Hazırda Azərbaycan cəmiyyəti qarşısında duran vacib məsələlərdən biri gənc nəslin mənəvi tərbiyəsi, gənclərimizin öz vətəninə, dövlətinə layiqli vətəndaş kimi böyüməsidir. Son illər şahidi olduğumuz hadisələr, xüsusən 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında bütün torpaqlarımız üzərində suverenliyimizin təmin edilməsi Azərbaycan gəncliyinin vətənpərvərliyini, öz torpağını, dövlətini müdafiə etmək üçün canından belə keçməyə hazır olduğunu göstərdi. Lakin gənclərin vətənpərvərlik tərbiyəsi həmişə diqqət yetirilməli, təkmilləşdirilməli bir fəaliyyət sahəsidir. Bu baxımdan tarix şəxsiyyətin mənəvi tərbiyəsi sistemində müstəsna rola malik bir elm sahəsidir.
Hər bir insan mənsub olduğu xalqın tarixi irsini bilməli, onun dəyərlərinə, adət-ənənələrinə hörmət etməlidir. Bu işdə məktəbin, mədəni-maarif müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Gənclərdə vətənpərvərlik hissələrinin aşılanması, onların vətənə sadiq ruhda tərbiyə edilməsi tarix fənninin əsas vəzifələrindən biridir. Orta məktəblərin tarix dərsliklərinin ekspert təhlili göstərir ki, bu dərsliklərdə öz əksini tapmış mövzu və materiallar ümumən şagirdlərdə xalqımızın qəhrəmanlıq keçmişinə məhəbbət ruhunda tərbiyə edilməsində mühüm rol oynayır. Lakin tarix təkcə olub-keçmiş hadisələri öyrənməklə məhdudlaşmır, onun əsas missiyası gəncə cəmiyyətin dəyərli üzvü kimi formalaşmasına, onun milli mənlik şüurunun təşəkkül tapmasında kömək etməkdən ibarətdir. Tarix həm də insana özünü duymağa, dərk etməyə və dünyagörüşünü inkişaf etdirməyə yardımçı olan bir vasitədir. Niyə görə bəzi insanlar başqalarının dəyərlərinə hörmət göstərmir? Çünki öz dəyərlərinə hörməti yoxdur. Bu baxımdan tarixçinin əsas vəzifəsi yeniyetmə gənclərdə tədris etdiyi fənnin vasitəsilə, tarixi təcrübənin gənclərə çatdırılması yolu ilə onlarda mənəvi keyfiyyətlərin aşılanmasıdır. Bu zaman müəllim uşaqlara öz dəyərlər sistemini zorla qəbul etdirməyə can atmamalı, o, şagirdlərə tarixi həqiqətləri dərk etməkdə kömək etməli, tarixi hadisələrə mənəvi qiymət vermələri üçün onları necə deyərlər müvafiq alətlərlə silahlandırmalıdır.
Müəllim tarixi materiallara istinad edərək, müxtəlif tarixi dövrlərin mənəvi dəyərlərinin mahiyyətini və məzmununu gənclərə çatdırmağa bacarmalıdır. Ancaq eyni zamanda müəllim hər hansı məhdud milli hisslərdən uzaq olmalı, digər xalqların və sivilizasiyaların dəyərlərinə tolerant münasibətin tərbiyəli insanın əsas keyfiyyətlərindən biri olduğunu onlara daim vurğulamalıdır.
Məhz tarix vasitəsi ilə gənclər öz mənəvi dünyalarını genişləndirmək və yüksək insani dəyərləri mənimsəmək imkanı qazanırlar.
Şagirdlərdə mənəvi dəyərlərin aşılanması müxtəlif yollarla baş verir. Bu yollardan biri də müəllimin öz şəxsiyyətini tərbiyə etməsidir. Vaxtilə V. Klyuçeviski deyirdi ki, müəllim həm tədris etdiyi fənni, həm də dərs dediyi uşaqları sevməlidir. Yalnız bu şərtlər daxilində şagirdlərdə tarix dərsinə maraq və sevgi oyatmaq olar.
Tarixi tərbiyənin əsas vəzifələrindən biri də tarixin canlı şəkildə uşaqlara çatrdırılmasıdır. Gənclərin tarix dəyərlərə hörmət hissinin aşılanmasına tarixi və mədəni irs nümunələri mühüm rol oynayır. Bu baxımda şagirdlərin öz yaşadıqları rayonda, kənddə, şəhərdə mövcud olan tarixi abidlərlə canlı təmasının qurulması xüsusi əhəmiyyət kəsb edir. Çox təəssüf ki, əksər müəllimlər öz vəzifələrini yalnız tədris proqramında nəzərdə tutulmuş materialı uşaqlara çatdırmaqla bitmiş hesab edirlər. Halbuki, gəncləri yaşadıqları ərazinin tarixi, arxeoloji, mədəni, dini abidləri ilə tanış etmək hər bir müəllimin əsas vəzifələrindən biri olmalıdır. Çox təəssüf ki bu məsələyə bizim ölkəmizdə kifayət qədər əhəmiyyət verilmir. Gəncləri müntəzəm olaraq tarixi yerlərə ekskursiyalara aparmaq, tarixi və mədəni abidələrin dəyərini onlara çatdırmaq gənclərdə öz vətəninə, torpağına bağlılıq hissini artırmaqla yanaşı, onların bu abidələrin qorunması işinə cəlb edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Beləliklə tarixin öyrənilməsi düzgün mənəvi qərarların axtarılıb tapılmasına, mənəvi özünüqiymətləndirmənin stimullaşdırılmasına yönəlməlidir. Tarix dərsləri mənəvi həqiqətin əldə olunması üçün konkret nəticələrə gətirib çıxarmalıdır.
Əlbəttə, gənc nəsildə tarixi dəyərlərin aşılanması vəzifəsini təkcə məktəblərin üzərinə qoymaq olmaz. Bu ümumdövlət işində məktəbdənkənar müəssisələr, gənclər təşkilatları, ictimai təşkilatlar da öz çiyinlərini daşın altına qoymalıdırlar. “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin fəaliyyət sahələrindən biri də məhz gənclərdə tariximizə, onun dəyərlərinə məhəbbət ruhunun gücləndirilməsi üçün konkret proqramlar hazırlayaraq həyata keçirməkdən ibarətdir.
Kamran İsmayılov
“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.