirəm. Deyirəm ki: – Azərbaycanla məni ilk dəfə Səməd Vurğun tanış etmişdi. Demişdi ki, biz bir uşağıq, o da anadır! Müslüm Maqomayevin "Anamın anasısan!"  təqdimatından sonra isə Azərbaycanı həm də nənəm kimi sevdim. Anan olmayanda səni sinəsinə çəkib pisliklərdən uzaq tutmağa çalışan varlıqdır nənə. O, səndə həmişə balasının nişanəsini axtarır. "Anan da belə edərdi" deyib ən adi hərəkətlərinə də göz qoyur. Nənə həm də tarixdir, folklordur. Nəvələr nə qədər müasirləşsələr də bu "daş kitabələrin" sinəsindəki qədim yazılara olan marağı ölmür. Bu bir ehtiyacdır.  Bizi Vətən edən ehtiyac! Duyğularımın adının vətən sevgisi olduğunu mənə M.Araz, X.R.Ulutürk və A.İldırımın şeiriləri də anlatmışdı. Onları da Azərbaycan kimi sevirəm. Vətən sevgisi bir də Mikayıl Mirzənin səsindəki yanğıdan alışdı qəlbimdə. Bir də onu deyəcəkdim: indiki cavanlar prezidentə qoşulub Qarabağı işğaldan azad etdilər. Əl çəkin daha indiki cavanlarla avtobusda yer davası döyməkdən. Onlar qolunu, ayağını itiriblər, indi siz yer verin onlara. Yaşlı nəsillə indiyəcən yaxşı dolanmışam, deyəsən, bir az da çox danışsam onlarla münasibətimiz korlanacaq. Aşıq sözünə davam etməkdə olsun, mən də gedim yazım. Yazını bir yuxumun təsiri ilə yazıram. Yuxuya inanan deyiləm, gördüklərim heç yadımda da qalmır. Həm də yaxşı yuxu görməyi sevmirəm. Şirin yuxudan ayılıb acı reallıqla qarşılaşmaq çətindir. Yuxunun təsirinə düşüb yazdığım birinci dəfədir. Qarabağla bağlı 30 il gördüyümüz yuxuların Prezidentin siyasi fəaliyyəti ilə Azərbaycan əsgərinin birləşən qüvvəsinin nəticəsində düz çıxmasından həvəslənmişəm. Ümidlərimizin donan vaxtı birdən-birə torpaqlarımızın işğaldan azad edilməsi indi gördüyüm yuxunun da nə vaxtsa çin çıxacağına məni inandırdı. Uzun-uzadı deyil ee, uşaq yuxusuna bənzəyir... Gördüm ki, dünya yenilənib. Əvvəlkindən əsər-əlamət qalmayıb. Daha təbii fəlakətlər də baş vermir. İnsanlar da sağlam və mehriban yaşayırlar. Hamı əyləşib keçmişdən danışır, tarixdə baş verən müharibələrə görə üzülür, insanların bir-birilərini incitməklərinə təəssüflənirlər. Qərara alırlar ki, yeni dünyada müharibə etməyib dost olsunlar. Bu yuxu kiçik həcmli statusu, qısametrajlı filmi, nə bilim bir neçə dəqiqəlik klipi xatırlatsa da əslində çox böyük arzudur. Xəyal edirəm ki, birdən doğrudan da dünya təzələnsə, o insanlar köhnə dünyada bizim başımıza gələnlərdən xəbər tutmaq istəsələr gərək M.S.Ordubadinin “Qanlı illər”, Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası”, Türk tarixçisi Taha Akyol “Azerbaycan Sovyetlər ve ötesi”, Əlisahib Əroğulun “Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası, Aygün Attarın (Haşimzade) “Karabağ sorunu kapsamında ermeniler ve ermeni siyaseti” əsərlərini oxuyalar. Bilsinlər ki, ermənilər azərbaycanlıları öz doğma torpaqlarından 1828-ci ildən qovub çıxarmağa başlayıblar. Bu zorakılıq 1988-ci ilədək davam edib. Azərbaycanlılar qovulduqca onların kəndləri dağıdılıb, adları da məhv edilib. 1935-ci ildənsə həmin kəndlər erməni adları ilə əvəz olunub. Olduqca hiyləgər və məkrli olan ermənilər sanki millətimizin qanını içmək üçün törəyiblər. Azərbaycanlıların başlarına gətirdikləri müsibətlərdən digər xalqlar da nəticə çıxarmalıdırlar. Əllərinə fürsət düşərsə eyni faciələri hər millətə yaşadarlar. Necə ki, bir əsrdə dəfələrlə eyni cinayəti millətimizə qarşı işlədiblər. Onların 1905–1906-cı illərdə də Bakıda, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətdiklərindən xəbərdar olsunlar. Yeni dünyanın insanları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlunun məqaləsini də oxusalar əla olar. Bilərlər ki, “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri cinayətlər, soyqırımlar 5 mərhələyə bölünür: Birinci mərhələ - XVII əsrdən -1905-ci ilə kimi olan dövr. İkinci mərhələ - 1905-ci ildən -1914-cü ilə kimi olan dövr. Üçüncü mərhələ - 1914 ildən -1920-ci ilə kimi olan dövr. Dördüncü mərhələ - 1948 ildən -1953-cü ilə kimi olan dövr. Beşinci mərhələ - 1988-ci ildən sonrakı dövrlər. 1988-ci ildən Ermənistanın ölkəmizə qarşı başladığı müharibənin nəticəsində qarşıdakı 1991-92-93-cü illərdə Vətənimizin Vətənimizlə əlaqəsi kəsilmişdir. Elə bil bir evin  yanaşı olan otağının dəhlizini qonşu həyasızcasına mənimsəyib, ev sahibi də ona izah edə bilmir ki, bu dəhliz onundur, otaqlarına keçməlidir. Axırda mübahisə başlayanda qonşu cəzasını alır. Onu bayıra çıxarırlar, həkimlər hara aparılmalı olduğunu təyin edir, xəstə qonşunu ruhi xəstəxanaya yerləşdirirlər. Bu millətin beyninə necə yerdiblərsə onlara elə gəlir ki, qonşunun dəhlizi onundur və yaxud onun deyilsə də onun olmalıdır. İndiyəcən ermənilərin törətmədiyi faciə, çıxarmadığı oyun qalmadı. Dünyaya soyqırımlarını sırımaqdan başqa xəstə təfəkkürləri, oğru niyyətləri ilə tarixi-mədəni abidələrimizi də öz adlarına çıxdılar. Unutqanlığımız və yersiz humanistliyimizdən, uzanan sülh danışıqlarından bəzən usandıq. Qarabağın həsrətindən qovrulduqca canımızın acısını qələmlə çıxardıq. Bu ilin sentyabr ayınadək hamımız nigaran idik. Keçən il Ermənistanın baş naziri N.Paşinyanın Şuşada rəqs etməsindən hamı kimi mən də ümidsizliyə qapılıb “Erməni və biz” adlı yazı yazmışdım. Qarabağın işğaldan azad edilməsi bizə yuxu kimi görünürdü. Hər şey necə dəyişdisə özümüzü təzədən dərk etdik. Bu gün qələbə ab-havasına uyğun olaraq həmin yazını saytda “Dəbdən düşmüş yazı” adıyla yerləşdirdim. Mətnin son abzası belədir: “Yutubda ermənilərin Şuşada yeni ili qeyd etdiklərini ürək ağrısı bir yana, xəcalət çəkə-çəkə izlədim. N.Paşinyanın “Yallı” oynamasından  yazmağa isə cürət etmirəm. İçimdə nəsə bir şey qırıldı. Bilmirəm qürurdur, ya ümid?” Onda qorxurdum ki, Qarabağ İrəvanın taleyini yaşaya. Yaxşı ki, ümid hər pis fikri yaxına buraxmır. Onun sayəsində gözəl günlərə çatdıq. Bu gün hansı hiss güc verir bizə? Vətən eşqi!  Nəyin şahidi oluruq? Hər kəsin həmrəy olmasının! Bu reallığın necə böyük xoşbəxtlik olduğunu duyduqca millətin yolunda ölümə hazır olursan.  Hamının eyni arzunu diləməsi, eyni sevinci yaşaması, eyni xəbəri gözləməsi,  eyni düşmənə nifrət, eyni adama dua etməsi həmrəylik deyilmi? Xalqımızın həmrəyliyi adamı vəcdə gətirir. Belə sevinc üçün ölməyə dəyər! Təki Azərbaycanımız, millətimiz var olsun! Feysbuk statusumda bunu belə ifadə etmişəm: Bizim Şuşada “Yallı” getməyimiz “Uzundərə” olacaq. Qarabağı görməyən gənclər onun uğrunda canından keçdilər. Keçdilər ki, gələcək nəsil Qarabağlı Azərbaycanda böyüsünlər. Bu ağac əkməyə bənzəyir. Biz əkirik, barını gələcək nəsil yeyir, sonra onlar da yenisini əkir, o biri nəsil faydalanır. Bu müqəddəs vəzifədir. Şuşanın işğaldan azad edilməsini səbirsizliklə gözləyəndə yadıma düşdü ki, yeniyetməlik illərimdə "Şuşa" adlı şeir yazmışdım. Köhnə dəftərlərimi töküb şeir üçün ayırdığımı tapdım. Köhnə kitab-dəftər qoxusundan həmişə kövrəlmişəm. Amma bu dəfə köhnə qoxu məndə əvvəlki inamımı bərpa etdi. Yenə inandım ki, Şuşa azad ediləcək. Qeyri-adi istedadla deyil, inamla, ümidlə yazmışdım. Yazdığım vaxtdan da gizlətmişəm. Zəif olduğunu bilirdim, amma gizlətməyimin səbəbi bu deyildi. İşğaldan azad etməmişdik deyə utanırdım, sözlərim pafoslu səslənirdi.  Bu günsə ürəyimdən paylaşmaq keçdi. Yeniyetmə şeiri kimi qəbul edib, qüsurlarına fikir verməyin. Dünyanın qanunsuz məhkəməsində Mənə ən tutarlı dəlildi Şuşa. Azəri yurdudur, düşmən desin də... Eradı, əsrdi, min ildi Şuşa. Atılan hər güllə, yağan hər atəş Bir xain qonşunun böhtanı, şəri Tamahı güc gəlib mənimsəməkçün Özgə torpağından çəkir çəpəri. Anamın anası – canımın canı. Mən yada vermərəm Azərbaycanı. Vətəni uğrunda tökülüb qanı Övladın şəhiddi, əlildi, Şuşa! İndi yenilməyən ordu qurmuşuq. Düşmənə yurd vermək niyyətimiz yox! Vətən keşiyində qədimdən bəri Babalar durubdu, biz də durmuşuq. Axır ki o günü yaşadıq. Prezident Şəhidlər xiyabanında Şuşanın işğaldan azad edildiyini bəyan edəndə hamının ürəyi bir ürək oldu, işğal edilən gün eyni anda özündən gedən xalq, azad ediləndə eyni anda özünə gəldi. 8 noyabr 2020-ci il tarixində “Xoş gördük, Şuşam! Həmişə Vətənində!” demək qismət oldu. O gün bayrağımız da özümüz kimi qürrələndi. Unutmayacağıq 8 may 1992-ci il tarixini. Həmin vaxt işğal olunmuşdu. Onda da, bu gün də itiridiyimiz oğulların sayəsində Vətən olduq. İtkilərimiz var... Neçə ananın gözü yaşlıdır. Amma hamısı Vətən sağ olsun deyir. Analar bilir ananın kim olduğunu. Ona görə şəhid balası üçün "Vətən sağ olsun!" deyirlər. Şəhidlər Cəbrayıldır, Zəngilandır, Şuşadır, bütövlükdə Vətəndir! Rayon-rayon yaralanan Vətən oğul-oğul sağalır. Anaların qarşısında baş əyirəm. Mən ölməsəm, sən ölməsən Vətəni hansı itkilər xilas edər? Təkcə mənim ölümümlə millətim, torpağım var olarsa ölümə hazıram. Ölümümüzlə Azərbaycan qazanırıq. Mən olmasam da olar, təki gələcəkdə Yer üzündə Azərbaycan adlı məmləkət olsun. Əziz ədəbiyyat adamları, Qarabağ üçün ən gözəl əsəri əsgərlərimiz yazır, bizə qalır əsgərdən yazmaq.  Ədəbiyyat adamları demiş... Əkrəm Əylislinin “Daş yuxular”ı da “Boş yuxular” çıxdı. “Yeddidən yetmiş yeddiyə” ifadəsi Qarabağ üçün həmişə aktual olub. Bu günsə bunu əyani şəkildə görürük. Gecə partlayış səsinə oyansaq da Prezidentin çıxışını izləyib qələbə sevinciylə ovunduq. Amma baş verənlər səhhətimdə narahatlıq yaratmışdı. Sakitliyə çəkilib gah sevincdən riqqətə gəlir, gah da özümü ələ almağa çalışırdım. Gecə baş verənlərdən xəbərsiz olan on yaşlı oğlum tezdən oyanan kimi televizoru açıb Prezidentin çıxışını izləyir. Arada dözməyib gəlib bacısından soruşur: –  Bacı, gecə xəbərim olmayıb İlham Əliyev hansı qərarı verdi? Bacısı da sevincək: –  Torpaqlarımızın hamısı indi özümüzdədir - dedi. – Ura! Kiçik azərbaycanlıların böyük Vətən eşqidir bu. İlahi, gələcək nəsli də bizi kimi Vətənlə imtahana çəkmə. Bu gün verilən qərar gələcəkdə onların həyatında problem yaratmasın. Bax, ilahi, ta sənə ümidliyik haa. Aşağıda yazacaqlarımsa öz aramızda qalsın, düşmən bilməsin. Noyabr ayının 12-də feysbuk sosial şəbəkəsindəki statuslarda “Əlvida, vpn” sözləri gözləri yorurdu. Maraqlı adamlarıq, statuslarımızın mövzusunun dəyişməsi saniyə çəkir. Gah siyasət aləmindəki gündəmi zəbt edən məsələlər, gah da karantin rejimi, pandemiya, “sms-lə icazə” mövzulu paylaşımlar feysbuku “işğal edir”. (“İşğal” sözünü işlədəndə də adam dəli olur. Bacarmadığımız əməldir deyə söz kimi də işlədə bilmirəm. Onunla xüsusi məşğul olan millətlər var, bizlik deyil. Allah özümüzə gül kimi Vətən verib, gözütoxuq. Başqasının vətəninə göz dikən ermənidir. Bunu elə təhqir kimi də işlətmək olar.) Vpn də Qarabağ uğrunda sentyabrın 27-dən başlayan müharibə səbəbilə ölkəmizdə internetin məhdudiyyətlə verilməsi zamanı əhalinin seçdiyi alternativ variantdır. Müharibə elanı və birdən-birə internetin kəsilməsi bizi el arasında deyildiyi kimi “əli kəsilmiş”ə döndərdi. Yenə el arasında deyilən kimi “axşamacan sosial şəbəkələrdə veyillənən” bizi saxlamaq olardı? Çarəsini həmən tapdıq. Cəbhə bölgəsindən şəkil paylaşmağın zərərimizə olmasına məhəl qoymayan kim, dünyanı vecinə almayıb öz işində olan kim, bir də bəşəriyyətin dərdini çəkən kim. Hamı status başında idi. Bildiyini-bilmədiyini bir-biri ilə bölüşürdü. Gah şəbədə, gah cəbhə xəbərləri ayaq tutdu yeridi. Təkcə mənasız paylaşımlardan ibarət olmayan feysbukda məntiqli, vacib, keyfiyyətli yazılar da oxumaq mümkündür. Ya populyar səhifələrdən, ya da ayrı-ayrı ziyalıların profilindən. Bu gün müharibə də bitidi, internet də verildi. Şükür qovuşdurana. Şükür elə Suqovuşana da. Hər şey onunla başladı. Qarabağı 30 ildir ki yuxuda görüb suya danışırdıq. Ona görə birinci Suqovuşana qovuşduq. Qələbə qoxulu tvitlər, çıxışlar inasanları sevindirdi, Prezidentin çıxışı ümid oyatdı. İndi gerçəyi xəyaldan ayırmaqla məşğuluq. Əlinə qələm alan, qarşısında kalaviatura olan, üç-dörd sözü bir yerə yığıb ona “rəhbərlik edən” hər kəs millətin çatışmayan cəhətlərini tənqid edib. Ara-sıra mən də “bu işlə məşğul olmuşam”. Demişik ki, rüşvət almağa və verməyə meylliyik, oxumqdan çox oynamağa üstünlük veririk, növbə gözləmək  qabiliyyətimiz yoxdur və s. Haqsız da deyildik. Bircə o şeydə haqsız çıxdıq ki, xalq unutqan deyilmiş, vətənini sevirmiş. Hələ mən çoxundan fərqli olaraq, milləti biabır etməmişəm. Etiraz etdiklərim məqamlara da canıyananlıqla yanaşmışam. İndi hamı azərbaycanlı, hamı Qarabağlıdır. Əslində həmişə belə olmuşuq. Yoxsa bu gün birləşə bilməzdik. “Millətimizin bəzi cəhətlərini Vətən sevgisinə bağışlayaq. Onlar da bizi bağışlasınlar. Amma untmayaq ki, o yazılar da bugünkü birliyə nali olmağa edilən çabalardan yazılırdı. Qarabağı işğaldan azad edək ondan sonra da bir-birimizi incitmədən cəmiyyətimizdəki  problemləri həmrəy olub yoluna qoyaq. Bizim bir düşmənimiz vardı, ondan da qurtuluruq. Öz aramızdakı qovğalara da son verək”. Bu cümlələri sevinə-sevinə yazmışdım. Daha heç kəsi yüngülvari də olsa tənqid etməyəcəyimə söz vermək istəyirdim. Qulağımın dibində birinin “Vətən!” deyə-deyə vətəndaşları incitməklə məşğul olduğunu gördüm... Necə təəssüflənməyəsən? Necə yazmayasan? Məcbur olub təzədən yana-yana yazıram: Uşaq doğulur, böyüyür. Onun necə böyüməsi təbii ki, ailənin sosial-iqtisadi vəziyyətindən asılıdır.  Maddi vəziyyəti qoyaq kənara. Adam kasıb ola, istədiklərini gec əldə edə bilər. Bu faciə yox, zamanla yoluna düşən problemlərdir. Amma uşağın mənəvi-psixoloji baxımdan necə böyüməsi əsas şərtdir, çünki onun aldığı tərbiyə təkcə özünün deyil, bütöv bir cəmiyyətin xeyrinə də ola bilər, ziyanına da.  Uşaqların rəftarlarında, dünyagörüşlərində əsas amil kimi tərbiyə götürülsə də burda gen faktorunu da unutmaq olmaz. İrsən keçən hər hansı xarakter problemi varsa onu necə tərbiyə edirsən et, istənilən nəticə əldə edilməyəcək, məqam gələndə gen faktoru özünü göstərəcək. Hələlik irsi amili də qoyaq kənara. Uşağa elə tərbiyə vermək lazımdır ki, gələcəkdə həm özü davranışları üzündən əziyyət çəkməsin, həm də həmin tərbiyəni fərdi keyfiyyət formasında kollektivə daşıyanda başqaları zərər görməsin. Uşağın tündməcazlığı özünü birinci məktəbəqədər müəssisədə göstərir, daha sonra orta məktəbdə, davamı artıq ali təhsil ocaqlarında olur. Ən çətin məqamlar əmək fəaliyyətinə başladığı müəssisədə olur. O özü hiss etməsə də bəlli olur ki,  ailəsində görüb-götürdüyü mənfi keyfityətləri ilə cəmiyyəti çalxalayır. Kollektivi narahat edən adamların varlığı təbii ki, millətin xeyirinə ola bilməz. Deyə bilərsiniz ki, tərbiyədən çox fərdi keyfiyyət söhbəti də var, filankəs yaxşı adamdır, amma övladı bədəsil çıxdı, bununla da razılaşıb tərbiyə prosesini də qoyuram kənara və  bu dəfə sözümü birbaşa elə həmin şəxslərin özlərinə deyirəm. – kollektivdə münasibəti qoruyub bir-birini xoş ünsiyyətlə dindirmək nədən sənin üçün qəbuledilməz olmalıdır? Hadisələrə obyektiv münasibət bildirmək yerinə niyə öz aqressivliyinin doğurduğu qıcıqla yanaşmalısan? Əgər insanları sevmirsən,  birinin səndən üstün olduğunu qəbul edə bilmirsənsə, sənin ürəyindən ancaq pislik etmək gəlirsə o zaman niyə yalançı ədalət pərdəsinə bürünməyə cəhd göstərirsən?  Sakit vəziyyətdə qərar qəbul edə bilmirsən, qısqanclıq hissi ilə nəyəsə sahib olmaq istəyirsənsə problemi niyə başqasında axtarırsan? Bəyəm sən düşmənin hər an üstümüzə bomba atdığını, sağ qalıb-qalmayacağımızdan əmin olmadığımızı görmürsən? Bu qədər yersiz savaşdan nə əldə edirsən? İnsanlara, kollektivə, cəmiyyətə  bilə-bilə zərbə vurmağı düşmən əməli ilə müqayisə edəndə görürük ki, bir-birinizdən o qədər də fərqlənmirsiniz. Uşaqlıq travmalarını, psixoloji gərginliyini, qısqanclıq (pis halda paxıllıq, mərdiməzarlıq) hissini erməni terroru ilə özün də müqayisə et. Onlarla sənin heç bir fərqinin olmadığına ciddi fikir ver. İkiniz də eyni xalqa qarşısınız. O düşməndir, sənsə bu xalqın bir nümayəndəsisən, amma millətinin nümayəndələrinə qarşı savaşırsan. Səbəbsə şəxsi ambisiyalardır. Bu sənin xarakterinə, tərbiyənə, bəlkə də geninə söykənən rəftarındır. Ədalət, vicdan hissin hanı? Düşmənin gülləsindən ölənlərə saxta göz yaşı axıdıb da, dirilərinə pislik edib mənən öldürməyə çalışırsan. O zaman sənə niyə erməni deməyək? Erməninin biri erməni! Savaş gedir ee, birləşməliyik, parçalama milləti, dağıtma kollektivi. Adamları bir-birindən uzaqlaşdırıb, milləti belə-belə məhv edirlər. Bunu etməyək. Ayıq olaq! Xalqımızı sosial-siyasi təbəqəyə ayırmadan sevirəm. Mənimçün azərbaycanlı anlayışı hər şeydən üstündür. İki cəbhəyə bölünüb bir-biri ilə ədavət aparanları görəndə üzülürəm. Bu mövqeyim yazılarımda həmişə əksini tapıb. Siyasətdə, ədəbiyyatda, hətta məişətdə də çəkişmələri sakit qarşılaya bilmirəm. Bunlar mənə çox pis təsir göstərir. Belə hadisələrdə olan millətə olur. Baş verənlərdən xalq əziyyət çəkir. Bir dəfə də yazmışdım, Mir Şahinlə Sevinc Osmanqızının intriqasına bəlkə də, məni qədər üzülən yoxdur. Ona görə ki, ikisi də azərbaycanlıdır, ikisi də bu xalqın ziyalısıdır. Savadlı insanların bacarığından xalq faydalanmalıdır, onların istedadları mənasız savaşlara sərf olunmamalıdır. Arzulayırdım ki, kaş ölkəmizdə ikiyə bölünən heç bir cəbhə olmasın. Əks cəbhədə olanları Vətən sevgisinin birləşdirəcəyi günü görmək üçün elə darıxırdım ki... Bundan sonra necə olacağından xəbərsizik, indiyədək baş verənləri də qoyaq kənara. Bu gün bu mənzərəni seyr etmək xoşdur. Əli Kərimlinin çıxışı da "Öncə Vətən!" ifadəsinə yaxşı nümunədir. Vətənin azadlığı naminə iqtidar-müxalifət həmrəyliyini seyr etmək xalqın xoşbəxtliyidir. Kim necə qiymətləndirir bilmirəm, mən məmnunam. Çıxışda yozulası heç nə yoxdur. Ordumuzun, Prezidentimizin uğurlarını etiraf edir, alqışlayır. Belə günlərdə birləşmək vacibdir. Nə yaxşı ki, bunu yaşadıq. Biz bir-birimiz üçün varıq! Daha möhtəşəm olmalıyıq! Düşmənə belə yazığımız gələn millətik. Efiri izləyib məlumatları dinləyəndən sonra uşaq sual verir ki: – Ana, ermənilərin torpaqlarının hanmısı bizimkidir işğaladan azad edəndən sonra onlar harada qalacaqlar? Əsl azərbaycanlıdır. Deyirəm babalarımız da o vaxt onlara can yandırıb yer verdilər axırda dedilər ki, hər yer bizimdir, siz çıxın. Deyəsən, humanistlikdən yaxamızı qurtara bilməyəcəyik.  Gələcək nəsil indidən ürəyiyumşaqlıq edir. Məhz bu hissin nəticəsində ermənilər bizə qarşı yuxarıda oxuduğumuz kimi dəfələrlə qırğınlar törədiblər. Bundan sonra düşmənə sərt olmalıyıq ki, tarixdəki faciələrimiz təkrarlanmasın. Bir də yaradandan bircə diləyim var: “İlahi, nə etsən sən mənə eylə, İlahi, bu xalqla işin olmasın!” Bu mənim devimizdir! Təhrif üçün şairin ruhu bağışlasın. Noyabr 2020