Qarabağa - Ağdama qayıdan "Sona bülbüllər"

Böyük xanəndə Qədir Rüstəmovun doğum günü Ağdamın işğaldan azad olunduğu günə təsadüf etdi. Təsadüfmü, zərurətmi? Yaşasa idi, Vətən yanğılı, Ağdam həsrətli Qədir üçün bundan gözəl doğum hədiyyəsi olmazdı! Qədir əslən Şuşalıdır. Ailəsi 1915-ci ildən sonra Ağdama köç edib. O, 1935-ci ildə Ağdamda anadan olub. Atası Çərkəz kişi və anası Südabə xanımın 9 uşağı - 5 qızı, 4 oğlu olub. Qədir evin 3-cü uşağı idi. Genetik olaraq onların hamısının gözəl səsi olub. Həyətlərini konservatoriya adlandırırdılar. Əbülfət Əliyev, Bahadur Mehrəliyev, qardaşı tarzən Nadir Rüstəmov bir yerə yığışanda çal-çağır olurmuş. Qonşular yığışaraq onlara qulaq asarmışlar. Qədir 11 yaşından oxumağa başlayıb. Artıq yeniyetmə vaxtlarında Ağdamda tanınıb. Qədirin ilk müəllimi Bahadur Mehrəliyev olub. O, Qarabağın bütün toylarında, el şənliklərində Xan Şuşinksi ilə bərabər iştirak edib. Bir gün Bahadurla Şuşinski birlikdə toy aparırmışlar. Bahadur kişi Qədiri də özü ilə həmin toya aparıb. Xan ona deyib ki, “ay qara oğlan, oxu görək, səsini yaman tərifliyirlər. Görək, nə qüdrətə maliksən“. Qədir orada “Qarabağ şikəstəsi”ni oxuyub. Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy-buxunun yaxşıdır, əgər sözə baxan olsan, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”. Bu vaxt həmin toya Seyid Şüşinski də gəlir. Ona deyiblər ki, bu oğlana qulaq as. Qədir ikinci dəfə “Çahargah” oxuyub. Seyid Qədiri dinlədikdən sonra onu Bakıya dəvət edib. Bakıda Qədir Hacıbaba Hüseynovun sinfində oxumağa başlayıb. Ancaq iş elə gətirib ki, təhsilini başa vura bilməyib. Solfeciodan kəsildiyinə görə onu musiqi məktəbindən uzaqlaşdırıblar. Ağdama qayıdan Qədir Üzeyir Hacıbəyov adına Konservatoriyaya daxil olub. Daha sonra “Şur” ansamblında oxumağa başlayıb. Həmin ansambl ilə Bakıda konsert verməyə gələrkən tarzən Əhsən Dadaşov onu çox bəyənib. Qədir oxuyanda Əhsən müəllimi ağlamaq tutub. Deyib ki, “məni indiyə kimi heç bir xanəndə belə kövrəltməmişdi. Sən gərək mənimlə birgə işləyəsən. Səni bir az da mən tanıdacağam”. Qədir orada “Sona bülbüllər”i oxuyanda bəstəkar Ağabacı Rzayeva necə ağlayıbsa, ürəyi tutub, ona su veriblər. Əhsən müəllim Qədirin üzərində işləyəndən sonra “Sona bülbüllər”i yazdırıblar və plastinka şəklində satışa çıxarılıb. Beləliklə, Qədir ”Sona bülbüllər”lə məşhurlaşıb. O, adətən, bəstəkar mahnıları oxumurdu. Fikrət Əmirovun “Reyhan” mahnısını oxuyanda çox adam elə bilib ki, bu, xalq mahnısıdır. Fikrət Əmirovdan Türkiyədə müsahibə götürərkən o bildirmişdi ki, ən çox ürəyinə yatan mahnı “Reyhan”dır ki, onu Qədir kimi heç kəs ifa edə bilmir. Emin Sabitoğlu isə deyirdi ki, kaş bütün sənətkarlar Qədir kimi el mahnılarına ürək qoyaydı, məlahətlə oxuyaydı. Niyazi isə bildirirdi ki, Qədir müəllimin “Sona bülbüllər”inə qulaq asmağa bir ömür bəs etmir. Aqil Abbas Qədir dünyasını dəyişəndə: “Qədir müəllim bizdə qalan “Qarabağ” idi. Bunu da itirdik”, - deyirdi. Firudin Şuşinski yazırdı ki, Qədir Şuşada ilk muğam məktəbinin qurucusu Xarrat Qulunun sonuncu şagirdidir. Ürəyi Vətən həsrətilə vuran, son nəfəsində belə "Ağdam" sözü vücuduna diriliş gətirən Qədir yaşasa idi, Ağdamın işğaldan azad olunduğu xəbəri onun üçün ən böyük hədiyyə olardı. Ruhu şad olsun. Ağdamımızın işğaldan azad olunması xəbərini kaş bütün vətən həsrəti ilə dünydan köçən şəxslər eşidə biləydi... Kaş Xudu Məmmədov eşidə idi, kaş Şahmar Əkbərzadə eşidə idi, kaş qardaşım eşidə idi... Ürəyi Vətən nisgilli, gözü Ağdam həsrətli şəhidlərimizə çata idi bu xəbər. Onun - Qədir Rüstəmovun da son arzusu Ağdamdakı evini görmək idi. Bu gün ruhu şaddır, ümid edirəm. Həyat yoldaşı deyirdi: "Qədir Rüstəmov Türkiyədə xəstəxanada komada ikən Aqil Abbas onun yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş edir ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib deyir, ay Qədir, Ağdamı ermənilərdən alıblar, aç gözlərini, dur gedək!" Bu vaxt Qədir Rüstəmovun əli tərpənməyə başlayır. Yəqin ki, Aqil Abbas bilirmiş Qədir oyanmayacaq, sadəcə, istəyib ki, barı öləndə xoşbəxt ölsün... Kim nə deyir, desin, "Ağdam" deyəndə mənim yadıma düşənlərdən biri də Q.Rüstəmov olur. Yurd həsrətli, vətən sevgili "Sona bülbüllər" olur. Ruhun şad olsun Qədir, artıq sənin yurdun azaddır. Sona bülbüllərin azaddır. "Elə yar, yar" deyəndə səni də deyirlər. Ağdam "Azad olundu" xəbərinə, yəqin ki, bütün ruhlar sevindi - Qədirin ruhu da... artıq Ağdam üçün yeni dövr başlayır. Ağdam! Gözəl Ağdam! Qarabağın Ağdamı! Azərbaycanın Ağdamı! Qürurlu Ağdam! Ağüzlü Ağdam! Çox inanıram ki, tezliklə o gözəl şəhər yenidən qurulacaq, Ağdama qaynar həyat qayıdacaq. O qaynar həyatın içində mədəniyyət müəssisələri də öz ziyarətçilərini qəbul edəcək və Qədir Rüstəmovun "Sona bülbüllər"i yenidən orada pərvaz edəcək!