Təbrizə aparan yollar…

Vətən həsrətiylə qovrulan ürəklərin pıçıltıları

O gün özümü çox narahat hiss edirdim. Çox bərk sıxılırdım. Üstümə sanki dağ uçmuşdu. Elə bil, məni boğurdular. Səbəbi özümə aydın idi. Bir az əvvəl atam və onun mən uşaq olarkən danışdıqları, xüsusən İranla bağlı söylədikləri bir-bir gözümün önündən lent kimi gəlib keçmişdi. Atamı Cənubi Azərbaycanla bağlayan tellər var idi. Doğma dayısı Mirmansur ağa o vaxtlar Ərdəbilin şeyxi olmuşdu. Oğlanları şah rejimi zamanı yüksək vəzifələrdə işləmişdilər. Keçən əsrin otuzuncu illərində atam tez-tez Ərdəbilə, Təbrizə səfər edər, dayısını ziyarət edərmiş. Orayla bağlı danışdığı xatirələri indi də qulaqlarımda cingildəyir…
Qəfil telefon zəngi məni xəyallardan ayırdı. Şair qardaşım İqbal Nemətin nömrəsi idi. Telefonu açdıqda şair Sakit qağamla hər ikisi birdən dilləndi: “Salam Seyyid”. Bir az hal-əhval tutduqdan sonra dedilər: “Fikrimiz var ki, Cənubi Azərbaycana səfər edək və Ustad şairimiz Şəhriyarın məzarını ziyarət edək”. Bu xəbərdən çaşıb qaldım. İlahi, bu gerçək idimi? Yoxsa yuxumu görürəm. Bunlar hardan bildilər ki, mən bu vəziyyətdəyəm. İllərlə qovuşa bilmədiyim arzuma günəş doğmuşdu. Nə deyəcəyimi bilmədim. Bunlar mənim susduğumu görüb:-Nə oldu Seyyid, razı deyilsən? Haçandan haçana özümə gəlib düşüncələrimi az da olsa bunlarla bölüşdüm. Daha kimlərin gedəcəyini soruşmadım. Və məmnunluq hissiylə sağollaşdıq.
Bir azdan şair İdris qardaşıma bu barədə danışdım. İdris “Arxanızca piyada gələcəyəm”, -dedi. Dedim piyada yox, İqbala deyərəm səni də dəvət edər. Sən demə, İdris qardaşımızın da ürəyincə imiş. Onun da çoxdankı arzusuymuş ki, Ustadın məzarını ziyarət etsin, Cənubi Azərbaycanımızın tarixi memarlıq abidələrini öz gözləri ilə görsün…
Qələm dostumuz, gözəl insan Mərdan Dadaşlı bir az ağrıdığından, təəssüflər olsun ki, bizimlə gedə bilmədi.

…Nagahani bir şölədən, şəfəqdən sanki gözlərimiz qamaşır. Dağın əzəmətli zirvəsinin hər iki tayında gözümüzə şimşək kimi parlayan iki qılınc görünür. Hayqırtı səslərinin içərisindən Babəkin, Xətainin sanki indi qınından sıyrılmış qılınclarının qanlı qəbzələri görünür, yenidən düşmənə meydan oxuyur, zəfər nəğmələrini nəsillərə, soylara-ürəyi para-para olmuş Azərbaycana oxuyur!

Bibioğlu, qələm həmkarımız Hacı Mirsəfərin bizimlə getməyi işlərmizi daha da asanlaşdırdı. Orda bizə bir ağsaqqal, yol göstərən vacib idi. Mirsəfər qardaşımız uzun illərdir ki, İranla əlaqədədir. Dayısı rəhmətlik Mirdövlət ağa Ərdəbil şəhərindən idi. Ailəsi indi də orda yaşayır. Bir sözlə, hər şey gözəl idi…
Bir yerə toplaşıb İrana doğru yol aldıq. Sevincimizin həddi-hüdudu yox idi. Sanki qanad açıb uçurduq. Burdan ora kimi zarafatlaşdıq. Sanki heç o insanlar deyildik. Qəribə bir durumdaydıq. Maşınımız Astaraya doğru şütüyür… Astaraya necə çatdığımızdan xəbərimiz olmadı. Xoşbəxtlikdən keçid məntəqəsində növbə yox idi. Əlüstü bir tikə çörək yeyib, gecə ikən Ərdəbilə yola düşdük. Qaranlıq olduğundan ətrafı görə bilmirdik. Maşındakı sıxlıq, yorğunluq bizim sevincimizi poza bilmirdi. Yolun necə keçdiyindən xəbərimiz olmadı.
Azərbaycanın qədim, tarixiliyini qoruyub saxlayan şəhərlərindən biri Ərdəbilə gecə çatdıq. Yorğunluğumuz hiss olunmurdu. Yatmaq haqqında fikirləşmirdik. Bir-birindən maraqlı söhbətlərdən doymurduq. Beş ruh adamının bir yerdə olması belə də olmalı idı.
Səhəri Ərdəbilin otelə yaxın yerlərini tələm-tələsik gəzdik. Qədim Şərq üslubu ilə tikilmiş üstüörtülü Ərdəbil bazarı bizi heyran eləmişdi. O bazar ki, atamın xatirələrində xüsusi yer tuturdu. Atamın izini axtarırdım. Özümdə deyildim…
Bir azdan Cənubi Azərbaycanımızın paytaxtı Təbriz şəhərinə doğru yola düşdük. Xoşbəxtlikdən sürücümüz Salman da söz adamı çıxdı. Yol boyu bizimlə bərabər şeirlər söylədi. Şairlərimizin Vətən həsrətli şeirləri onun ürəyini titrədirdi.
Arabir zarafatlaşsaq da, hər birimizin içində bir ağrı, bir nisgil olduğu üzümüzdən bilinirdi.
Ulu Savalanın ətəyindən keçəndə maşını saxlatdırdıq. O Savalan ki, Perimbel dağlarından zirvəsinə həsrətlə boylanırdıq. İndi isə düz yüz-yüz əlli metr yaxınlığındayıq, qoca Savalanın. Yenə də başı qarlı, sinəsi dumanlı, sisli.. Əzəl başdan qismətinə, taleyinə yazılıbmış kimi, qarla, buzla süslənmiş, ancaq vüqarlı, əzəmətli cüssəsi ilə tarixlərə meydan oxuyan çalın-çarpaz dağlı, nisgilli SAVALAN! Param-parça olmuş tarixlər şahidi, ikili Azərbaycanımın simvolu, mücəssəməsi!
Beşimiz də kövrəlirik. İçimiz sızım-sızım sızıldayır. Bir anlıq özümüzü unuduruq. Maşınımız uzaqlaşsa da, boynumuz arxaya qanrılı qalır, həsrət gözlərimizi o məğrurluq mücəssəməsindən ayıra bilmirik.
Yadıma düşən, xatirimdə canlananları görmək istəyi iç dünyamı çulğalayır. Birdən nəsə düşünüb sürücüyə maşının sürətini azaltmağı xahiş edirəm. Ulu Savalanla qəlb dünyamın bu sehrli görüşümün zamanını bir az da artırmaq, uzatmaq istəyirəm. Kim bilir, bəlkə də… Görəsən, belə görüşə ömür bir də vəfa edəcəkmi?!!! Kim bilir…
Diksinirəm. Sanki anlaşılmaz, sehrli səslər- şərqilər, ürəkparçalayan ağılar qulağıma yetişir, məni ovsunlayır. Maşından düşürəm. Ürəyimi tutub Savalana boylanıram, dağın sanki mənə ərməğan sovqat göndərdiyi, buzlu-sərinli mehini, küləyini ciyərlərimə çəkirəm. Dostlarım bu halımı görüb maşından yerə düşürlər. Üzlərindən mənim keçirdiyim halları keçirdiklərini görməmək üçün gərək kor olasan. Hər kəs susur…
Bayaqkı anlaşılmaz sehrli səslər sanki gerçəkləşir, oğlunu itirmiş şəhid anasının naləsinə, bir an sonra isə Şah Xətainin, Babəkin hayqırtısına çevrilir.Zamanında qayalara, dağlara söykənmiş bu şərqi-ağılar, bu ərən nərələri yenə öz əzəli məkanına–qayalara qayıdır, əbədiləşir, susur. Bir-birimizdən xəbərsiz hamımız dərindən “ah” çəkirik. Hamımız dönüb yenidən Savalanın zirvəsinə həsrətlə boylanırıq. Gecə qayıdacağımızı bildiyimizdən doyunca baxmaq istəyirik…
…Nagahani bir şölədən, şəfəqdən sanki gözlərimiz qamaşır. Dağın əzəmətli zirvəsinin hər iki tayında gözümüzə şimşək kimi parlayan iki qılınc görünür. Hayqırtı səslərinin içərisindən Babəkin, Xətainin sanki indi qınından sıyrılmış qılınclarının qanlı qəbzələri görünür, yenidən düşmənə meydan oxuyur, zəfər nəğmələrini nəsillərə, soylara-ürəyi para-para olmuş Azərbaycana oxuyur! Bu şəfəq , bu nur, elə bil, bizi- Vətəndən Vətənə yadelli kimi gəlib, elə qərib bir mehman kimi də Vətənin o biri üzünə qəm-qüssə ilə dönən bir vətən oğullarının ağrılı qəlblərində bir ümid çırağına dönür, gələcəyə, birliyimizə olan bir ümid çırağına!..
Təbrizə yaxınlaşdıqca həyəcanımız daha da artır.Uşaqlıqdan haqqında oxuduğumuz, eşitdiyimiz,şəninə yüzlərlə əsərlər yazılan qədim Təbriz şəhəri! Səfalılığı, gözəlliyi ilə ad çıxaran möhtəşəm şəhər! Bol məhsullu bağ-bağatı, yay-qış kəhrizlərindən dumduru su axan, hovuzlarında yaşıl həmayilli göyərçinlər çimib-oynadığı gözəllik şəhəri! Təbriz müxtəlif zamanlarda müxtəlif dövlətlərin paytaxtı olsa da, bizim üçün Cənubi Azərbaycanımızın, eləcə də azərbaycanlıların əbədi, əzəli mənəvi və mədəni paytaxtıdır. Bəzi mənbələrə görə Təbriz sözünün etimologiyası “tab”-işıq, “riz”-saçan, yəni işıqsaçan deməkdir. Təbriz şəhəri üç tərəfdən – şərqdən Surxab, qərbdən – Yanıq, cənubdan – Səhənd dağlarının ətəkləri ilə əhatə olunmuşdur…
İlk olaraq niyyətimizin ardınca, Ustad Şəhriyarın Şairlər məqbərəsindəki məzarını ziyarətə getdik. Deyilənlərə görə, Şəhriyardan başqa o taylı-bu taylı 410 şair bu məkanda dəfn olunub. Təəssüflər olsun ki, zəlzələlər, sel fəlakətləri zamanı qəbirlərin çoxu məhv olub. İçəri daxil olduq. Ustadın məzarı üstündə dualar oxuduq. Ürəyi ölənə kimi Azərbaycanla döyünən, Bakı həsrətiylə dünyayla vidalaşan Ustad Şairə Şimalı Azərbaycan adından salam dedik . Yəqin ki, onun ruhu bizi duydu, sevindi, şad oldu. Şairin öz şeirlərindən, eyni zamanda öz yazdığımız Vətən həsrətli şeirlərdən parçalar oxuduq.
Ziyarətdən sonra Təbrizin bazarlarına baş çəkdik. Dükanlardan başqa alverçilər küçələr boyu satdıqları əşyaları yolların qıraqlarına düzüb al-ver edirdilər. Bir az sonra möhtəşəm “Şah gölü” adlanan məkana yollanırıq. Deyilənlərə görə, o zaman Şah Pəhləvi bu gölü düzəltdirib oğluna hədiyyə edib. “Şah gölü” ifadəsi yerli camaatın acığına gələn ifadədir. Gölün adını dəyişdirib “El gölü” qoyub xalq. Bu göl turistlərin daha çox maraqlandığı yerlərdən biridir. Doğrudan da, çox gözəl düzəldilib. Göl və onun ətrafında salınan park gecələr daha möhtəşəm görünür. Gölün yaxınlığındakı restoranlardan birində şam yeməyi yeyib, Təbrizlə vidalaşırıq. Üzü Ərdəbilə doğru maşınımız irəliləyir. Gecə olduğundan yol boyu bizi təqib edən nə Savalanı, nə də digər dağları görə bilirik. Ərdəbilə gecə çatdıq. Gecəni birtəhər yola verdik. Hamımız sübh namazından xeyli əvvəl oyanmışdıq. Səhər yeməyindən sonra gəzintiyə çıxdıq. Şeyx Səfi məqbərəsində olduq.Şah İsmayılın və doğmalarının məzarlarını ziyarət etmək istədik. Bizim hər birimizdən 80 min İran tüməni pul istədilər. Sözün doğrusu, bu hamımızın heysiyyətinə toxundu. Məsələ pulda deyildi. Əsl məsələ ayrı-seçkilikdə idi. Yerli əhalidən bir-iki manat pul tələb olunursa, bizdən niyə bu qədər?! Nə isə… müəyyən yerləri ziyarət edib geriyə-üzü Astaraya doğru yola düşdük. Heç kim dinib-danışmırdı. Hər kəs öz dünyasında idi. Heç birimizin heç kimin düşündüklərindən məlumatı yox idi. Elə bil, İrana gedən o şən insanlar deyildik. Burdan ora kimi deyib-gülən, zarafatlardan doymayan bu şairlərin üstünə od ələnmişdi sanki… Səbəbini isə kimsə dilə gətirib deyə bilmirdi. Bircə onu bilirdik ki, hamımız eyni şeyləri düşünürük. Yol boyu iki qardaşı bir-birindən ayıran tikanlı məftillərin tikanları ox olub batırdı ürəyimizə. Ərdəbilə gecə getdiyimizdən sərhəd tellərini görə bilməmişdik. Belə şeymi olar, İlahi?!! Qardaşla qardaş arasında da sədd qoyularmı?
Qarabağ gözümüzün önünə gəlir. Düşmən torpaqlarımızı zorla əlimizdən alıb, ata- baba yurdlarında istədiyi kimi at oynadır .Haqdan, ədalətdən dəm vuran “Dünya birliyi” bütün bunlara göz yumur. Görəsən, nə vaxta kimi bu ağrı-acılara dözəcəyik , Allah!! İtirə-itirə gedirik hələ…
Gedəndə toya gedənlər kimi gedən insanların üzlərində sevincdən əsər-əlamət qalmamışdı. Sanki yasdan qayıdırdıq. Özü də əcəli ilə yox, faciəli şəkildə həlak olan bir insanın yasından. Əslində bir insanın yox, 50 milyondan artıq bir xalqın param-parça olmuş mənəvi yasından qayıdırdıq. Nə qədər ki, iki qardaş arasında bu gözəbatan məftillər var, nə qədər ki, Qarabağ, Zəngəzur, Göyçə mahalı birləşib vahid dövlət şəklində olmayacaq, elə yas içində də qovrulacağıq.
Maşınımız Astaraya çatır, qardaşları bir-bir salamlayıb yola salan keçid məntəqəsi bizi yoxlayıb keçirəcək, bir azdan “öz torpağımıza” qədəm qoyacaq, üzgün halımızla öz maşınımıza minib yaşadığımız ünvana yol alacaq, bir müddət özümüzə gəlməyəcək və bütün bunların bir qismi göz yaşları altında mənim qələmimdən vərəqlərə köçürüləcək. O vərəqlərə ki, ağrı-acıları nə qədər yazsaq da tutmayan vərəqlərə…

Süleyman Əliyev,

Perimbel kənd orta məktəbinin müəllimi