"Yığıb ulduzları bir “Ulduz”a, abad elədin"

Müsahibələrindən birində bildirmişdi ki, məğlub xalqın nümayəndəsi kimi Qarabağ haqqında istədiyi əsəri yaza bilmir,  nikbin əhval-ruhiyyə ilə  yazmaq üçün qələbəni gözləyir.  Arzusuna çatdığına görə yəqin ki, Qulu Ağsəs yeni əsərlərilə oxucularını sevindirəcək. Ədəbiyyatın ondan öz töhfəsini alacağına inanırıq. Qələbənin yaratdığı xoş ovqatın təsiri ilə dostlarının onun haqqında yazdıqlarından bəzilərini topladıq. Yalnız zarafatyana fikirlərin seçilməsinin digər bir səbəbi də mətndə açıqlanır. Haqqında söylənilənlərin eləsindən başlayaq ki, bu eyni zamanda Azərbaycanın ziyalı xəzinəsinin ağırlığının çəkisində onun da yerinin olduğunu bildirsin. Başlayaq Emin Pirinin dediyindən: “Türklərin İbrahim Tatlısəsi varsa bizim də Qulu Ağsəsimiz var”. Burda məqsəd səsi vurğulamaq olmasa da yeri gəldiyindən deyək ki, şairin təxəllüsü kimi səsi də gözəldir. Vaqif Yusifli isə onu bu cür təqdim edir: “... Zamanın Qulu Ağsəsə zərrə qədər təsiri olmayıb desəm, inanın mənə. Zahirində heç bir plastik əməliyyat aparmayıb, eynəyi həmişə gözündədir, hərəkətləri, rahi-rəvişi (yolu, üsulu) eynən cavanlığındakı kimidir”. Fərid Hüseynin: “Daim işdən qovulmuş adam kimi yeriyən, otağında hamını xoş üzlə qarşılayan, sakit və nizamlı danışan Qulunun başının altında “nələri” varmış” deməsi ilə, deyəsən, Rəşad Məcidin “Qulu Ağsəsin hoqqaları” adlı yazısının əlaqəsi var. “Qulu Ağsəsin poeziyası kimi rəhbərlik etdiyi jurnal da öz məxsusi keyfiyyətləri ilə seçilir. Oxucu marağını artırmaq məqsədilə baş redaktorun səyləri, onun həm də naşir və iqtisadçı bacarığını ortaya çıxarır” deyən Balayar Sadiqin bu qənaətini Əsəd Cahangir də təsdiqləyir: Afərin, ey Qulu Ağsəs, bizə imdad elədin, Böylə jurnal buraxıb, tazəlik icad elədin. Nə əcəb, doğdu sözün göylərində ulduzumuz, Yığıb ulduzları bir “Ulduz”a, abad elədin. Redaktor özü isə bunun elə də asan olmadığını bildirir: “Dədə, səhərdən  maşını saxlamağa yer tapa bilmirəm... Biri də yapışıb ki, mənim şeirlərim "Ulduz"da nə vaxt çıxır?” Necə inanmayasan, Qəşəm Nəcəfzadə “hadisəni” təfərrüatları ilə çatdırır. Əvvəlində Qulu müəllimin həmin gün sözünü deməmişdən qabaq əlini ağzına tutub xeyli güldüyünü, onları da güldürdüyünü, həmişə sözü gülüş tərəfindən tutduğunu yazır. Hə, bax biz də Qulu Ağsəsin həmişə sözün gülüş tərəfini tutduğunu bildiyimizdən haqqında yazılanlardan məhz bunları seçdik. Q.Nəcəfzadə bir də yazır ki: “Qulu mənə "Fillər mənim dostumdur" filmindəki həkimi xatırladır. Qayğılı və eynəkli. Sahibinin uşağı xəstələnir, fil gəlir ki, həkimi aparsın, di gəl həkimi başa sala bilmir. Əlacsız qalan fil həkimin çantasını xortumuna alıb xəstənin yanına qaçır. Həkim də çantanın dalınca yüyürür. İndi Qulunun da balaca çantası var, asta-asta yeriyir, heç hara tələsmir. Hərdən götürüb qaçmaq istəyərəm onun çantasını. Aparıb qoymaq istəyirəm Ağdama”. Yəqin Qəşəm müəllim indi çantanı götürüb aparmağa hazırlaşır. Amma dediyi kimi qaçmasın, asta-asta getsin Ağdam artıq işğaldan azad edilib. Ağdamla bağlı yeni layihələr düşünənlərin sırasında İlqar Fəhmi də var. “Qulu Ağsəsin üçüncü kitabı Bakıda nəşr olundu, dördüncü, beşinci, altıncı kitabları Ağdamda çap olunacaq, İmza günü də Abdal-Gülablıda keçiriləcək. Qulu Ağsəs gəzəyən kişi deyil. Amma qələmi oxucunun əlindən tutub özünün də görmədiyi yerləri gəzdirə bilir”. Etibar Cəbrayıloğlu isə Qulu müəllimi təhdid etməklə məşğuldur: “Səni birinci gün deyil ki, tanıyıram, Qulu Ağsəs... Məhkəmə adı eşidən kimi Aqil Abbası, Rəşad Məcidi, Rey Kərimoğlunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətçi göndərəcəksən. Elə mən özüm də mübahisənin məhkəməyə qədər gedib çıxmasını istəmərəm. Hər halda səninlə bir yerdə yarım ton söz yemişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki dostlarımızdan sənin xahişini edərəm. Amma bəs Kənd Təsərrüfatı Nazirliyinin məhkəmə iddiası necə olsun? Qulu, axı mənim ASAN Xidmətdə çalışan dost-tanışım yoxdu. Təzə şeir yazanda bunları nəzərə al. Oldumu, qaqa?” Onların işlərinə biz qarışa bilmərik. Maşallah xeyli dostları var, özləri bilərlər, inanırıq ki, hər şey sülhlə bitəcək. Qarabağ kimi çətin məsələ həll olundusa, daha heç kəsə zaval yoxdur. Rast gəldiyimiz bir-iki fikir də oldu ki...üz-üzə gəlməmək üçün yolumuzu o üzdən saldıq. Qulu Ağsəsin dostları haqqında özünün yazdıqları isə əməlli-başlı təqdiqat işi tələb edir.  Görək də. Bəlkə, başladığımız bu "layihəni" gələcəkdə də davam etdirdik... 20 noyabr 2020